75 il öncə, 1945-ci ilin may-iyun aylarında Moskvada, Alman faşizmi üzərində qələbənin şərəfinə keçirələcək parada ciddi hazırlıq işləri başlanıb...
Mayın 24-də Kremldə keçirilən müşavirədə İosif Stalin Müdafiə komissarlığının (nazirliyinin) rəhbərlərinə paradla bağlı təcili olaraq təkliflərin hazırlanmasını göstəriş verib. Bir neçə günlük gərgin çalışmalardan sonra yüksək vəzifəli hərbçilər Qələbə paradının keçirilməsi ilə bağlı təklifləri Stalinə təqdim ediblər.
Təkliflər planının bütün bəndləri ilə razılaşan Stalin yalnız paradın keçirilmə tarixi ilə bağlı dəyişiklik edib. Belə ki, təkliflər planında parada hazırlaşmaq üçün 2 ay müddət göstərilib. Stalin isə bu müddəti azaldaraq Qələbə paradını iyunun 24-nə təyin edib.
Paradda iştirak edəcək şəxsi heyətə yeni formaların tikilməsi, Qızıl meydandan keçəcək texnikaların hazırlanması və digər təşkilati məsələləri bir aya həll etmək sözsüz ki, təşkilatçılara kifayət qədər böyük gərginlik yaşadıb.
Beləliklə, Ali Baş Komandanın əmrinə əsasən, 24 iyun 1945-ci il tarixinə təyin edilən Qələbə paradının keçirilməsi ilə bağlı doqquz bənddən ibarət xüsusi direktiv hazırlanıb. Ayrı-ayrı qoşun növlərinin şəxsi heyətləri Qızıl meydanda məşqlərə başlayıblar, hərbi texnikaların paraddan keçidi üçün hazırlıq işləri görülüb, dəvət olunacaq qonaqların siyahısı hazırlanıb, Qələbə paradı ilə bağlı Stalinin adından veriləcək rəsmi ziyafətin keçiriləcəyi yer, iştirak edəcək incəsənət nümayəndələri və menyu təsdiqlənib, Moskva Trikotaj Kombinatı üçnövbəli iş rejimində hərbi formalar tikib. Bir sözlə ifadə etsək, bütün Moskvada parad gərginliyini yaşayıb.
Hazırlıq işlərinə Stalin birbaşa özü nəzarət edib, hər gün, bəzən isə gündə bir neçə dəfə parada hazırlıqla bağlı kabinet müşavirələri keçirib.
Qələbə paradının hazırlanmasına məsul olan şəxslərdən biri də SSRİ Silahlı Qüvvələrinin arxa cəbhə idarəsinin rəisi, Müdafiə komissarının müavini ordu-generalı Andrey Xrulyov olub.
Andrey Xrulyov 1892-ci ildə Peterburqda (Sankt Peterburq) anadan olub. Orta təhsilini başa vurduqdan sonra hərbi təhsil alıb. Xidmətə 11-ci diviziyanın siyasi şöbəsinin rəisinin köməkçisi vəzifəsində başlayıb. 1934-cü ilə qədər hərbi birləşmələrdə siyasi idarə, maliyyə və təchizat xidmətlərində çalışan Xrulyov, həmin il Müdafiə komissarlığının maliyyə idarəsinə rəis təyin edilib. 1939-cu ildə komissarlıqda təchizat idarəsi yaradılanda, Stalinin təşəbbüsü ilə bu idarəyə rəhbərlik Xrulyova həvalə olunub. 1941-ci ildə isə o, yenə də Stalinin təşəbbüsü ilə daha yüksək vəzifəyə, Müdafiə komissarının müavini, arxa cəbhə idarəsinin rəisi vəzifəsinə təyinat alıb.
Xidməti illərində generalın adı heç bir qalmaqallı hadisələrdə, konfliktlərdə hallanmayıb. Tutduğu vəzifəyə görə Silahlı Qüvvələrin təminat və təchizatına cavabdeh olan Xrulyov, orduya ayrılan maliyyə vəsaitlərinin bölgüsündə, xərclənməsində bir dəfə də olsun yeyinti faktının aşkarlanmasına yol verməyib. Hətta Lavrenti Beriya bir-neçə dəfə maliyyə məsələlərinə görə Xrulyovu “ilişdirmək” istəsə də, cəhdləri boşa çıxıb. “Təmiz əllər”inə görə Stalin Xrulyova böyük rəğbət bəsləyib, generala hörmətlə yanaşıb.
Müasirlərinin söylədiklərinə görə, Xrulyovda qeyri-adi təşkilatçılıq qabiliyyəti olub. Bir çoxları isə onu “hər şeyə qadir general” adlandırıblar. Müharibə illərində Xrulyov kabinetindən daha çox, cəbhələrdə olub. Döyüşən ordunun təminat problemlərini elə yerindəcə həll edib.
Qələbə paradına hazırlıq zamanı da Xrulyovun üzərinə böyük yük düşüb. Digərlərindən fərqli olaraq, o, heç vaxt işin çoxluğundan qorxmayıb və yorulmayıb. Elə bu ərəfədə də digərləri kimi gərgin görünməyib.
Hazırlıq ərəfəsində Xrulyov Stalin üçün üç hərbi forma tikdirib. Bu formalar Stalinin parada geyimi üçün nəzərdə tutulub. General formaları Kremlə gətirib, Stalinlə görüşəndən sonra ondan qəbul otağında olan formalara baxmağı xahiş edib.
Stalin qəbul otağına keçəndə simasında sərt bir ifadə yaranıb və üzünü Xrulyova tutub: "Xrulyov, bu tovuz quşlarının libasını xatırladan geyimlər kimin üçündür? Siz bunları mənə geyindirmək istəyirsiniz?"
General dərhal anlayıb ki, kifayət qədər parlaq rəngli və bahalı parçalardan tikilmiş formalar Stalinin xoşuna gəlməyib.
Stalin isə fikirlərini davam etdirib:"Mən 1418 gün davam edən müharibədə hansı kiteldə olmuşamsa, parada da həmin kiteldə çıxacam. Siz isə vaxtınızı belə boş şeylərə sərf etməyin. Mən sizi ağıllı bir general kimi tanıyıram. Siz isə ağlınıza nə gəlirsə, onu da edirsiniz".
Kreml sahibinin sözləri generalı tutub, o, formaları götürüb çıxanda, Stalin onu saxlayıb və deyib: "Parad zamanı Qızıl meydanda mikrafonları elə quraşdırın ki, səsimizi dünya eşitsin. Bütün dünya bilməlidir ki, odla oynamaq nə deməkdir".
Stalin özü də Xrulyovla sərt danışdığını anlayıb. Paraddan sonra keçirilən ziyafətdə generalın könlünü almaq üçün onun şərəfinə badə qaldırıb: "Mən təklif edirəm bu badələri əsl komandir, peşəkar hərbçi, müharibənin ağırlıqlarını çiyinlərində daşıyan general Xrulyovun şərəfinə qaldıraq. Böyük qələbənin təmin olunmasında Xrulyovun böyük rolu var..."
Andrey Xrulyov 1951-cü ildə hərbi xidmətdən istefaya çıxıb. O, 1951-1953-cü illərdə SSRİ tikinti materialları nazirinin müavini, 1953-1956-cı illərdə avtomobil nəqliyyatı nazirinin müavini, 1956-1958-ci illərdə isə tikinti nazirinin müavini vəzifələrində işləyib.
General 1962-ci ildə, 69 yaşında vəfat edib. Xrulyovun yandırılmış nəşinin külü Kreml divarlarına yerləşdirilərək, üzərinə xatirə lövhəsi vurulub.