“Bu gün Gürcüstanda epidemioloji vəziyyətin sakitləşməsi tendensiyası müşahidə olunur”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.
O deyib ki, bu müsbət dinamika rahatlanmağa əsas verməməlidir: “Gürcüstan artıq koronavirusun daxili yayılmasının səkkizinci həftəsindədir. Yeni yoluxma hallarının sayı gündəlik olaraq azalır”.
Mərkəz rəhbəri qeyd edib ki, COVID-19-un yeni dalğası proqnoz edilir və buna görə də bütün sahələr üzrə tam hazırlıq tələb olunur.
Qeyd edək ki, indiyədək qonşu ölkədə koronavirusa 647 nəfər yoluxub. Onların 372-si sağalıb, 11-i isə ölüb.