Bu gün Azərbaycan Cümhuriyyətinin ilk Baş naziri, xarici işlər naziri Fətəli xan Xoyskinin Tiflisdə şəhid edilməsindən yüz il ötür.
***
Azərbaycan Cümhuriyyətinin ilk Baş naziri Fətəli xan İskəndər xan oğlu Xoyski 1875-ci il noyabr ayının 25-də Şəki şəhərində doğulub. Fətəli xanın atası İskəndər xan əslən Güney Azərbaycanın Xoy şəhərindən olduğundan soyadları da buradan götürülüb. Qafqaza köçmüş İskəndər xan Şəkidə ailə həyatı qurub, çar ordusunun general-leytenantı rütbəsinə qədər yüksəlib.
Xoyskilərin tarixi
Xoyskilər ailəsinin üzvü Zahid xan nəsilləri haqqında xatirələrində belə məlumat verib:
“Bizim nəslimizin həqiqi adı Batmanqılınc Dünbülidir. Bu ailə Cənubi Azərbaycanda Xoy şəhəri mərkəz olaraq Urmiya, Təbriz, Qaradağ ölkələrində hökmdarlıq edirdi. 27 dekabr 1738-ci ildə İran şahı Nadirin Hindistan səfərinə qoşulan Əhməd xan Dünbüli 30.000 qoşunu ilə Nadir şaha kömək etmişdi. Bu səfərdən böyük zəfərlə dönən Nadir şah Əhməd xanla bir müqavilə bağlayıb... Əhməd xanın vəfatından sonra onun oğlu Cəfərqulu xan Cənubi Azərbaycanda böyük şöhrət qazanmışdı. İran şahı Ağaməhəmməd Qacar Qarabağda Şuşa şəhərində öldürüldü və onun yerinə qardaşı oğlu Fətəli İran şahı oldu. Fətəli şah (Baba xan) ancaq “hərəm” məsələsi ilə məşğul olduğundan hökumət işini oğlu Abbas Mirzəyə təhvil vermişdi. Abbas Mirzə Cənubi və Şimali Azərbaycanda müstəqil xanlıqları İrana bağlayaraq, onlardan böyük vergi almaq qərarına gəldi. Abbas Mirzə həm Cəfərqulu xana, həm də Qafqaz xanlarına ultimatum verdi. Əvvəla Cəfərqulu xan bu ultimatumu rədd etdi, bunun üzərinə Abbas Mirzə qoşunu ilə Urmiya ölkəsinə girdi… Müharibə iki ilə qədər davam etdi. Nəhayət, Cəfərqulu xan məğlub olaraq, öz qoşunu, bəyləri, ailəsi və bir çox yerli ailələrlə şimala çəkilib, İrəvan civarında olan Üçkilsədə qərargah qurdu. Həmin dövrdə Qafqaza girən çar ordusu Abbas Mirzə ilə hərbə başlamışdı.
12 sentyabr 1801-ci ildə Gürcüstan Rusiya imperatorluğuna bağlandı. 4 yanvar 1804-cü ildə Cavad xanın Gəncəsi xanın və oğlunun ölümündən sonra ruslara təslim oldu. Qafqazda müharibə davam edirdi… Rus ordusunun baş komandanı general Sisianov İrəvan üzərinə getdiyi zaman Abbas Mirzənin qoşunu tərəfindən əhatə edilmişdi. Bu hadisə təsadüfən Üçkilsə ətrafında baş vermişdi. Üçkilsəyə sığınan Cəfərqulu xana verilən xəbərə görə, İran qoşunu Cəfərqulu xanın qərargahına hücuma hazırlanır. Cəfərqulu xan bu xəbəri alınca düşmənə fürsət vermədən özü İran ordusuna hücum etdi. Bu hücum nəticəsində İran ordusu qarma-qarışıq şəkildə çəkilməyə məcbur oldu. Bu surətlə Cəfərqulu xan general Sisianovun ordusunu istəməyərək İran çənbərindən xilas etmişdi. General Sisianov öz ştabından bir neçə zabiti Üçilsəyə göndərib, Cəfərqulu xandan izn istəyib, onu ziyarət etdi.
Cəfərqulu xan Sisianova kim olduğunu, İranla müharibədə iştirakını, rusların bu ətrafda olmasından bixəbərliyini, ancaq Abbas Mirzə ilə haqq-hesab nəticəsində istəməyərək ruslara yardım etdiyini bildirdi. Bunun üzərinə general Sisianov Cəfərqulu xanı “mühacir” olaraq Qafqaza dəvət etdi. Bu dəvətnamə üzərinə Cəfərqulu xan Sisianova təşəkkür edərək dedi ki, “mən Qafqaza ancaq xan olaraq gələ bilərəm”. General Sisianov rus imperatoru I Aleksandra göndərdiyi raportda Cəfərqulu xanı Xan-Xoyski adı ilə təqdim etmişdi... O tarixdən bəri Qafqaz ölkəsində bizim nəslimizə “Xan-Xoyski” adı verdilər”.
Fətəli xanın yüksəlişi
Gəncə klassik gimnaziyasını, 1897-ci ildə isə Moskva Universitetinin hüquq fakültəsinin tam kursunu birinci dərəcəli diplomla bitirən Fətəli xan Tiflis Məhkəmə Palatasının sərəncamına göndərilir. Tiflis Məhkəmə Palatasının 1897-ci il 26 avqust tarixli, 56 saylı əmrilə Fətəli xan Gəncə dairə Məhkəməsi yanında kiçik məhkəmə məmuru vəzifəsinə təyin olunur.
1898-ci il fevralın 27-də ali əmrlə ona kollej katibi rütbəsi verilir. Xoyski Tiflis Məhkəmə Palatası sədrinin 1899-cu il 24 mart tarixli, 15 saylı əmri ilə böyük məhkəmə məmuru təyin edilir və Palatanın elə həmin il 16 iyul tarixli əmri ilə Kutaisi dairə məhkəməsinə böyük məhkəmə məmuru vəzifəsinə keçirilir.
Kutaisi dairə Məhkəməsi ümumi iclasının 1899-cu il 4 sentyabr tarixli qərarı ilə Fətəli xan Özurket istintaq sahəsinin, 1900-cü il martın 8-də isə Kutaisi qəza istintaq sahəsinin müdiri təyin olunur. Həmin il aprelin 4-də ona üç aylığa Kutaisi qəza Məhkəməsi prokurorunun müavini vəzifəsini icra etmək tapşırılır. Ədliyyə Nazirliyinin 1900-cü il 27 iyun tarixli, 27 saylı əmri ilə o, Zuqdidi Barışıq Məhkəməsinin köməkçisi vəzifəsinə təyin olunur.
Vətəndaş idarələri üzrə 1901-ci il 9 iyun tarixli, 48 saylı ali əmrlə ona Titulyar müşavir rütbəsi verilir. Ədliyyə Nazirliyinin 1901-ci il 18 sentyabr tarixli, 33 saylı əmri ilə Fətəli xan Suxumi Barışıq Məhkəməsinin köməkçisi vəzifəsinə keçirilir.
Ədliyyə Nazirliyi özünün 1903-cü il 22 aprel tarixli, 12 saylı əmri ilə F.x.Xoyskini Yekaterinodar dairə Məhkəməsi Yekaterinodar şəhəri birinci sahəsinin məhkəmə müstəntiqi vəzifəsinə təyin edir. Yekaterinodar dairə Məhkəməsi ümumi yığıncağının 1903-cü il 29 sentyabr tarixli qərarı ilə isə Yekaterinodar şəhərinin üçüncü sahəsinə müdirlik vəzifəsinin icrası Fətəli xana tapşırılır.
Vətəndaş idarələri üzrə 1904-cü il 11 sentyabr tarixli, 70 saylı ali əmrlə Fətəli xan Titulyar müşaviri rütbəsindən kollej assessoru rütbəsinə keçirilir və 1904-cü il oktyabrın 25-də, 79 saylı əmrlə Yekaterinodar dairə Məhkəməsi prokurorunun müavini vəzifəsinə təyin edilir və 1907-ci il fevral ayının 20-dək, yəni II Dövlət Dumasına deputat seçilənə qədər həmin vəzifədə qalır.
Dövlət Dumasının üzvü
1907-ci ildə F.Xoyski Gəncə valiliyindən II Dövlət Dumasına deputat seçilir. II Dövlət Dumasının müsəlman deputatları fraksiyasına daxil olan Xoyski Duma iclaslarında aqrar məsələlərə dair çar hökumətinin yeritdiyi ayrı-seçkilik və köçürmə siyasətinə qarşı kəskin çıxışlar edib. Həmin il may ayının 18-də Xoyskinin də iştirak etdiyi 173 deputatın imzası ilə Rusiyada milli və dini fərqlərə görə vətəndaşların siyasi və mülki hüquqlarını məhdudlaşdıran qanunların ləğv olunması haqqında Dövlət Dumasına qanun layihəsi təqdim edilir.
II Dövlət Dumasının ömrü çox qısa oldu və cəmi 103 gün fəaliyyət göstərdi. 1907-ci il iyunun 3-də II Dövlət Dumasının buraxılması haqqında çar manifesti elan edildi.
Andlı iclasçı
Bundan sonra Gəncəyə qayıdan Fətəli xan iyulun 17-də Gəncə dairə Məhkəməsinə müraciət edərək, Tiflis məhkəmə palatasının Gəncə dairə Məhkəməsinə andlı iclasçı qəbul olunmasını xahiş edir. Gəncə dairə Məhkəməsinin 1907-ci il 21 iyulda keçirilən ümumi iclasının qərarı ilə istefada olan kollej assesoru Fətəli xan Tiflis Məhkəmə Palatası Gəncə dairəsinin andlı iclasçıları sırasına qəbul olunur.
1907-ci il avqust ayının 27-də Tiflis Məhkəmə Palatasının böyük sədri V.R.Zavadeki Yelizavetpol dairə Məhkəməsinin sədrinə məktubunda qeyd edilirdi ki, Ədliyyə Nazirliyinin ikinci departamenti özünün 9 avqust tarixli məktubu ilə bildirir ki, Yekaterinodar dairə Məhkəməsi prokurorunun keçmiş müavini Fətəli xan Xoyskinin Tiflis Məhkəməsi Palatasının andlı iclasçıları sırasına qəbul olunmasına icazə verilir.
Gəncə dairə Məhkəməsinin sədri 1907-ci il sentyabrın 3-də Tiflis məhkəmə palatasına məlumat verirdi ki, dairə məhkəməsi Fətəli xanı Tiflis məhkəmə Palatasının iclasçıları siyahısına qəbul edərək, ona 1551 saylı şəhadətnamə verib. Həmin il sentyabrın 17-də Gəncə şəhərində Gəncə dairə məhkəməsinin məhkəmə sədri vəzifəsini icra edən A.K.Moseviç, məhkəmə üzvləri İ.S.Stradomski, M.İ.Yankovski, prokuror müavini V.İ.Frizir və katibi F.F.Lorentsin iştirak etdiyi ümumi yığıncaqda F.Xoyskinin andlı iclasçı kimi and içməsi mərasimi keçirilir. Molla Hacı Həsən Mollazadə “Quran”a əl basdıraraq, Fətəli xana and içdirir.
1913-cü ilə qədər Gəncədə andlı iclasçı kimi işləyən və ictimai xadim kimi fəaliyyət göstərən Xoyski həmin ildən Bakıya köçərək, Bakı dairə Məhkəməsində andlı iclasçı kimi fəaliyyət göstərməyə başlayır. Həmin vaxtdan başlayaraq Fətəli Xan 1917-ci ilə qədər Bakı dairə Məhkəməsində andlı iclasçı kimi fəaliyyət göstərməklə yanaşı, Bakının ictimai və mədəni həyatında, xüsusilə Bakıda yaradılmış xeyriyyə cəmiyyətlərinin işində fəal iştirak edib.
1917-ci ildə Rusiyada baş verən fevral inqilabından və çarizm üsul-idarəsi devrildikdən sonra Xoyskinin fəaliyyətinin yeni ən məhsuldar dövrü başlayır.
Hüquqdan siyasətə doğru
Fevral inqilabından sonra Xoyski fəal siyasi fəaliyyətə qoşulur. O, Bakıda yaradılmış milli müsəlman şurası müvəqqəti icraiyyə komitəsinin üzvü seçilir. Həmin ilin aprelində Bakıda çağırılmış Ümumqafqaz müsəlmanlarının qurultayında fəal iştirak edir və onun təşkilatçılarından biri olur.
Oktyabr inqilabından sonra – 1917-ci ilin noyabrında Tiflisdə Zaqafqaziya Komissarlığı yaradılır. 1918-ci il fevralın 23-də isə Tiflisdə Zaqafqaziyada qanunvericilik orqanı olan Zaqafqaziya Seymi işə başlayır. Zaqafqaziyadan Ümumrusiya Müəssislər Məclisinə seçilmiş deputatların daxil olduğu Seymin Azərbaycan fraksiyasında 44 deputat, o cümlədən, F.Xoyski təmsil olunurdu.
Ədliyyə naziri
1918-ci il aprelin 22-də Zaqafqaziya Müstəqil Federativ Cümhuriyyəti elan olunur, aprelin 26-da isə Zaqafqaziyanın yeni hökuməti təşkil edilir, bu hökumətdə Xoyski Ədliyyə naziri vəzifəsini tutur. Lakin 1918-ci il mayın 26-da Zaqafqaziya Seyminin son iclası olur və buraxılır. Elə həmin gün Gürcüstan öz istiqlaliyyətini elan edir. Ertəsi gün, mayın 27-də keçmiş Zaqafqaziya Seyminin türk deputatlarının fövqəladə iclası keçirilir. Hərtərəfli və uzun sürən müzakirədən sonra onlar özlərini Azərbaycan Milli Şurası elan edir və Azərbaycanın idarəsini öz öhdələrinə götürürlər.
Mayın 28-də keçmiş Qafqaz canişininin iqamətgahında keçirilən birinci iclasda Azərbaycan Milli Şurası ətraflı müzakirələrdən sonra Zaqafqaziyanın Cənubi-Şərq ərazisində Azərbaycan Cümhuriyyəti elan etmək haqqında qərar qəbul edir və Azərbaycanın istiqlaliyyəti haqqında bəyanat verilir. Milli Şura şuranın üzvü Xoyskini bir səslə ilk Azərbaycan hökumətinin sədri seçir və ona ilk Azərbaycan Cümhuriyyəti hökumətini təşkil etməyi tapşırır.
Cümhuriyyətin ilk Baş naziri
Bir saatlıq fasilədən sonra F.Xoyski öz hökumətinin tərkibini elan edir. Bu hökumətdə Fətəli xan Baş nazir vəzifəsi ilə yanaşı, Daxili İşlər naziri vəzifəsini də tutur. Tiflisdə yeni müstəqil dövlətin yaradılması ilə əlaqədar bütün təşkilati tədbirləri həyata keçirdikdən və onu bütün dünyaya bəyan etdikdən sonra Milli Şura və Azərbaycan Hökuməti bilavasitə öz ölkəsi ərazisində fəaliyyətini genişləndirmək məqsədilə 1918-ci il iyunun 16-da Gəncəyə köçür. Gəncəyə gələn Milli Şura və Azərbaycan hökuməti mürəkkəb daxili və xarici çətinliklərlə üzləşir.
Hələ mayın ortalarında 300 nəfər təlimatçı ilə Gəncəyə gəlmiş Türkiyənin Qafqaz ordusunun baş komandanı Nuru Paşa şəhərdə real hakimiyyəti öz əlində cəmləşdirmişdi. O, Gəncəyə gəlmiş Azərbaycan Milli Şurası və hökumətinə şübhə ilə yanaşır. Belə bir şəraitdə iyunun 17-də keçmiş şəhər idarəsinin binasında Milli Şuranın sayca yeddinci iclası keçirilir. Xoyski hökumətin istefası bəyanatı ilə çıxış edir. Geniş müzakirədən sonra hökumətin istefası qəbul olunur və Xoyskiyə yeni hökumət təşkil etmək tapşırılır. Müxtəlif partiyaların nümayəndələrindən ibarət təşkil olunmuş yeni hökumətdə Xoyski Baş nazir vəzifəsi ilə yanaşı, Ədliyyə naziri vəzifəsini də tutur. Özünün yeni hökumət proqramı ilə çıxış edən Xoyski bildirir ki, onun hökumətinin başlıca vəzifəsi Azərbaycanın azadlıq və istiqlaliyyəti uğrunda mübarizə olacaq.
Xoyski hökuməti Gəncədə
F.Xoyski hökuməti 1918-ci il iyunun 19-da bütün Azərbaycanda hərbi vəziyyət elan etdi. Buna səbəb Şaumyanın başçılığı ilə Bakıda hakimiyyəti ələ keçirmiş Bakı Xalq Komissarları Sovetinin tabeliyindəki 18 min nəfərlik I Qafqaz qırmızı korpusunun Gəncəyə doğru yürüşə başlaması təhlükəsi idi. Hərbi vəziyyətlə əlaqədar iyunun 23-də “Hərb dövrü üçün qanunların tətbiqi” haqqında qərar qəbul olundu.
21 iyunda hökumət qırmızı parçadan hazırlanmış, qırmızı yerlik üzərində ağ aypara və səkkizguşə ulduz təsvir edilmiş bayrağı Azərbaycanın dövlət bayrağı kimi qəbul etdi. Əslində, bu, Osmanlının əski bayraqlarından biri idi və təbii ki, Qafqaz İslam Ordusunun əhval-ruhiyyəsi ilə uyğunluq təşkil edirdi. Hökumətin 26 iyun tarixli qərarı ilə Müsəlman Korpusu “Əlahiddə Azərbaycan Korpusu” adlandırıldı və bununla da Azərbaycanın milli ordusu formalaşdırıldı. 27 iyunda hökumət türk dilini bütün ölkə ərazisində dövlət dili elan etdi. Xoyski hökumətinin 12 iyulda çıxardığı önəmli və rəmzi bir qərar Azərbaycan Cümhuriyyətinin bütün ərazisində vaxtın Bakı vaxtı ilə hesablanması haqqında oldu. Bu, əslində, milli hakimiyyətin Bakını alacağına sarsılmaz inamının ifadəsi idi.
Hökumətin Gəncə dövründəki ən mühüm qərarlarından biri də 1918-ci il iyulun 15-də Zaqafqaziyada müsəlmanlar üzərində zorakılıqları araşdıracaq Fövqəladə İstintaq Komissiyasının (FİK) yaradılması haqqında idi. Bu qərara əsasən, I Dünya Müharibəsi (1914-1918) illərində ermənilərin Güney Qafqaz ərazisində yerli türk əhalisinə qarşı törətdikləri vəhşiliklər və onların əmlaklarına qəsd ilə bağlı məsələlər araşdırılmalı, bu işdə günahkar olan şəxslər aşkarlanaraq, cinayət məsuliyyətinə cəlb edilməli idilər. İşin təşkili Xariciyyə nazirinə tapşırılmışdı. Komissiyanın sədri andlı iclasçı Əliəkbər bəy Xasməhəmmədov, üzvləri isə Bakı Dairə Məhkəməsinin müavinləri İsmayıl bəy Şahmalıyev, A.F.Novatski, Bakı Dairə Məhkəməsi prokurorunun müavini Nəsrəddin bəy Səfikürdski, Gəncə Köçürmə İdarəsindən N.M.Mixaylov, həqiqi mülki müşavir V.V.Qudvillo və müəllim Mirzə Cavad Axundzadə idilər. FİK-in topladığı faktlar ermənilərin Bakı, Şamaxı, Quba, Gəncə, Şəki, Qarabağ, Zəngəzur və başqa bölgələrdə törətdiyi cinayətlərə dair 36 cildlik instintaq materiallarını əmələ gətirdi.
Gəncədə oturmuş bir hakimiyyətin müvəqqəti də olsa, özünə paytaxt seçdiyi şəhərin hələ də Rusiya çariçası Yelizavetanın adını daşıması, əlbəttə, həm dövlət adamlarının, həm də yerli əhalinin qüruruna toxunurdu. 30 iyul 1918-ci il tarixli qərarla Gəncənin qədim adı özünə qaytarıldı (Ancaq Moskvanın qərarı ilə bu şəhər 1935-ci ildə başqa bir işğalçı – Kirovun adını daşımağa başladı). Çar generalının adını daşıyan Karyagin qəzasına da həmin gün “Cəbrayıl” adı geri verildi.
AC Təriq və Məabir Nəzarətinin (Yollar Nazirliyinin) gəmiləri üçün 1 avqust 1918-ci ildə kiçik dəyişikliklərlə Türkiyə ticarət gəmilərinin bayrağı örnək kimi qəbul edildi. Avqustun 11-də ümumi səfərbərlik elan olundu. 1894-1899-cu illərdə anadan olmuş kişi cinsindən bütün müsəlman vətəndaşlar orduya çağırıldı. 23 avqust 1918-ci ildə Azərbaycan təbəəliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında beş maddəlik geniş qərar qəbul edildi.
Xoyski hökuməti Bakıda
1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını işğaldan azad etdikdən sonra hökumət Gəncədən Bakıya köçdü. 9 noyabrda Azərbaycanın yeni bayrağını təsdiq edildi. Belə ki, 1918-ci il 11 noyabrda “Azərbaycan” qəzeti hökumətin 9 noyabr tarixli iclasının qərarından söz açaraq yazırdı: “Yenə həman iclasda Azərbaycan bayrağı layihəsi təsdiq edilmişdir. Bayraq yaşıl, qırmızı və mavi rəng olub, üzərində hilal və səkkizguşəli yıldız olacaqdır”.
1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin ilk iclası keçirilir. Xoyski öz hökumətinin çox mürəkkəb tarixi şəraitdə gördüyü işlər haqqında geniş hesabat verir və hökumətinin istefasını qəbul etməyi parlamentdən xahiş edir. Parlament hökumətin istefasını qəbul edib, yeni hökumətə rəhbərlik və onun tərkibini müəyyənləşdirmək işini yenidən F.Xoyskiyə tapşırır. Dekabrın 26-da Fətəli xan hökumət proqramı və hökumət tərkibi barədə parlamentdə çıxış edir. Geniş müzakirədən sonra parlament F.Xoyski hökumətinin proqramına və hökumətin tərkibinə etimad göstərir. Bu hökumətdə Xoyski Baş nazir portfeli ilə yanaşı, Xarici İşlər naziri vəzifəsini də tutur.
Xoyski 1919-cu ilin noyabrında Azərbaycan və Ermənistan arasında mübahisəli ərazi məsələlərini həll etmək üçün çağırılması nəzərdə tutulan konfransda iştirak edəcək Azərbaycan nümayəndə heyətinin sədri təyin olunur. Həmin il dekabrın 22-də N.Yusifbəylinin təşkil etdiyi ikinci hökumət kabinəsində Xoyski Xarici İşlər naziri vəzifəsi tutur və 1920-ci ilin aprelinə qədər həmin vəzifədə qalır.
Xarici işlər naziri
1920-ci il yanvarın 12-də Birinci Dünya Müharibəsində qalib gələn müttəfiq dövlətlərin ali şurası Azərbaycanın müstəqilliyini de-fakto tanıyır. Həmin ilin yanvarından aprelinə qədər Azərbaycan Cümhuriyyəti Xarici İşlər naziri Xoyski və RSFSR Xalq Xarici İşlər komissarı K. V.Çiçerin dəfələrlə nota mübadiləsi edirlər. Bu notalarda Xoyski Azərbaycan Cümhuriyyətinin istiqlaliyyətinin sovet Rusiyası tərəfindən tanınmasına nail olmağa çalışır. Çiçerin isə Azərbaycan Cümhuriyyətini Denikin qüvvələri ilə mübarizə ittifaqına cəlb etmək istəyir. Onun bu tələbinə cavab olaraq Xoyski bildirirdi ki, Azərbaycan hökuməti sovet Rusiyasının Denikin orduları ilə mübarizəsini rus xalqının daxili işi hesab edir və ona qarışmaq yolverilməzdir.
1920-ci il aprelin ortalarına XI Qırmızı Ordu Denikin ordularının qalıqlarını məğlub edərək, Azərbaycan Cümhuriyyətinin şimal sərhədlərinə yaxınlaşdı. Xoyski öz hökuməti adından aprelin 15-də sovet Rusiyası hökumətinə nota verərək, ölkəsinin təhlükəsizliyindən narahat olduğunu bildirdi. Onun bu notası cavabsız qaldı, aprelin 27-də XI Ordu Azərbaycan sərhədlərini keçərək, Bakıya doğru hərəkət etdi. Həmin gün axşam Azərbaycan parlamenti hakimiyyəti kommunistlərə təhvil vermək haqqında qərar qəbul etdi.
Azərbaycan Cümhuriyyətinin süqutundan sonra F.Xoyski Tiflis şəhərinə gedib və həmin il iyunun 19-da orada muzdlu erməni quldurları tərəfindən sui-qəsd nətisəsində qətlə yetirilib.
Ailə həyatı
Fətəli xan Xoyskinin həyat yoldaşı milliyyətcə rus olan Yelizaveta Vasilyevna idi. O, İslamı qəbul edib. Fətəli xanın qohumları onu Ceyran adlandırıblar. Xoyskilərin üç övladı olub: qızı Tamara (1902-1990), oğlanları Murad (1910-1973) və Ənvər (1914-1935). Övladların hər üçü Gəncədə doğulub. Tamara xanım bolşevik Mirzədavud Hüseynovla ailə qurub, amma övladları olmayıb. M.Hüseynov 1938-ci ildə güllələndikdən sonra Tamara xanım həbs edilib və o, 10 ilə qədər həbsxanada qalıb. Tamara xanım həbsdən sonra 90 yaşına qədər yaşayıb.
Dilqəm Əhməd