Mullo Nurov SSRİ-də çox məşhurlaşmışdı. Rüşvət almayan “qaişnik”dən hamı danışırdı.
Yol milisi işini vicdanla görürdü. Nurov işinə o qədər həssas yanaşırdı ki, hətta həyat yoldaşına da cərimə yazmışdı.
Mullo Nurov
Bizimyol.info xəbər verir ki, Mullo 1936-cı ildə doğulanda adını Yorməhəmməd qoymuşdular. Nurov Tacikistanın balaca kəndində dünyaya göz açmışdı. “Quran”ı əzbərdən bildiyinə görə, ona sonradan Mullo, yəni molla adı vermişdilər.
Mullonun ailəsi çox kasıb idi. Uşaq anasına həmişə kömək etməli olurdu. Evdə nehrə yağı hazırlayırdılar, bunu satıb dolanmağa çalışırdılar.
Mullo çox yerdə işləməli olmuşdu. Hətta yolu Baykonur kosmodromuna da düşmüşdü. Bir gün yol milisi əməkdaşının onu cərimələməsi həyatını dəyişir. Nurov günahkar deyildi. Buna görə də qərara alır ki, QAİ (dövlət avtomobil inspeksiyası) inspektoru olsun və hamıya ədalət nümunəsi göstərsin.
QAİ-yə düşmək asan olmadı. Nurovun balacaboy olması qəbul komissiyasının rəhbərinin xoşuna gəlmirdi. Amma Mullonun inadkarlığı işə yaradı. Onu kurslara qəbul etdilər. Beləcə, Tacikistan yollarında dürüst inspektor peyda oldu.
Nurov haqda əfsanələr gəzirdi. O, bir baxışla sərxoş sürücünü müəyyənləşdirə bilirdi. Onunla heç cür dil tapmaq olmurdu, “hörmət” ifadəsini yaxına buraxmırdı. Qarşısındakının kim olmasının da onun üçün fərqi yox idi. Hamı qanun qarşısında eyni idi. Hətta həyat yoldaşı yolu düz keçməyəndə onu da başqaları kimi cərimələmişdi.
Mullo Nurov həm də qeyri-adi bığları ilə fərqlənirdi. Onunla xeyli şəkil çəkdirən olurdu. İnspektor hətta rəhbərliyin tələbinə də məhəl qoymurdu, bığlarını qısaltmırdı. Bir dəfə bığını qırxanda sürücülər onu tanımamışdı. Sonradan qərara gəlmişdi ki, daha bığına toxunmasın.
Mullo Nurov ömrünün son illərində vəzifədə idi, 33 əməkdaşa rəhbərlik edirdi. SSRİ dağılmışdı, müstəqil Tacikistanda işləmək təhlükəyə çevrilmişdi. Nurovu 1992-ci ilin boz günlərinin birində öldürürlər. Qatil heç vaxt tapılmır.