Atamın ruhuna - Cahangir Məmmədli YAZIR

SİYASƏT
16:36 / 09.05.2020
1388

Cahangir Məmmədli

Bu gün dünyanın ən böyük və ən faciəli bir müharibəsinin qələbə günüdür. Minlərlə azərbaycanlı kimi mənim atam da cəbhəyə yollanıb. Yeddi azyaşlı uşağın atası. Mən atam cəbhəyə yola düşəndən on gün sonra anadan olmuşam: səkkizinci uşaq! Atamın üzünü görməmişəm, anam mən doğulandan 6 ay sonra dünyasını dəyişib, demək olar ki, onu da görməmişəm. Əmimin, qardaşlarımın, bacılarımın himayəsində böyümüşəm. Az- çox savadımı, az- çox adamlığımı, vətənə sevgini Tanrının bizə bəxş etdiyi, Azərbaycan ziyalılarının yaşlı nəslinin yaxşı tanıdığı əmim oğlu Zeynaldan- qardaşımdan almışam.

Bu gün Moskva telekanalları o böyük və müəmmalı savaş qələbələrinin 75 illiyini qeyd edir. Yada saldıqları yalnız rus əsgərləridir. Sovet İttifaqının yüz minlərlə döyüşçüsü tamam unudulub. Mənim atam Berlinin 60 kilometrliyində həlak olub və qəbri də o məkandadır. Almanlar o qəbirstanlığı o qədər ləyaqətlə salıb və o qədər ləyaqətlə saxlayıblar ki, biz atamın qəbrini ordan götürməyi lazım bilmirik. Heç almanlar da icazə vermirlər.

Bütün bunları niyə xatırladım? Dünyada müharibədən ağır heç nə yoxdur və dünyada müharibədən qələbə ilə çıxmaqdan da əziz bir duyğu yoxdur. Biz bu gün ədalətsiz bir müharibədəyik. Tam elmi düşüncə ilə deyirəm: erməni faşizmi öz alçaqlığı, antiinsanlığı ilə, şərəfsizliyi ilə alman faşizmindən qat- qat alçaqdır. Alman faşistləri zəbt etdikləri məkanda günahsız bildikləri insanlara dəymirdilər. Erməni faşistləri, elə bil, ancaq günahsız insanları axtarıb məhv edirlər. Adını yazıçı qoyan Zori Balayan azərbaycanlı körpənin divara mıxlanmasından aldığı ləzzəti öz kitablarında ifadə edib. Bəşəriyyət, yəqin ki, belə rəzalət, belə alçaqlıq, min dəfə üzr istəyirəm- belə oğraşlıq görməyib.

Mən atamın Berlin yaxınlığındakı qəbrindən çox arxayınam. Amma erməni faşizminin qətlə yetirdiyi minlərlə azərbaycanlının ruhu qarşısında əlacsız bir insanın intiqam imkansızlığının ağrılarını yaşayıram. Çox arxayınam ki, qoyub getdiyi səkkiz övladının dərdini o uzaq diyarda qalan ruhuna köçürmüş atam bizdən ancaq erməni faşizmi üzərindəki qələbəmizdən sonra razı salacaq. Buna da arxayınam ki, faşizm deyilən bir dövlətin axırı mütləq və mütləq şərəfsizliklə nəticələnir, ədalət mütləq və mütləq qələbə çalır. Xankəndi üzərində dalğalanacaq üçrəngli bayrağımız mənim qürbətdə uyuyan atamın narahat ruhuna bir sərinlik gətirəcək.

0
Olaylar.az