SSRİ tarixinin 1970-1980-ci illəri Kreml məmurlarının müəmmalı ölümləri ilə yadda qalıb. Bu hadisələrlə bağlı fərqli versiyalar səsləndirilsə də, mövcud dövrdə rəsmi mətbuat ölüm hadisələrinin səbəbini “uzun sürən xəstəlikdən sonra” ifadəsi ilə qapayıb...
Həqiqətənmi, Siyasi Büro üzvlərinin qəfil ölümləri uzun sürən xəstəlikdən sonra baş verib?
Müəmmalı ölümlərdə daha çox Yuri Andropovun adı hallanıb. 1967-ci ildə SSRİ DTK-sının sədri təyin edilən Andropov bir çox Kreml çinovnikləri üçün arzuolunmaz şəxs sayılıb. Əslində, onun DTK sədri təyin edilməsi gözlənilməz olub. Leonid İliç Brejnevin Ukrayna klanını gücləndirdiyi bir vaxtda Andropovun bu təyinatı Kremldaxili oyunlarda bir çaxnaşma yaradıb. Təbii ki, Brejnevin Andropova bu vəzifəni həvalə etməsi səbəbsiz olmayıb.
Baş katib Andropovu yaxından tanıyıb, onun qətiyyətinə bələd olub və ondan lazım olmayan kadrların aradan götürülməsi üçün istifadə etməyi qərara alıb. Elə bu məqsədlə Andropovun DTK-ya təyinatından sonra bu quruma daha böyük səlahiyyətlər verilib. Kreml “mətbəx”inə yaxşı bələd olan Andropov, Brejnevin ona nəyə görə etimad göstərdiyini yaxşı anlayıb və gələcək karyerasına yol açmaq, birinci kürsüyə sahib olmaq üçün ikibaşlı siyasi oyunların mərkəzində dayanmaqdan çəkinməyib. Verilən səlahiyyətlər Andropov üçün gələcək rəqiblərini aradan götürməyə böyük şans olub.
1970-ci illərdə Kremldə söz sahiblərindən və Brejnevə təsir gücünə malik olanlardan biri SSRİ müdafiə naziri, Siyasi Büronun üzvü marşal Andrey Qreçko olub. Milliyətcə ukraynalı olan Qreçkonun Brejnevlə yaxın ailəvi dostluğu da heç kim üçün sirr sayılmayıb. Kobud və sərt xarakterə malik olan marşal Brejnevlə yaxın münasibətlərdə olsa da, məqamı düşdükcə baş katibi tənqid etməkdən çəkinməyib. 1976-cı ildə Brejnevin 70 illik yubileyinə hazırlıq işləri görüləndə, baş katibə yubiley münasibətilə marşal rütbəsinin verilməsi müzakirə olunan zaman, Qreçko bu məsələyə sərt münasibət bildirib və Brejnevin marşal rütbəsi gəzdirməsini haqsızlıq kimi qəbul edib. Xatırladıb ki, o general-polkovnik olanda Brejnev hələ polkovnik rütbəsində gəzib.
Bu hadisələr ərəfəsində, 1976-cı il aprelin 26-da Qreçkonun qəfil ölüm xəbəri yayılıb. Qreçkonun qəfil ölümü çoxlarında şübhə yaradıb. Kifayət qədər sağlam olan, mütəmadi olaraq xüsusi həkim müayinəsindən keçən marşalın ölümü müxtəlif versiyaların üzə çıxmasına səbəb olub. Bu versiyalardan birində Andropovun da adı hallanıb. Belə ki, dolaşan söhbətlərə görə Andropov Brejnevin göstərişi ilə marşalı qida zəhərlənməsindən öldürdüb. Qreçko ilə Andropovun arasında konflikti münasibətin olmasını nəzərə alsaq, fakt inandırıcı görünə bilər. Amma sözsüz ki, marşalın ölümü ilə bağlı ciddi araşdırmalar aparılmayıb.
Növbəti müəmmalı ölüm 1976-cı ildə baş verib. Mərkəzi Komitənin katibi, Kremlin ən perspektivli kadrlarından biri sayılan Fyodor Kulakov qəfil ürəktutmasından vəfat edib. Kulakov baş katib vəzifəsinə real namizədlərdən biri sayılıb. Mərkəzi Komitədə bir çox məsələlər onunla razılaşdırılıb. Sözsüz ki, bu da Andropovu ciddi narahat edib və Kulakovun müəmmalı ölümündə yenə də Andropovun adı hallanıb.
Yuri Andropova “mane” olan əsas simalardan biri Brejnevə yaxınlığı ilə tanınan Semyon Sviqun olub ki, o, DTK-da özünü Andropovla eyni səlahiyyətdə sayıb. Sviqunu DTK sədrinin birinci müavini vəzifəsinə Brejnev gətirib, məqsədi isə Andropovun fəaliyyətini nəzarətdə saxlamaq olub. 19 yanvar 1992-ci ildə Sviqunun da ölüm xəbəri yayılıb. Ordu generalının intihar etdiyi bildirilib. Bununla da Andropovun ətrafından daha bir arzuolunmaz şəxs zərərsizləşdirilib.
1982-ci ildə Brejnevin səhhətində yaranan ciddi problemlər hakimiyyət uğrunda mübarizəni daha da intensivləşdirib. SSRİ-də adətən rəsmi və qeyri-rəsmi qanunlara görə baş katib kürsüsünə Mərkəzi Komitə katiblərindən biri seçilib. Bunu nəzərə alan Andropov DTK-dan Mərkəzi Komitəyə transfer olunmağı vacib sayıb. Elə məhz bu ərəfədə də partiya xətti ilə Brejnevdən sonra ikinci şəxs sayılan Mərkəzi Komitənin katibi Mixail Suslov 25 yanvar 1982-ci ildə qəfil vəfat edib. Suslovun ölümü Andropov üçün Mərkəzi Komitənin qapılarını açıb. O, Mərkəzi Komitənin ideologiya üzrə katibi seçilib.
Yuri Andropov ən qısa müddətdə Kremldə özünü tanıtmağı bacarıb. 1982-ci ildə Kremldaxili siyasi oyunlarda o, ən mahir oyunçu sayılıb. Hakimiyyətin Ukrayna klanına keçməməsi üçün sabiq DTK şefi ən kiçik siyasi qüvvələri belə zərərsizləşdirməyi bacarıb. Qromıko, Ustinov, Çernenko, Romanov, Şerbitski kimi ölkənin nəhəng siyasətçiləri sayılan Siyasi Büro üzvlərinin arasında Andropov hakimiyyəti ələ keçirməyə müyəssər olub.
Beləliklə, 1970-1980-ci illərdə Kremlin yarpaq tökümündə ən müəmmalı siyasi fiqurlardan biri olan Yuri Andropov birincilik uğrunda gedən mübarizədə qələbə qazanıb, qısa müddətlik olsa da, SSRİ tarixinə Andropov dövrünü yazmağa nail olub. Ən başlıcası isə siyasilərin müəmmalı ölümündə rəsmi olaraq üzərinə heç bir ləkənin düşməsinə imkan verməyib.
Musavat.com