Gürcüstan COVİD-19-a necə qalib gəldi - Gürcüstanlı deputat açıqladı

SİYASƏT
13:44 / 21.06.2020
2093

“Gürcüstanda yaşayan azərbaycanlıların vəziyyəti normaldır. Ümumiyyətlə, Gürcüstan koronavirus pandemiyasına qalib gəlmək ərəfəsindədir. Demək olar ki, gün ərzində 3-5 nəfər virusa yoluxur”.

Bu fikirləri Modern.az-a açıqlamasında Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat Azər Süleymanov deyib.

Deputat gürcülərin koronavirusla mübarizə metodlarından da söz açıb:

“İnsanlar qaydalara tam əməl edirdilər. Həmçinin, karantin müddətində qaydaları pozanlara qarşı çox sərt cəzalar tətbiq olunurdu. Digər bir məsələ isə insanların qanunların yanında olmasıdır. Məsələn, Azərbaycanda sərt karantin zamanı vətəndaş polisə zibil atır, digər vətəndaşlar da bu aksiyaya dəstək olur. Ancaq Gürtcüstanda tam əksinədir. Polisə zibil atan vətəndaşı hüquq-mühafizə orqanlarından öncə vətəndaşlar linç edir. Hesab edirəm ki, bu cür hallarda hər bir vətəndaş dövlətin, qanunların yanında olmalıdır”.

Azər Süleymanov Gürcüstan parlamentində təmsil olunan deputatların karantin qaydalarına riayət etməsinə də münasibət bildirib:

“Hər bir deputata karantin günlərində hərəkət etmək icazəsi verilmişdi. Biz deputatlar şəxsi maşınla hara istəsək, gedə bilərdik. Ancaq Gürcüstan parlamentinin deputatları qaydaları pozmadı. Hər birimiz evdə olduq və şəxsi maşınımıza oturub harasa getmədik. Hesab edirəm ki, bu cür məqamlarda nümunəvi addımların atılması çox önəmlidir. Biz vətəndaşlara nümunə olmasaq, onlardan nəsə tələb edə bilmərik”.

1