Xəyal məni çox-çox uzaqlara, həkimlərin andiçmə mərasiminə apardı. O günlərin xatirəsi ürəyimin ən dərin guşəsində yaşayır...
Hər şey elə o gündən başladı. 1997-ci ilin gözəl yay günlərindən biri idi. İmtahanları yenicə bitirmişdik. Auditoriyanın, sinfin havası hələ başımızdaydı. Gəncliyimizin qayğısız, coşqun günlərini yaşayırdıq. Allahım, nə bəxtəvərdik... Opera və Balet teatrında andiçmə mərasimimiz keçirilirdi. Bilmirəm nədəndi, yolunu səbirsizliklə gözlədiyim, saatlarla hazırlaşdığım bu təmtəraqlı mərasimə gecikdim. Minbir həvəslə məhz bu gün üçün seçdiyim gözəl libasımı geyinmişdim, ürəyim çırpına-çırpına bu möhtəşəm, daşına-divarına kübarlıq hopmuş binaya daxil oldum. Elə qapını açmağımla tələbələrin ”and içirik” xorunu eşitməyim bir oldu. Tez ətrafıma baxıb, çəkinmədən həmin kəlmələri təkrarladım. Həm də belə bir taleyüklü tədbirə gecikdiyim üçün çox utandım. Amma nə fayda, olan olmuşdu. İkinci mərtəbəyə qalxıb, qrup yoldaşlarımı axtarmağa başladım. Qaranlıq olsa da, bir təhər onları tapıb yanlarında əyləşdim.- A y qız, haradasan, andiçməyə niyə gecikdin? - rəfiqəm Gülarə təəccüblə soruşdu.
- Heç bilmirəm necə oldu? - deyib kövrəldim, məni ağlamaq tutdu.
Halımın dəyişdiyini görən rəfiqəm məni sakitləşdirməyə çalışdı, gülümsəyərək:- Yaxşı, sakit ol, kefini pozma, indi əla konsert olacaq, - deyib susdu.
Konsert eynimi açmadı, axıra kimi özümə gələ bilmədim. Pərt olmuşdum. Bir neçə dəfə ürəyimdə yaxşı həkim olacağıma and içdim...
Mən təyinatımı poliklinikaya aldım. Hər gün neçə xəstə ümidlə, təlaşla qapımı açırdı. Gənc olduğumu görüb, bəzən tibb bacısına həkim deyənlər də olurdu, mənim həkim olduğumu bilib ağız büzənlər də. Amma müalicənin xeyirini gördükdən sonra sevinib təşəkkür edənlər də getdikcı çoxalırdı. Peşəmi çox sevirdim, o da mənə uğur gətirirdi. Pasiyentlərimin sayı çoxalır, insanların mənə inamı artırdı. Ən şirin nemətlərini – sağlamlıqlarını mənə etibar edirdilər. Hər bir uğuruma görə isə mən atama borclu idim. Bu peşəni o mənə sevdirmişdi. Jurnalist olmaq istəyimi bilə-bilə mənim həkim olmağımı istəmişdi. ”Həkim olub, yaza bilərsən, amma yaza-yaza həkim ola bilməzsən. Bundan gözəl peşə ola bilməz. Hamının həkimə ehtiyacı olur, sən insanlara kömək edəcəksən, onları həyata qaytaracaqdan”, deyirdi. Mən də sırğa edib asmışdım bu kəlmələri qulağımdan. Atam nə qədər haqlıymış... Deyirlər, insanını ağlına gəlməyən başına gələr. Yatsam yuxuma girməzdi ki, bir gün koronavirus pandemiyası dünyanı ağzına alacaq və mən könüllü həkim kimi ön cəbhədə virusla mübarizəyə atılacağam. İşlədiyim poliklinikaya TƏBİB tərəfindən təcili sərəncam gəldi. Hərarəti olan xəstələr üçün filtr otağı yaradılmalı, onlar buradan keçməliydilər. Gərgin və yorucu iş dövrü başladı. Hər gün işdən sonra əraziyə gedib, hərarəti olan insanları poliklinikaya dəvət edirdik. Hərarəti yüksək olan pasiyentləri müayinə edib rentgendən keçirdirdik. Burun və boğazından yaxma götürüb, təcili yardım vasitəsilə Taun mərkəzinə göndəriridik. Geyindiyimiz hava keçirməyən kamuflyaj forma bizi darıxdırsa da, şikayət etmirdik. Düzü, şikayət etməyə nə vaxtımız, nə də halımız var idi. Ən başlıcası, həkimliyi özümüz seçmişdik, bu peşənin riskli olduğunu da bilirdik və biz and içmişdik. Düşünməyə, mühakimə yürütməyə vaxt yoxdu. Bizi xəstələr gözləyirdi. Biz onlara lazım idik.
Səhər tezdən filtr otağına gənc bir ailə gəldi: İlham və Zülfiyyə. Onlar mənim ən yaxşı pasiyentlərimdənidi. Mütəmadi poliklinikaya gələr, yoxlamadan keçərdilər. Amma bu dəfə vəziyyət başqa idi. Hər ikisinin yüksək hərarəti düşmür, öskürür, halsızlıqdan şikayət edirdilər. Mən onların burun və boğazından yaxma götürüb, təcili olaraq Taun mərkəzinə göndərdim. Müalicə yazıb evə yola salsam da, ürəyimdə bir həyəcan, qorxu var idi. Bizə yalnız gözləmək qalırdı. Nəhayət, qorxduğum başıma gəldi. Cavab pozitiv idi. Xəstələrdə Covid-19 çıxmışdı. Daha təəssüflənmək, ağlamaq, zarımaq vaxtı deyildi. Təcili surətdə onları xəstəxanaya yerləşdirmək lazım idi. Təcili yardım vasitəsilə xəstələri ATU-nun Cərrahiyyə Klinikasına yerləşdirdik. Hər gün xəstələrimin vəziyyəti ilə maraqlanırdım, təəssüf ki, onların vəziyyəti günü-gündən ağırlaşırdı. Beləcə günlər keçir, mən filtr otağında işləyir, yeni xəstələri aşkar edib xəstəxanaya göndəriridim. Lakin xəstəxanalar xəstələrlə dolur, həkim çatışmazlığı səhiyyəmizi narahat edirdi. İnsanlar qorxu, həyəcan içində idi. Bayıra çıxmaq olmazdı. Karantin təyin olunmuşdu. TƏBİB bütün tibb ocaqlarına çağırış edərək, həkimləri ayağa qaldırdı. Vəziyyət çox ciddi idi. İnsanlara yardım etmək lazımdı. Heç bir şey fikirləşmədən ön cəbhəyə getmək qərarına gəldim. İnsanların orada bizə daha çox ehtiyacı vardı. TƏBİB-in sərəncamı ilə mən ATU-nun Cərrahiyyə Klinikasına göndərildim. Əynimə kamuflyaj formanı geyinib, lift ilə təmiz zonadan kirli zonaya - on birinci mərtəbəyə qalxdım.
Neytral zonanı keçdikdən sonra palatalara daxil oldum. Burada gördüklərim məni qorxutsa da, özümü ələ aldım. Palatalar xəstə ilə dolu idi. İnsanlar hərarət içində ağır vəziyyətdə yatır, oksigen cihazı ilə nəfəs alırdılar. Mən heç nədən çəkinmədən və vaxtı itirmədən müalicə işlərinə başladım. Sonuncu daxil olduğum palatada qarşıma köhnə xəstələrim - İlham və Zülfiyyə çıxdı. Aman Allah, onlar hər ikisi hərarət içində yanır, oksigenlə nəfəs alırdı. Təyinatlarına baxıb təxirəsalınmaz tədbirlər görməyə başladım. İlk tibbi yardım göstərib hərarətlərini aşağı saldım. Axşama kimi palataya girib-çıxdım. Gecəni yatmadım. Müalicələrinə nəzarət etdim. Beləcə günlər ötdükcə Zülfiyyənin vəziyyəti stabilləşməyə başladı. Artıq yemək də yeyirdi. Amma İlhamın vəziyyəti düzəlmirdi ki, düzəlmirdi. Oksigen cihazı olmadan nəfəs ala bilmirdi. Onda ağ ciyərin hər iki payında pnevmoniya aşkar olmunşdu. Sağalma çox ağır gedirdi. Bir tərəfdən yorğunluq, bir tərəfdən yuxusuz gecələr məni əldən salırdı. Mənim kimi burada nə qədər həkim çalışırdı... Biz bir komanda kimi çalışırdıq. Çalışdığım 11-ci mərtəbədən gecənin qaranlığında şəhər al-əlvan gecə lampalarında möhtəşəm görünürdü. Alov qülləsində "Biz birlikdə güclüyük, Azərbaycan həkimlərinə eşq olsun” şüarları biz həkimləri sabaha ruhlandırırdı. Zülfiyyə sağalıb evə yazıldı. Lakin o, İlhamsız bir addım belə atmayacağını bildirdi. Bu mənzərə məni çox kövrəltdi. Hər dəfə onu İlhamın başı üstündə görəndə ürəyim paramparça olurdu. Əsl sevgi bu idi. İyirmi ildi bir ailə idilər. Bir-birindən inciməmiş, bir-birini incitməmişdilər. İlhamın müalicəsi ilə sonadək məşğul oldum, Zülfiyyə isə gecə-gündüz qayğısına qaldı. Onlar mənim qəhrəmanlarım idi. Nəhayət, İlham sevginin sayəsində xəstəliyə qalib gəldi, sağaldı və mən qəhrəmanlarımı birlikdə evlərinə yola saldım. Ayrılarkən hər ikisinin gözlərində yaş gördüm. Mən də kövrəldim. Onlara "yaxşı yol " dedim. Bir hekayəm də beləcə yarandı. Mənim isə düşmənlə koronavirusla savaşım davam edir. Koronovirusla mübarizəm davam edir. Hələ məni nə qədər xəstə gözləyir. Qarşıda hələ nə qədər yuxusuz gecələr var. Xəstələrim sağalıb evlərinə gedənə qədər buradayam...
Məlahət Hümmətqızı