Novxanıdakı böyük torpaq sahəsini Ramiz Mehdiyevlə nə bağlayır? — FOTOFAKT

ÖLKƏ
20:46 / 23.06.2020
6513

2019-cu ildən etibarən Kənd Təsərrüfatı Nazirliyinin rəsmi internet səhifəsində subsidiya alan fermerlər haqqında məlumatların yerləşdirildiyi "Subsidiya" bölməsi ləğv olunub.

Yeniavaz.com xəbər verir ki, subsidiya alan fermerlərin siyahısının ictimaiyyət üçün açıq olmaması Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli Fərmanın tələblərinə ziddir.

Belə ki, Prezidentin məlum Fərmanı ilə təsdiqlənən "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması QAYDASI"nda açıq şəkildə qeyd olunub ki, subsidiya verilmiş fermerlərin rayon (şəhər) və kəndlər üzrə siyahısı hər il dekabr ayının 25-dən gec olmayaraq Agentliyin (Aqrar Kredit və İnkişaf Agentliyi) rəsmi internet saytında yerləşdirilir.

Məlumat üçün qeyd edək ki, daha əvvəl subsidiya alan fermerlərin siyahısı nazirliyin rəsmi səhifəsində yerləşdirildiyi zaman orada yüksək rütbəli dövlət məmurlarının və onların ailə üzvlərinin adlarına da rast gəlmək mümkün olurdu.

2015-2018-ci illər ərzində açıqlnan məlumatlarda Prezident Administrasiyasının sabiq rəhbəri, hazırda AMEA-nın prezidenti olan Ramiz Mehdiyevin ailə üzvlərinin də adına rast gəlmək olurdu. Subsidiya alan fermerlərin siyahısında Ramiz Mehdiyevin həyat yoldaşı - Bakı Dövlət Universitetinin Mexaniki-riyaziyyat fakultəsinin Hesablama riyaziyyatı kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Qalina Mehdiyevanın, həmçinin Ramiz Mehdiyevin qızı - Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasının müdiri, psixologiya elmləri doktoru, professor Kamilə Əliyevanın və Ramiz Mehdiyevin oğlu Fövqəladə Hallar Nazirinin müavini, general-mayor Teymur Mehdiyevin adları da yer alıb.

Kənd Təsərrüfatı Nazirliyinin 2015-2018-ci illər üçün açıqladığı məlumatlarda göstərilir ki, Novxanı kəndində subsidiya alan yalnız 2 fermer təsərrüfatı olub. Onlardan biri Mehdiyeva Qalina Yuriyevna, digəri isə Mehdiyeva Teymur Ramiz oğluna məxsus olub.

Noxvanı kəndi ilə bağlı sonuncu məlumat 2017-ci ildə açıqlanıb. Həmin məlumatda göstərilir ki, Mehdiyeva Qalina Yuriyevna sahib olduğu 113 hektar torpaq sahəsinə görə 5 650 manat, Mehdiyeva Teymur Ramiz oğlu isə 42 hektar torpaq sahəsinə görə 2 100 manat subsidiya alıblar. Rəsmi məlumatlarda göstərilir ki, bu iki şəxsdən başqa Novxanı kəndində subsidiya alan torpaq sahibi olmayıb.

Məlumat üçün qeyd edək ki, “Google Earth” proqramından baxdığımız zaman Novxanı kəndi ərazisində 155 hektarlıq böyük bir torpaq sahəsini əhatə edən yeganə ərazinin “Duzlu göl” adlanan gölün yaxınlığında yerləşdiyi görülür. Bu səbəbdən həmin torpaq sahəsinin Ramiz Mehdiyevin ailəsinə məxsus olması ehtimalı yüksəkdir.

5