Daha 2 neftçinin cəsədi tapıldı - Onlar kimlərdir?

ÖLKƏ
12:38 / 24.06.2020
1587

Ötən ay Xəzər dənizinin dərinsulu hissəsində boru xəttinin monitorinqi aparılarkən 2015-ci il dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı Dərin Dəniz Özülündə baş vermiş qəza zamanı itkin düşmüş iki əməkdaşın cəsədləri 190 metr dərinlikdə tapıldıqdan sonra iyun ayında da həmin ərazidə təftiş və axtarış işləri davam etdirilib.

SOCAR-dan HİT.Az-a verilən məlumata görə, 149 metr dərinlikdə daha iki insan cəsədi aşkarlanıb:

“Cəsədlər müvafiq qaydada çıxarıldıqdan sonra dövlət orqanlarına təhvil verilib. Analizlər nəticəsində müəyyən edilib ki, tapılan cəsədlərdən biri 2015-ci ildə baş vermiş həmin qəza zamanı itkin düşmüş, 4-cü dərəcəli neft-qazçıxarma operatoru 1971-cü il təvəllüdlü Rəsulov Elşad Baloğlan oğluna məxsusdur. Cəsəd bu gün ailə üzvlərinə təhvil veiləcək. Mərhum neftçinin ailəsinə başsağlığı verir və Allahdan rəhmət diləyirik”.

Rəsmi məlumata görə, digər cəsədin qalıqlarının analizləri davam etdirilir. Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, “Günəşli” yatağında yanğın 2015-ci il 4 dekabrda 10 saylı dərin dəniz özülündə baş verib. Hadisə nəticəsində 63 nəfər zərər çəkib. Onlardan 9 nəfər dünyasını dəyişib, 22 nəfər itkin düşüb.

Bu hadisə ilə əlaqədar olaraq 6 dekabr Azərbaycanda matəm günü elan edilib.

Bir müddət əvvəl  itkin düşən dənizçilərdən ikisinin - 1954-cü il təvəllüdlü Əbdüləziz İsmayıl oğlu Əbdüləzizov və 1973-cü il təvəllüdlü Əyyub Xəlil oğlu Əliyevin tanınan meyitləri tapılaraq ailələrinə təhvil verilib.

0