Rusiyanın "Qazprom" şirkətinin İdarə Heyətinin sədrinin müavini Famil Sadıqov şirkətin adi səhmlərinə sahib olub. Əslən azərbaycanlı olan F. Sadıqov şirkətin nizamnamə kapitalında 0,000232% pay əldə edib.
Bu barədə "APA-Economics" "Qazprom"a istinadən xəbər verir.
Məlumata əsasən, "Qazprom"un nizamnamə kapitalındakı müvafiq şəxsin payı bu ilin mayın 6-da dəyişib.
Qeyd edək ki, "Qazprom"un nizamnamə kapitalı 23 673 512 900 ədəd adi səhmdən ibarətdir. Beləliklə, F. Sadıqov "Qazprom"un təxminən 54 920 ədəd səhmini satın alıb. Onun əldə etdiyi səhm paketin dəyəri 10,27 mln. rubl (təxminən 138 955 ABŞ dolları) ola bilər.
Xatırladaq ki, F. Sadıqov 1968-ci ildə Naxçıvan şəhərində anadan olub. O, müxtəlif illərdə Rusiya Federasiyasının Vergilər və Yığımlar nazirinin müavini, Rusiya Federasiyası Federal Xəzinədarlığı rəhbərinin müavini, “Qazprombank” ASC-nin İdarə Heyətinin sədrinin müavini vəzifələrində çalışıb.