Rusiya Lukaşenkonu devirir?

DÜNYA
16:25 / 26.06.2020
1410

Belarus Prezidenti Aleksandr Lukaşenko prezident seçkiləri öncəsi yenə də öz rəqiblərinə qarşı tənqidlə çıxış edib.

Belarusda keçiriləcək prezident seçkilərinə xaricdən çox fəal şəkildə müdaxilə edildiyini dilə gətirən prezident onların da bu vicdansızlığa sürükləndiyini bildirib:

“Biz bilirik həm Rusiyada, həm də Polşada onların arxasında siyasətlə gizli məşğul olan insanlar dayanıb", - deyə Lukaşenko bəyan edib.

Belarus lideri bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə bu yaxınlarda baş tutacaq görüşü zamanı bu barədə danışacaq.

Mövzu ilə bağlı Cebhe.info-ya şərh verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, əslində Lukaşenko Rusiyanı birbaşa ittiham etmir:

“Ümumiyyətlə, Rusiyaya qarşı çox ciddi ittihamlar var. ABŞ-da da son prezident seçkilərində Rusiyaya qarşı çox ciddi ittihamlar irəli sürüldü ki, seçkilərə müdaxilə etdi və kiberhücümlar həyata keçirdi. Rusiya rəsmiləri bunu etiraf etmədilər. Amma ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Con Boltonun kitabında o məqam var ki, Bolton Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəndə, o deyib ki, ola bilsin Rusiyada kiberhücumlar olsun, amma bu rəsmi səviyyədə olub. Bu, faktiki etirafdır ki, Rusiya seçkilərə müdaxilə edib. Belarusa gəldikdə, bu ölkənin prezidenti Rusiya ilə münasibətdə uzun müddət gərginlik yaşayıb. Baxmayaraq ki, strateji tərəfdaşdır və bu günlərdə Moskvada keçirilən paradda Lukaşenko iştirak etmişdi. Lukaşenko sadəcə bildirir ki, Rusiyada müəyyən mərkəzlər seçkiyə qarışırlar. Çünki Lukaşenko bilir ki, Rusiyada oliqarx və hərbi mərkəzlər onu devirmək istəyirlər. Amma hesab etmirəm ki, Rusiyanın konkret belə bir planı olsun. Lukaşenkonun Belarusda hələlik alternativi yoxdur. Nə qədər ki, Rusiyanın Lukaşenkodan xoşu gəlməsə də, onu devirməyə risk etməz. Çünki müxalifətdə olanlar daha çox Qərbə yaxındılar. Ona görə də Rusiya tərəfdən ciddi bir mənada Belarusda keçiriləcək seçkilərə müdaxilə olacağını düşünmürəm”.

Müdaxilə hallarına gəlincə, politoloq əlavə edib ki, informasiya kommunikasiyaları göz qabağındadır və bu vasitə ilə seçkilərə müdaxilə baş verir:

“Saxta profillər açılır və onların vasitəsilə hansısa namizədin əleyhinə təbliğat hazırlanır, karikaturalar, onu ifşaedici məlumatar yayılır. Bununla da həmin rəqibin reytinqinə mənfi təsir edirlər”.

Alçina Amilqızı
Cebhe.info

0
Cebhe.info