Ermənistanda konstitusiya dəyişiklikləri qüvvəyə minib. Dəyişikliklərə görə, Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyan və üç hakim artıq vəzifələrini itiriblər.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook” hesabında yazıb.
O bildirib ki, iki ay ərzində Feliks Toxyan, Qrant Nazaryan və Alvina Qyulumyanın yerinə üç yeni hakim seçiləcək.
“Ermənistanın bütün dövlət qurumları bu faktı nəzərə almalı və ona əsasən iş görməlidirlər”,- deyə Paşinyan vurğulayıb.
Ermənistanın sabiq ədliyyə naziri Arpine Ovhannisyan isə qərarı qanunsuz adlandırıb və bildirib ki, ölkə hakimiyyəti konstitusiyaya edilmiş dəyişikliklər əsasında hakimləri Konstitusiya Məhkəməsi qanununun maddələrindən birini dəyişdirməyi "unutduğu üçün" işdən çıxara bilməz.
Xatırladaq ki, konstitusiya dəyişikliklərinə əsasən, Konstitusiya Məhkəməsində 12 ildən çox işləmiş hakimlər azad edilir. Digər hakimlər isə 12 illik müddəti başa çatdıqdan sonra azad ediləcək.
Onu da qeyd edək ki, konstitusiya dəyişiklikləri üçün əvvəlcə referendum nəzərdə tutulsa da, koronavirus pandmeiyası ilə əlaqədar bunun parlament daxilində həyata keçirilməsi qərarı verildi və hakim komandadan olan deputatlar onun lehinə səs verdilər. Müxalifəti təmsil edən deputatlar isə parlamentin həmin iclasını boykot etdilər və səsverməyə qatılmadılar.