“O qədər işgəncə verdilər ki, sonsuz oldum” – 23 uşağa atalıq edən aktyor (VİDEO)

MAQAZİN
13:00 / 14.05.2020
5008
Məşhur aktyor Turqay Tanülkünün həyatı da filmə bənzəyir. 62 yaşlı aktyor 18 yaşında düşdüyü həbsxanadan 6 il sonra başqa bir insan olaraq çıxıb. Azadlığa qovuşan vaxt özünə “Mən bura bir də qayıdacam” deyə söz verib.
 
Tanülkü həbsxanalarda teatr quraraq, məhkumlara yeni bir dünya bəxş edib. Çoxlarının “Kurtlar vadisi”, “Eşkiya dünyaya hükümdar olmaz” seriallarından Şahin ağa kimi tanıdığı aktyorun həyat hekayəsi də ekrana köçürüləcək qədər cəlbedicidir.
 
Turqay Tanülkünün 1981-ci ildən bəri, demək olar ki, gedib-gəlmədiyi həbsxana qalmayıb. Üstəlik, o, sadəcə məhkumların deyil, övladlarının da ümidinə çevrilib. Onun 14-nü həbsxanadan götürdüyü 23 övladı var. O gənclərin çoxu onun sayəsində ali məktəb oxuyaraq həyata atılıblar. Hətta onların içindən biri hüquq fakültəsini bitirərək hakim olub.
 
Hit.Az türk mətbuatına istinadən aktyorun müsahibəsini təqdim edir:
 
– Hekayəniz həbsxanaya düşməyinizlə başlayır. Gəlin lap əvvələ qayıdaq...
 
– 1970-ci illərdə siyasi səbəblərlə həbs olundum. Onda 18 yaşım var idi. Uzun müddət işgəncələrə məruz qaldım, sonsuz olacaq qədər ağır işgəncələrə... Mənim həyatım bir dramdır. Çox da xoşbəxt bir kəsimin nümayəndəsi deyiləm.
 
– Həbs olunanda oxuyurdunuz?
 
– Orta məktəbi Ankarada bitirib, hüquq fakültəsinə qəbul olmuşdum. Eyni zamanda, konservatoriyada imtahanlarından keçmişdim.Tutulandan sonra həbsxanada özümü və hücrədəki qardaşları əyləndirmək üçün müxtəlif lətifələri səhnələşdirirdim. Hücrədə bir teatr yaratmışdım . Uzun müddət belə də davam etdi. Anamgil elə bilirdi mən Almaniyadayam. Ona görə də mənim ziyarətçim olmurdu.
 
Həbsxanadakı uşaqları xilas etməliydim. Onlar üçün nəsə etməliydim. Bir neçə il sonra bir günahımın olmadığı ortaya çıxdı. 26 yaşında həbsxanadan çıxdım. Səkkiz gözəl ilim orda məhv oldu. Amma həbsdən çıxdığım gün özümə söz verdim ki, bura yenə qayıdacam.
1981-ci ildən könüllü olaraq məhkumlarla birlikdə tamaşalar hazırlamağa başladım. Könüllü olmaq idarəyə də sərf eləyirdi. Hər gün həbsxanaya gedir, orda dərs keçirdim. Məhkumlardan bir qrup yaratmışdım, ilk tamaşamızı da o vaxt səhnələşdirdik.
 
Konservatoriyanı bitirə bildim. Həbsxanada olanda nəzarətçiylə birlikdə dərsə gedib-gəlirdim. Konservatoriyayla həbsxana arasında iki küçə var idi. Nəzarətçi məni məktəbə qədər ötürür, axşam da gəlib götürürdü. Məktəbdəkilər dustaq olduğumu bilmirdilər, amma bəzən şübhələnirdilər.
 
Məhkumlar aktyorluq edirdilər, mən də tədbirlər hazırlayırdım. Ailələri onları izləməyə gəlirdilər. Uşaqlar analarını, atalarını seyr edirdilər. Tamaşalar bitər, qonaqlar gedər, o boyda adamlar səhnədən enib ailələrin oturduğu kresloları qoxlayardılar...
 
Övladım olmadığını və olmayacağını bilirdilər. Həyat yoldaşım sağ olsun, “qismət” deyib qəbul eləmişdi bunu. 27 ildir ki, evliyəm. O tədbirlər və tamaşalar sayəsində məhkumların uşaqları ilə tanış olmağa başladım.

Bir gün onlara pul verməkdən daha böyük kömək eləmək qərarına gəldim. Uşaqların ailələri ilə danışmağa başladım, “Onları oxuda biləcəksinizmi?” deyə... Vəziyyətləri yaxşı deyildi. Əvvəlcə onlara evlərində dərs keçməyə başladım. Evlərinə bazarlıq edir, kirayələrini ödəyirdim. Ancaq bütün bunların öhdəsindən gəlmək üçün aktyorluqdan başqa da bir iş görməliydim.
Sellofan torba satmağa başladım. Çayxana açdım. Ora gələnlərlə uşaqlara dəstək olmağa çalışdım. O vaxtlar bir seriala çəkilirdim. Ordan aldığım pul məni xeyli gücləndirmişdi, amma o da bir yerə qədər çatırdı. Həyat yoldaşımla danışdım və o uşaqları övladlığa götürməyə qərar verdik. Ana-ata çarəsiz qalanda uşaqlar küçələrə düşür, cinayətə meyillənir.
 
– İlk götürdüyünüz uşağın indi neçə yaşı var?
 
– 45 yaşında bir oğlum var indi. Onu oxudanda öz evlərində qalırdı. Mənim ağlım da ondaydı, çünki atası həbsdə idi. Belə bir vəziyyət var, ata türmədə olanda analar işləmirsə, uşaqlar neyləməlidir? Ya atasının törətdiyi cinayəti törədir, ya da başqa cinayət. Məsələn, ata narkotik alverindən içəri düşübsə, onu müdafiə edən vəkil o qədər pul istəyir ki, qadın ərini qurtarmaq üçün həmin işə əl atmaq məcburiyyətində qalır. Bu işlər zəncirvaridir.
 
– Haqlısınız. Bəs siz yardımlara necə davam etdiniz?
 
– Qız uşaqlarını da övladlığa götürəndən sonra işin rəngi dəyişdi. Hər biriylə qürur duyuram, amma bir qızım var, hakimdir. İki övladım səhnəyə qoyduğum tamaşada oynayırlar.
Beş evimiz var, uşaqlar bu evlərdə yaşayırlar. Mənim evim yoxdur, bir maşınım var. İşləyib bu xərclərin altından qalxmağa çalışıram.
 
Bu gün 23 övladım var. 11-i ali məktəbdə oxuyur. Balaca uşaqlarım da var. Kənddə yaşayan balacalar çoban uşaqlarıyla bir yerdə torpağa bağlı, torpağı öyrənərək böyüyürlər. Mən ibtidai sinifdə kənd təsərrüfatı müəllimlərindən dərs aldım. Onlar mənə nə öyrədiblərsə, mən də uşaqlarıma onu öyrədirəm. Buna görə də uşaqlarımın hamısı tarlanı, ağacı, torpağı yaxşı bilirlər.
 
– Bəs o evlərdə uşaqlara kim baxır?
 
– Balacaların başının üstündə dostumun həyat yoldaşı durur. Onun da övladları, nəvələri var. Böyüklər də özlərinə əmanət. Onsuz da böyüklər balacalara sahib çıxır, kömək edirlər. Üstəlik, fikirlərində sərbəstdilər. Mən “Qalatasaray”lıyamsa, onlar da o komandanı dəstəkləmək məcburiyyətində deyillər. Qızlarımdan biri hicab bağlamaq istədi, bağladı. Aramızda ayrıseçkilik yoxdur. Ortaq hesabımız var, ora mənim qazandığım pullar, işləməyə başlayan uşaqların qazancları və güvəndiyimiz dostların köməkləri yatırılır. Ehtiyacı olan da ordan pul çəkir...
Küçədən övladlığa götürdüyüm uşaqlar da var, taksoman olanlar. Onlar çox davakar və sərt olurlar. Uşaqlarımdan biri elə hey polislik olur.
 
Həyat yoldaşım da özünü bu işə həsr edib. Analar Günündə ona 23 dənə gül gəlir. O uşaqların heç bir təmənnası yoxdur.
 
– Hamısı sizə ata deyir?
 
– Bəli, ata deyirlər. Çox ağır sözdü. (gözləri dolur) Mənim uşaqlarımın hamısı həyata 1-0 geridə başlayıblar. Onların keçmişləri bilinəndə fərli münasibət görmürlər. Sultan qızım imtahanlara hazırlaşarkən saçları ağardı, sarılıq keçirdi. İçim-içimi yeyirdi, fikirləşirdim ki, birdən ya mənə görə, ya həbsdəki atasına görə nəsə sıxıntı keçirər. Ancaq imtahanlardan keçəndən sonra dünya mənim oldu. Uşaqlarımın hamısının ailələrinə qayıtmağını istəyirəm.
0