Mərkəzi Gömrük Hospitalında Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri, tanınmış transplantoloq, ümumi cərrah Mircəlal Kazımi pandemiya səbəbindən bu xəstəxanadan ayrılıb.
Bu barədə M.Kazımi özü məlumat verib. O qeyd edib ki, Mərkəzi Gömrük Hospitalındakı işindən müvəqqəti olaraq ayrılıb:
“Bildiyiniz kimi, Mərkəzi Gömrük Hospitalı pandemiyalı xəstələr üçün ayrılıb. Bu çətin dövrdə xəstəxana həqiqətən üzərinə böyük yük götürüb. Buradakı əməkdaşlar fədakarcasına xəstələrə xidmət göstərirlər. Xəstəxana yalnız COVİD-19 xəstələrini qəbul etdiyindən, digər xəstələrimizin, xüsusilə də qaraciyər və böyrək transplatasiyası əməliyyatına ehtiyacı olanların müayinə və müalicəsi üçün artıq Mərkəzi Klinikada fəaliyyət göstərirəm”.
Qeyd edək ki, M.Kazımi 2008-ci ildən 2018-ci ilədək Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, 2018-ci il sentyabrın 28-dən etibarən isə Mərkəzi Gömrük Hospitalında Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin rəhbəri olaraq fəaliyyətini davam etdirir.