İki dövlət qurumuna ittiham: Heydər Əliyev parkının ərazisini satıblar - FOTO, VİDEO

ÖLKƏ
11:54 / 29.06.2020
1913

Beyləqan sakinləri: “Xahiş edirik, qanunsuzluğu aradan qaldırın, parkın təmir-bərpasını öz öhdəmizə götürürük”

Beyləqan rayonunun bir qrup sakini AYNA-ya müraciət edib. Müraciətdə Beyləqan şəhərində Heydər Əliyev parkının ərazisinin qanunsuz yolla satılmasından bəhs olunur.

“Beyləqan şəhər ərazisində yerləşən Heydər Əliyev parkının ərazisi qanunsuz olaraq  sahibkar Vahid Abdullayev və onun oğlu Asəf Abdullayevə satılıb. Həmin parkın indiyə kimi 4 ha ərazisi olub və Beyləqan rayon əhalisinə xidmət edib. Parkın ərazisində yaşlılar və uşaqlar üçün əyləncə yerləri və atraksionlar var idi. Eyni zamanda, parkın ərazisində olan “Qırmızı kitab”a düşmüş xeyli ağac növləri də var idi. Çox təəssüf olsun ki, məmur özbaşınalıqları Beyləqan rayonunda da özünü göstərdi. Keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) rəhbərliyi, bilavasitə Rafiq Cəlilov və Yusif Qənbərov kimi məmurların havadarlığı ilə, Beyləqan Rayon İcra Hakimiyyətinin (BRİH) keçmiş başçısı Vaqif Abdullayev tərəfindən həmin parkın 1 hektarı satıldı, orada olan nadir ağaclar kəsildi və atraksionlar dağıdıldı”, - deyə müraciətdə bildirilir.


Sakinlər qeyd edirlər ki, dəfələrlə Baş Nazirə etdikləri şikayətlər nəticəsində, Baş Nazirin göstərişi ilə 19.01.2019-cu ildə xüsusi komissiya təşkil olunub: “Həmin komissiyanın tərkibi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Dövlət şəhərsalma nəzarəti şöbəsinin müdiri Əmiraslan Həsənov, Şəhərsalma şöbəsinin Ərazi planlaşdırılması sənədlərinin monitorinqi sektorunun müdiri Həsən Vəliyev, Dövlət şəhərsalma kadastrı şöbəsinin müdir müavini Əli Şərifov, Əmlak Məsələləri Dövlət Komitəsinin Yerli qurumlarla iş və dövlət ehtiyaclarının ödənilməsi şöbəsinin müdiri Yusif Qənbərov, Beyləqan RİH başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məhəmməd Qələndərov, Beyləqan RİH Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi (mühəndis) Rauf Abbasovdan ibarət idi. Komissiya üzvləri öz aktlarında həmin ərazinin qanunsuz satılmasını imzaları ilə təsdiq etmişdilər. Ancaq buna baxmayaraq, keçmiş ƏMDK və BRİH-in keçmiş başçısı V.Abdullayev heç nəyə məhəl qoymayaraq, sahibkar V.Abdullayev və onun oğlu A.Abdullayevə ərazidə tikinti işləri aparmaq üçün şərait yaratdılar”.

“Hazırda sözügedən ərazidə 3340 kv.m. obyekt tikilməsinə icazə verilib. Hansı ki, həmin ərazi Heydər Əliyev adına olan park olmaqla, 2 ədəd beşmərtəbəli binanın qarşısında yerləşir. Biz Beyləqan sakinləri dəfələrlə keçmiş ƏMDK sədri Kərəm Həsənovun qəbuluna düşmək istəsək də, Rafiq Cəlilov və Yusif Qənbərov buna mane olaraq, həmin parkın bərpa olunacağına söz veriblər. Ancaq biz rayon əhalisi olaraq o cür “mötəbər” hesab etdiyimiz insanların bizi aldadacağını güman etməzdik. Bilməzdik ki, belə insanlar Heydər Əliyev parkını satmağa hazırdırlar”, - müraciət müəllifləri vurğulayırlar.

Əlavə edirlər ki, komissiya başqa bir mətləbi də ortaya çıxarıb: “Komissiya aydınlaşdırdı ki, V.Abdullayev və onun oğlu A.Abdullayevə qeyri-qanuni torpağın satılması ilə bərabər, 0,33 ha ərazi də əlavə olaraq zəbt olunub. Biz Beyləqan sakinləri olaraq sizdən xahiş edirik ki, bu məsələni işıqlandıraraq ölkə rəhbərliyinə çatdırasınız. Məhv olmuş həmin parkın yenidən bərpa olunmasını və atraksionlarla təmin olunmasını və bütün təmir-tikinti işlərini təmin edərək, oranı əvvəlki kimi park halına salınıb vətəndaşların istifadəsinə verilməsini öz öhdəmizə götürürük. Siz bu məsələdə bizə kömək olmaqla yüzlərlə yaşlı insanın, körpə uşağın istirahətə qovuşmasına səbəb olacaqsınız”.

Qeyd edək ki, redaksiyamıza ünvanlanan müraciəti aşağıdakı şəxslər imzalayıblar:

Mehdiyev Zakir Əjdər oğlu AZE № 08994395

Əhmədov Məhyəddin Nadir oğlu AZE № 13802833                         

Rəfiyev Şirxan Hümbət oğlu AZE № 05998652

Əhmədov Şahin Firudin oğlu AZE № 17381086

Əliyev Dünyamin Əli oğlu AZE № 09936310

Əhmədov Xaqani Xasay oğlu AZE № 18377470

Allahverdiyeva Xuraman Qəmbər qızı AZE № 07544370

Zalov Lətif Məhəmməd oğlu AZE № 14563677

P.S. Məsələni dəqiqləşdirmək üçün Beyləqan RİH ilə əlaqə saxladıq. Qurumun telefona cavab verən, adının çəkilməsini istəməyən əməkdaşı AYNA-ya bildirdi ki, bu barədə İcra Hakimiyyətinin adından heç bir açıqlama verə bilməz və bizi başqa kimlərəsə yönləndirmək də istəmir: “Kimlərdən şikayət edilibsə, onlarla da əlaqə saxlamaq lazımdır. Məndə səlahiyyətli şəxslərin əlaqə nömrələri yoxdur”.

Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov isə AYNA-ya bildirdi ki, hadisə ötən il olub və Komitə bununla bağlı araşdırma aparıb: “Həmin park bizim tərəfimizdən satılmayıb və bizə heç bir aidiyyəti yoxdur. Yəni biz onlara nə sənəd vermişik, nə də başqa bir şey. Onlar Beyləqan Rayon İcra Hakimiyyətinə getməlidirlər. Ümumiyyətlə, o parkın bizə heç bir dəxli yoxdur. Biz tərəfdən nə özələşdirilib, nə də satılıb”.

Şikayətdə adları keçən iş adamları ilə isə əlaqə saxlaya bilmədik. İstənilən halda, mövqelərini işıqlandırmağa hazırıq.

 

0