“Abşeron Şərab"-ın Rusiyada Azərbaycan əleyhinə fəaliyyəti – Milli brendlər necə hörmətdən salınır?

İQTİSADİYYAT
12:28 / 29.06.2020
1687

Son illər qeyri-neft sektorunun inkişaf etdirilməsi, yerli məhsulların xarici bazarlara ayaq açması, milli brendlərimizin öz keyfiyyəti ilə rəqabətdən qalib çıxması yönündə Azərbaycan hökuməti ardıcıl tədbirlər həyata keçirir. Bu məqsədlə Azərbaycan dövləti sahibkarlara hərtərəfli yardımlar göstərir, onların xarici bazarlarda möhkəmlənməsi üçün gərəkən bütün lazımı addımları atır. Müxtəlif ölkələrdə fəaliyyətinə start verilən Azərbaycan Ticarət Evləri şəbəkəsinin qurulması bu yöndə atılan mühüm addımlardandır.

Prezident İlham Əliyev dəfələrlə bildirib ki, bu gün qarşıda duran əsas məqsədlərdən biri "Made in Azerbaijan” brendini dünyada tanıtmaq, Azərbaycan məhsullarının xarici bazarlara çıxışını təmin etmək və ölkənin ixrac potensialını artırmaqdır.

Etiraf edək ki, ölkə xaricində milli brendlərimizin tanıdılması, daha geniş təqdimatı heç də asan başa gəlməyib. Məkrli düşmənimiz ermənilərin, erməni iqtisadi elitasının daimi təxribatları, milli brendlərimizi öz adlarına çıxması bu yöndə ardıcıl mübarizə aparılmasını diqtə edib. Bu baxımdan Azərbaycan sahibkarları xarici bazarlara həm keyfiyyətli məhsullar təqdim etmək, həm də düşmən təbliğatına qarşı izafi enerji sərf etmək zorunda qalıb və qalır. Amma...

Amma təəssüf hissiylə qeyd olunmalıdır ki, "Made in Azerbaijan” brendinə qarşı təkcə bəlli düşmənlə mübarizə yetərli deyilmiş. Elə ölkəmizdə fəaliyyət göstərən elə şirkətlər var ki, onlar milli brendlərimizi nüfuzdan salmaq və dolayısı ilə ölkəmizin ixrac potensialına zərbə vurmaq baxımından daha təhlükəlidirlər. Hörmətli oxucu konkret fakt və ya misal istəyirsə, buyursun!

BU DA FAKT - Rusiya bazarlarında "Abşeron Şərab” ASC milli şərab brendlərimizin düşməninə çevrilib. Məsələnin mahiyyəti isə ondan ibarətdir ki, "Abşeron Şərab” ASC "Gəncə Şərab 2" ASC-yə qarşı nə iqtisadi rəqabət etikasına, nə də istehsalçı mədəniyyətinə sığmayan davranış tərzi sərgiləyərək "Made in Azerbajan" brendinə etimadsızlığın yaranmasına səbəb olur.

Belə ki, "Abşeron Şərab" ASC Azərbaycanın ən böyük şərab istehsalçısı olan "Gəncə Şərab 2" ASC-nin sahibi olduğu brend adlarını oğurlayıb və eyni adlı məhsulları Rusiya bazarında satmağa başlayıb. Eyni adlı məhsulları brend sahibindən daha ucuz təqdim edən "Abşeron Şərab" ASC-ni isə nə məhsulun keyfiyyəti, nə də Azərbaycan brendinin nüfuzu düşündürmür. Saxta yolla qazanc əldə edənlər isə unudur ki, burada uduzan bütövlükdə ölkə iqtisadiyyatı və ixrac potensialıdır.

Qeyd edək ki, "Gəncə Şərab -2" 650 işçisi və 400 ha üzüm plantasiyası olan "Gəncə Şərab-2" ASC bu sahədə Azərbaycanın həm ən böyük şirkəti, həm də iri vergi ödəyicisidir. Hər bir brendin formalaşması, tanınması üçün artıq iki onillikdir ki, böyük əmək sərf edir. Yarandığı gündən də Rusiyaya 13 adda şərab ixrac edir. Şirkətin "Огни Баку" (Bakı işıqları), "Девичья башня" (Qız qalası), "Семь красавиц" (Yeddi Gözəl), "Букет Азербайджана" (Azərbaycan buketi) və sair brendləri 1997-ci ildən başlayaraq, məhz Rusiyada bir çox müsabiqələrin qalibi olub və mükafatlandırılıb.

"Abşeron Şərab" isə özünə yeni brend yaratmaq əvəzinə "Gəncə Şərab"ın Rusiya bazarında populyarlıq qazanmış brendlərinin saxtasını dövriyyəyə soxmaqla daha asan yolla pul qazanmaq eşqinə düşüb.

Hesab edirik ki, ölkənin beynəlxalq iqtisadi nüfuzununun mövzu olduğu bu məsələ müvafiq orqanların diqqətinə səbəb olacaq və problem müsbət həllini tapacaq.

0
Sfera.az