Azərbaycan idmançısına 144 aylıq cəza verildi

İDMAN
09:22 / 30.06.2020
1348

Azərbaycanın daha 2 idmançısı diskvalifikasiyaya məruz qalıb.

Azərbaycan Milli Antidopinq Agentliyindən "Report"a verilən məlumata görə, bunlar ağırlıqqaldıran Həsənbəy Həsənzadə və boksçu Kamran Orucovdur.

Hər 2 şəxsdən alınmış nümunədə Qadağan edilmiş Maddə və ya onun Metabolit yaxud Markerlərinin mövcudluğu təsbit edilib.

Qanından oksandrolon metaboliti, oksimetolon metaboliti və metasteron tapılan Həsənzadəyə 144 aylıq (12 illik) cəza kəsilib. Cəza 11 mart 2019-cu ildən qüvvəyə minib və 2031-ci ilin eyni tarixində başa çatacaq.

Orucovun analizi nəticəsində isə orqanizmindən 4-metilheksan-2-amin (metilheksaneamin) tapılıb. O isə 2 illik diskvalifikasiyaya məruz qalıb.

2020-ci il mayın 8-dən qüvvəyə minən cəza 2022-ci il mayın 8-də yekunlaşacaq.

Qeyd edək ki, əslən Samuxdan olan 19 yaşlı Həsənbəy Həsənzadə 7-8 fevral 2019-cu ildə Bakının Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən Azərbaycan çempionatında 109 kq-dan yuxarı çəki dərəcəsində qızıl medal qazanıb.

Kamran Orucov isə cəmi bir dəfə boks üzrə Azərbaycan çempionatında çıxış edib.

0