Nərimanovda “40-ı çıxmış” bina: sakinlər Mehriban Əliyevaya yazdı - FOTO

ÖLKƏ
19:14 / 30.06.2020
1868

Paytaxtın Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsində yerləşən 40 saylı binanın sakinləri I vitse-prezident Mehriban Əliyevaya, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət ediblər. 

Hit.Az-a göndərilən məktubda bildirilir ki, bina Heydər Əliyev Mərkəzi və Bakı Konqres Mərkəzindən 200 metr məsafədə yerləşir, 4 mərtəbə, 2 blok olmaqla cəmi 16 mənzildən ibarətdir. 

Bina 1953-cü il tarixdə “Stalin” layihəsi üzrə inşa edilib və hazırda tikilinin özülü, möhkəmliyi qənaətbəxşdir. 

“Əsas problemimiz ondan ibarətdir ki, binanın fasadı və daxili dəhlizləri çox bərbad və baxımsız vəziyyətdədir. 

Təəssüflər olsun ki, son 40 ildə, binanın fasadının və ümumi istifadədə olan daxili sahələrinin abadlaşdırılması üçün heç bir iş görülməyib. 

Müxtəlif vaxtlarda sakinlərin öz vəsaiti hesabına binanın daxili dəhlizlərində cüzi abadlaşdırma işləri həyata keçirilsə də, binanın fasadı tamamilə baxımsız vəziyyətdə qalıb. 
Şəkillərdən də göründüyü kimi binamızın xarici görünüşü yerləşdiyi ərazinin ümumi görünüşünə çox pis şəkildə xələl gətirir. 

Görünən odur ki, bu vəziyyət yerli icra və MİS orqanlarını qətiyyən narahat etmir”, - deyə müraciətdə vurğulanıb. 

Sakinlər qeyd ediblər ki, bina ətraf ərazinin bütün mənzərəsini tamamilə korlayır: “Bundan əlavə, binanın damından qurunt suları binanın daxilinə və fasadına axır. 

Binamızın ətrafındakı bütün köhnə tikililər sökülüb, yerində yeni tikililər ucaldıldığı halda, bizim binanın vəziyyəti acınacaqlıdır. 

Belə ki, son 2-3 ildir ətrafdakı söküntü - tikinti işləri ucbatından demək olar hər həftə işıq, qaz və su verilməsində fasilələr yaranır, tikini maşınları həyətimizi tam olaraq zəbt edib. 

Tikinti aparılması üzrə təhlükəsizlik normaları kobud şəkildə pozulduğundan uşaqlarımıza həyətdə gəzməyə belə qadağan etmək məcburiyyətində qalmışıq.  

Hörmətli Mehriban xanım! Qeyd olunanları və düşdüyümüz çətin vəziyyəti nəzərə alaraq, Sizdən Əliəşrəf Əlizadə küçəsində yerləşən 40 saylı binanın fasadının və daxili dəhlizlərinin təmir edilməsi üçün müvafiq qurumlara göstəriş verməyinizi xahiş edirik”.

0