Azərbaycanda son zamanlar pnevmaniya niyə çox yayılıb? - Baş infeksionistdən cavab

ÖLKƏ
21:00 / 03.07.2020
1513

"Əgər bir insan istəyirsə ki, onda pnevmaniya inkişaf etməsin, o zaman koronavirusdan qorunmalıdır".

Bunu Lent.az -a açıqlamasında baş infeksionist Cəlal İsayev deyib.

Pnevmaniyanın insanlarda kəskin ağciyər çatışmazlığının inkişafına və hətta ölümə səbəb ola bildiyini deyən həkim, bu xəstəliyin əvvəllər də müşahidə olunduğunu bildirib: "Koronaviruslar, istər SARS, istərsə də MERS, pnevmaniya yaradırdı. İndiki SARS 2 kimi adlandırdığımız bu virus da ağırlaşma kimi əsasən ağciyər və qaraçiyərin zədələnməsinə, tənəffüs çatmazlığına və hətta xəstənin ölümünə səbəb olur.

Əvvələr də pnevmaniya xəstəliyi olub. Bir çox virus bakteriyaları bu xəstəliyi yaradıb. Amma hazırda bu xəstəlik koronavirusa yoluxanların əsas ağırlaşmalarından biri kimi bizi narahat etdiyinə görə çox gündəmdədir. Bütün xəstələrə nəzarət üçün kompüter tomoqrafiyası, rentgen müayinəsi aparılır ki, ağciyərdə belə bir dəyişikliyin olub-olmaması müəyyən edilsin. Əgər müəyyən olunarsa ki, xəstədə pnevmaniya inkişaf edir, o xəstə mütləq ciddi nəzarətə götürülür".

Özümüzü pnevmaniyadan necə qoruyacağımıza gəlincə, baş infeksionist bildirib ki, ilk növbədə koronavirusa yoluxmaqdan qorunmaq lazımdır: "Əgər bir insan istəyirsə ki, onda pnevmaniya inkişaf etməsin, o zaman koronavirusdan qorunmalıdır. Bu virusdan qorunmağın yollarını hər gün həkimlər də deyir, mətbuat da yazır. Maskadan istifadə etmək, sosial məsafəni saxlamaq, gigiyena qaydalarına əməl etmək vacibdir".

0