HİT.Az kulis.az-a istinadən Mirzə Fətəli Axundovun "Hacı Qara" pyesi əsasında çəkilmiş eyniadlı filmi təqdim edir.
Pyesin süjetinə görə, xəsisliyi ilə ad çıxaran parça taciri Hacı Qaranın son vaxtlar işləri tərs gətirir. Digər personajlarından biri, döyüşdə, soyğunçuluqda ad çıxaran Heydər bəy Sona adlı qıza nişanlıdır. Amma pulu olmadığından el adəti ilə toy edə bilmir. Dostu Əsgər bəy ona məsləhət görür ki, Sonanı qaçırsın. Bu təklif Heydər bəyin ürəyincə deyil. Çünki qızın valideynlərinin naçalnikə şikayət edəcəyindən, nəticədə yenə qaçaq düşəcəyindən ehtiyatlanır. O, həm də bəy kimi bunu özünə yaraşdırmır.
Dostlarının məsləhəti ilə o, Hacı Qaradan pul götürməyi və İrandan qaçaq mal gətirərək onun qazancı ilə toy eləməyi qərara alır.
Hacı Qara az vaxtda çox qazanc əldə edəcəyini biləndə razılaşır. Arvadı Tükəz ərinin getməyinə razı olmasa da, Hacı Qara onu dinləmir.Onlar İrandan geri qayıdanda Ohan yüzbaşının adamları ilə rastlaşır. Aralarında mübahisə düşür və Heydər bəyin hədə-qorxusundan sonra yüzbaşı adamlarıyla uzaqlaşır. Hacı Qara yoldaşlarından ayrılıb nökəri Kərəməli ilə özünü kəndə yetirərək, firəng malını bazara çıxarmaq üçün tələsir. Amma yolda həbs olunurlar.Heydər bəy toy çaldıran gün naçalnik onu həbs eləmək istəyir. Amma Sonanın xahişi ilə o, zaminə buraxılır. Həbs olunan Hacı Qara və Kərəməlini də naçalnik bağışlayaraq zaminə buraxır.
...Teatrşünas Cəfər Cəfərov "Dramaturgiya və teatr" kitabında maraqlı bir məqamı qeyd edir: Zərdabinin dediyinə görə, Axundov bu pyesini özünün ən yaxşı komediyası hesab edirdi.
Bir oxucu kimi, dramaturqun hansı pyesinin daha yaxşı olması haqda əminliklə nəsə deməyə çətinlik çəkirəm. Amma uzun illərdən sonra yenidən pyesi oxuyanda, öncələr gözardı etdiyim detalları daha aydın fərq etdim.
Pyesin az qala hər epizodu - istər bazar-işgüzar səhnələr, istər sevgililərin, bəylərin dialoqu, istər naçalnikin münasibəti Çar Rusiyasının müstəmləkəçilik siyasətinin, qurduğu antidemokratik sistemin korrekt şəkildə tənqidinə yönəlib. Təbii ki, Çar Rusiyasında qulluq sahibi olan Axundov mövcud gerçəkliyə siyasi-sosial tənqidi birbaşa ifadə edə bilməzdi. Ona görə müəllif ustalıqla uyğun, ilk baxışda sırf məişət, lokal hadisə təsiri bağışlayan süjet seçib. O, dövrün ziddiyyətlərini, çətinliyini bədii məkanda uyğun ifadə vasitələrindən və situasiyalardan istifadə edərək yerləşdirir, əsasən məişət fonunu gücləndirərək, əsərin ana ideyasını bəy-nökər, ər-arvad, sevgililər, dost, bazar, rus naçalnik-yerli camaatı münasibətləri kontekstində ifadə edir. Sadaladığım cəhətlər və pyesdəki gizli, alt mesajlar, eyni zamanda onu siyasi birbaşalıqdan, pafosdan xilas edir.
Axundovun pyesi sosioloji hadisədir. Yəni müəllif ölkənin sosioloji gerçəkliyini təsvir edir, müxtəlif sosial təbəqələr və onların qarşılıqlı münasibətini əks etdirir. Əsərdə sosiologiyanın izlərini həm siyasi (siyasi həyatda azərbaycanlıların kənarlaşdırılması, müxtəlif sosial təbəqələrin heç bir siyasi gözləntisinin olmaması), həm mədəni (toplumun mədəni səviyyəsi), həm də ailə institutu (ailədəki münasibətlər, ailə modeli, onun sosial institut kimi əhəmiyyəti) baxımından görmək mümkündür.
Hacı Qaranın alıcı yoxluğundan gileylənməsi, firəng malına qoyulan qadağa, liberal, azad iqtisadi münasibətlərin yoxluğuna, böhrana işarədir. Məsələ ondadır ki, XIX əsrin birinci yarısında Rusiya və Fransa münasibətləri stabil deyildi, dövlətlər arasında soyuq münasibət, təbii ki, iqtisadiyyata təsirsiz ötüşmürdü.
Heydər bəyin qaçaqmalçıya çevrilməsinin, onun zəmanədən şikayətinin əsasında rejimin təklif etdiyi sistemdə seçim imkanlarının azlığı, alternativlərin olmaması qaynaqlanır. Keçmişdə karvan çapan Heydər bəyin mövcud durumda olmasına toplumdakı cəhalət duyğusu, maarifə, təhsilə önəm verilməməsi də səbəbdir.
Əsərdə naçalnik obrazı humanist, anlayan, bağışlaya bilən, insanları pis yoldan çəkindirəndir və s. Amma o, eyni zamanda köləliyi, itaətkarlığı, sadiqliyi təbliğ və təkid edəndir...
Pyes ilk dəfə 1929-cu ildə Abbas Mirzə Şərifzadə tərəfindən çəkilib. Əsəri Cəfər Cabbarlı ssenariləşdirib. Hacı Qara obrazını isə Mirzəağa Əliyev ifa edib. Azdövlətkinoda istehsal olunan film təəssüf ki, günümüzə gəlib çıxmayıb. "Kommunist" qəzetinin 1929-cu ildə çıxan bir sayında yazılır ki, filmdə təkcə pyesin motivləri əks olunmayıb, eyni zamanda süjet genişləndirilmiş, dramaturqun başqa əsərlərindən də istifadə edilərək, əlavə obrazlar salınmışdır.
Milli kino tariximizdə ilk rejissor sayılan Şərifzadənin realist üslubda çəkdiyi, kinematoqrafik, estetik, kompozisiya cəhətdən mükəmməl olan "Bismillah" filminin uğurunu və üstəlik, onun güclü kinoduyumu olan Cabbarlı ilə "Hacı Qara"dakı tandemini nəzərə alsaq, əsərin maraqlı, keyfiyyətli alınması şübhə doğurmur. Ancaq neyləmək olar ki, belə bir qiymətli material əlimizdə yoxdur.
Pyesə ikinci dəfə rejissor Cahangir Mehdiyev ekranlaşdırır və film 2002-ci ildə ekranlara çıxır.
Rejissor Georgi Daneliyanın emalatxanasını bitirən C. Mehdiyevi tamaşaçılar müasir kinomuzda sevilən "Kişi sözü", "Evlənmək istəyirəm" filmləri ilə tanıyırlar. C. Mehdiyev milli kinomuzda komediya janrını keyfiyyətcə yeniləşdirməyi bacaran rejissordur. Onun komediyaları bəsit yumor və konsepsiya üzərində qurulmayıb. Əksinə, onun yumoru təmkinlidir, qapalıdır, cəmiyyətin dərin problemlərini hədəfə alır və rejissor fərqli xarakterlər təklif edir.
O, komediyalarında - "Diplom işi"ndə (1979) sənətkar və cəmiyyət, sənətkar və mentallıq, "Vah"da (1980) qadın hüququnu, gender məsələlərini araşdırır, "Girişmə, öldürər" (1991) filmində həmin dövrdə baş verən siyasi hadisələri, toplumun siyasi ovqatını fars, absurd elementlərindən yararlanaraq yozumlayır.
"Hacı Qara"nın ssenarisini Cahangir Mehdiyev İsi Məlikzadə ilə bərabər işləyib. Bundan əvvəl də o, İsi Məlikzadə ilə "Kişi sözü"ndə, "Evlənmək istəyirəm"də əməkdaşlıq edib.
Pyesin süjeti olduğu kimi qalsa da, bununla belə, müəlliflər bəzi məqamları daha çox qabardaraq, onlara xüsusu vurğu ediblər. Eyni zamanda bir neçə epizodu müəyyən qədər dəyişərək, materialı dinamikləşdirməyə, vizual komediyaya çevirməyə çalışıblar.
Öncə qeyd edim ki, film musiqili komediya janrında işlənib. Cahangir Mehdiyev milli kinomuzda az rejissorlardan biridir ki, filmlərində musiqi həlli uğurlu alınır. Yəni musiqi əhvalatın ritmi ilə uyuşur, onun zəruri komponentinə çevrilə bilir, təsviri əzmir. Və bir qayda olaraq müəllif məzəli, oynaq, koloritli musiqi ilə situasiyanın emosionallığını, bədiiliyini, yumor qatını gücləndirir, həm də mahnılar xarakterlərin açılmasında rol oynayır. Daha aydın desəm, onun filmlərində musiqi müstəqil musiqi nömrəsi kimi qurulmur, əhvalatla bütövləşən sırf kinematoqrafik ("Evlənmək istəyirəm", "Girişmə, öldürər") tonallıqda işlənir.
"Hacı Qara"da da Arif Məlikovun yazdığı, qəhrəmanların dilindən səslənən ritmik mahnılar təhkiyəni doldurur, dolğunlaşdırır. Əgər pyes Heydər bəyin zəmanədən şikayəti ilə başlayırsa, film Hacı Qaranın bazarda alverin olmamasından gileylənən mahnısı ilə başlayır. Mahnılar təsvir detalları ilə zənginləşdirilir. Milsaçün, Hacı Qaranın mahnısı səslənəndə kamera yalnız mərkəzə onu gətirmir, eyni zamanda dövrə məxsus əyləncə - güləş epizodu, bazardan detal görüntülər, kütləvi səhnələr də əks olunur.
Lakin təəssüf ki, filmdə rejissorun musiqi həlli tamamən uğurlu alınmayb. O, ekran əsərində öz yaradıcılığına, kinodilinə xas olmayan bir yenilik edir. Ayrı-ayrı epizodlarda məzəli mahnılardan - Heydər bəylə Sona xanımın görüşlərində lirik nəğmələrə keçilir, səslənən ariyalar filmin tempini aşağı salır və nəqlin ümumi atmosferinə daxil ola bilmir. Məqsəd, yəqin ki, bir-birini sevən gənclərin müxtəlif səbəblərdən doğan ayrılığını, həsrətini musiqi ilə dramatikləşdirmək olub. Amma dediyim kimi, belə bir radikal keçid - rəvan estetik dəyişikliklə yox, kobudcasına həyata keçirilir.
Yaxud Heydərin Təbrizdə sevgilisini xatırlayarkən xəyalının musiqi ilə vizuallaşması səhnəsi, sıradan, yoxsul görüntülü klip formatında çəkilib.
Heydər bəyin dostları ilə rəqsi, qılınc oynatması primitiv, səliqəsiz, qeyri-peşəkar qurulub. Bəylərin əllərindəki qılıncların butaforiya olması nəzərə çarpır.
Xudaverdi ilə Hacı Qara arasında dialoq bədii mətndən fərqli olaraq, bir az absurd manerada işlənib. Xudaverdinin onun atasının ruhuna "Quran" oxuduğu üçün pul istəməsinə, Hacı Qara ona öz mallarını tərifləməsi, satmaq cəhdi ilə cavab verir.
Rejissorla ssenaristin bu cür əlavələri, həmçinin oğlu Bədəlin atası Hacı Qaraya yemək gətirməsi, yeməklə bağlı onun deyingənliyi, oğlu ilə dialoqu, finalda Hacı Qaranın intihar cəhdi və Heydər bəyin onun qurtarması kimi parçalar dramaturji materialı zənginləşdirsə də, ümumilikdə onun uğurlu alınmasını təmin eləmir.
Filmdə erməni obrazlarının casus, çuğul kimi qabarıq işlənməsilə müəlliflər çağdaş dövrümüzün aktual probleminə münasibətlərini ifadə edirlər: naçalniklə (Fuad Poladov) Ohan yüzbaşının (Məlik Dadaşov) çoxmənalı, məkrli dialoqlarının yer aldığı bir neçə səhnə pyesdə yoxdur.
Əslində, filmdə Hacı Qaranın xəsisliyi, qaçaqmalçılıq - Çar Rusiyasının Azərbaycandakı siyasətini, onların erməni faktorundan istifadə edərək hakimiyyətini möhkəmləndirməsini göstərmək üçün köməkçi xətlərdir.
Aktyor oyununa gəlincə, Hacı Qaranı oynayan Səyavuş Aslan ifa zamanı, buna kimi tamaşa və filmlərdə oynadığı digər obrazlarda istifadə etdiyi qəliblərə, maneralara, plastikaya, səs həllinə söykənir. Fərqli, başqalaşan, özgələşən aktyor ifası təqdim eləmir. Elnur Mehdinin ifasındakı Heydər obrazı da sönük, emosiyasız alınıb. Son səhnələrdən birində Tükəzin Heydərə hücum çəkərək, Hacı Qaranın gəlib çıxmamasını deməsinə, bağırtısına onun reaksiyası demək olar ki, yoxdur.
"Hacı Qara" Cahangir Mehdiyevin digər uğurlu işlərinin yanında hər mənada zəif əsərdir, çünki ümumilikdə o, bir yaradıcı kimi, pyesə individual münasibətini gətirməyib və kinoməkanda Axundov yaradıcılığının məna miqyasını genişləndirə bilməyib.
Əslində filmin çəkilişləri 1993-cü ildə başlayıb. Lakin maliyyə çətinlikləri üzündən fasilələrlə çəkilib və 10 il müddətində ekranlaşdırılıb. Erməni rolunu oynayan Məlik Dadaşov bu ərəfədə dünyasını dəyişir və bu da müyyən mənada filmə ziyan vurur. Amma yarımçıq epizodlar montaj sayəsində uyğunlaşdırılır. Çəkilişlər Şəkidə, İçərişəhərdə, pavilyona aparılıb.
Filmin operatoru Yuri Varnovski, rəssamı Rafiq Nəsirovdur.