Koronavirusla mübarizədə yeganə ümidverici dərman - ÜST açıqladı

DÜNYA
14:58 / 04.07.2020
1406

Virus əleyhinə vasitələr arasında “COVID-19”a qarşı aparılan sınaqlarda bu günə yalnız “Remdesivir” ümidverici nəticələr göstərib.

Virtualaz.org xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş elmi işçisi Sumiya Svaminatan bildirib.

BMT-nin Cenevrə Ofisində Müxbirlər Assosiasiyası tərəfindən keçirilən brifinqdə çıxış edən S. Svaminatan “Remdesivir”in xəstələrin vəziyyətlırini yüngülləşdirdiyini, amma ölüm hallarının qarşısını ala bilmədiyini deyib.

ABŞ-da mayın 1-dən etibarən bu dərmanın koronaviruslu xəstələrin müalicəsində istifadəsi təsdiq edilib. Əvvəllər onu Ebola ilə mübarizə üçün hazırlanmışdılar, lakin effektivliyi sübut oluna bilmədiyindən özünü doğrultmayıb. Daha sonra “Remdesivir”in SARS və MERS infeksiyalarının müalicəsində faydalı olduğu sübut edilib. Hazırda “COVID-19” xəstələri ümumi dəyəri 2340 dollar olan altı ampuladan istifadə edərək beş günlük müalicə kursu keçirlər.

Lakin ÜST tərəfindən koronavirus əleyhinə yeganə təsirli dərman kimi tanınan "Remdesivir"in bəzi mənfi tərəfləri də aşkarlanıb. Bu barədə Rusiyanın Klinik Eksperimental Tibb İnstitutunun aparıcı elmi işçisi, "Vektor" təhlükəli infeksiyalar laboratoriyasının keçmiş rəhbəri, virologiya üzrə professor Aleksandr Çepurnov məlumat verib.

“Antiviral dərmanlar tez-tez toksik zəhərlənmələrə səbəb ola bilir. Virus əleyhinə mübarizənin çətinliyi virusun hüceyrənin içərisinə girməsi ilə bağlıdır, buna görə də demək olar ki, bütün effektiv dərmanlar hüceyrələrə və bədənə zəhərli təsir göstərir ", - Çepurnov bildirib. Professorun sözlərinə görə, balans tapmaq lazımdır ki, dərman virus tərəfindən deyil, hüceyrə tərəfindən qəbul olunsun.

Çepurnov həmçinin ÜST-nin yalnız “Remdesivir”in “COVID-19” əleyhinə yeganə ümidverici vasitə olması barədəki fikrilə də razılaşmır. Viroloq Rusiyada istehsal olunan “Avifavir” dərmanının (bu, qrip əleyhinə vasitə olan “Favipiravir”in rusca adıdır) adını çəkib. Həkim qeyd edib ki, “Remdesivir” kimi, bu vasitə də virusun hüceyrə daxilində çoxalmasına imkan verən fermenti bloklayır: "Rusiyada fərqli adlarla iki şirkət Yaponiyada ixtira edilən " Favipiravir "dərmanını istehsal edir. Bunların niyə nəzərə alınmadığı aydın deyil. Tədqiqatçıların əksəriyyəti bunun lazımi effektə malik olduğunu təsdiqləyirlər”, - deyə Çepurnov əlavə edib.

Daha əvvəl professor hazırda Rusiyada koronavirus infeksiyası üçün 20-yə yaxın peyvənd hazırlandığını demişdi.

Xatırladaq ki, ÜST-nin məlumatına görə, dünyada pandemiya zamanı ümumilikdə 10 710 005 koronavirusa yoluxma halı aşkar edilib, 517 877 nəfər ölüb.

Ən çox infeksiya Amerikada - 5.445.710 və Avropada 2.737.689 yayılıb.

0