Vergi güzəştləri dövlət büdcəsinin gəlirlərini azaldacaq (TƏHLİL) 

İQTİSADİYYAT
18:10 / 24.04.2020
2576

Karantin vəziyyətindən əziyyət çəkən sahibkarlara dövlət müxtəlif vergi güzəştləri və vergi tətilləri verəcək. Güzəşt və tətillərin 2020-ci ilə aid edilməsi nəzərdə tutulub. Artıq bununla bağlı layihə hazırlanıb və müvafiq dəyişiklik edilməsi məqsədilə sənəd Milli Məclisə təqdim olunub.

Xatırladaq ki, təkliflər paketində koronavirus pandemiyasının bilavasitə təsir etdiyi fəaliyyət istiqamətləri üzrə vergi ödəyicilərinə 2020-ci il 1 yanvar tarixindən etibarən bir il müddətinə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə azadolma təklif edilir.

2020-ci il 1 yanvar tarixindən etibarən bir il müddətinə bir sıra vergi güzəştlərinin verilməsi nəzərdə tutulur. Mənfəət (gəlir) vergisi rejimində fəaliyyət göstərən ödəyicilər üzrə əldə edilən mənfəətin (gəlirin) 75 faizi miqdarında vergi güzəştləri veriləcək. Sadələşdirilmiş verginin ödəyicisi olan ictimai iaşə və sərnişin daşımaları fəaliyyəti həyata keçirən vergi ödəyiciləri sadələşdirilmiş vergi məbləği üzrə 50 faizi güzəşt olunacaq.

Koronavirus pandemiyasının mənfi təsir etdiyi iqtisadi fəaliyyət sahələri üzrə bir sıra digər güzəştlər də verilə bilər. O cümlədən fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin dərəcəsinin 14 faizdən 7 faizə endirilməsi, 1 il müddətinə cari vergi ödəmələrindən və cari vergi ödəmələri ilə bağlı arayışların verilməsindən azad edilməsi, 2019-cu il üçün son verginin ödənilməsi müddətinin 1 sentyabr 2020-ci il tarixinədək uzadılması, mikro sahibkarlıq subyekti olmayan vergi ödəyicilərinin əvvəlki il üzrə hesablanmış mənfəət (gəlir) və əmlak vergilərinin ödənilməsi müddətinin cari ilin 1 sentyabr tarixinədək uzadılması, ödənilməmiş vergi, məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanması 2020-ci ilin 1 aprel tarixindən 2021-ci ilin 1 yanvar tarixinədək təxirə salınması, ƏDV qeydiyyatında olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən 2020-ci il üzrə sadələşdirilmiş vergi metodunu seçmək hüququnun 20 aprel tarixindən 1 sentyabr tarixinədək uzadılması təklif edilir.

Koronavirus pandemiyasının təsirinə məruz qalıb-qalmamasından asılı olmayaraq, bütün mikro sahibkarlar üçün də güzəştlərin verilməsi nəzərdə tutulur.

Mikro sahibkarlara sadələşdirilmiş vergi üzrə 50 faiz güzəştin verilməsi, 2020-ci ilin birinci və ikinci rübü üzrə sadələşdirilmiş vergi hesabatının və mənfəət (gəlir) və əmlak vergiləri üzrə hesabatların verilməsi və hesablanmış verginin büdcəyə ödənilməsinə cari ilin sentyabr ayının 1-dək vergi tətilinin verilməsi nəzərdə tutulur.

Bundan başqa dövlət bütün sahibkarlara güzəştlər də verəcək. Bunların arasında ən önəmlisi əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin ƏDV-dən müddətli azad edilməsi, zəruri olan tibbi avadanlıqlar və tibbi aksesuarlar, habelə əhalinin ərzaq ehtiyaclarının təmin edilməsi bağlı bəzi ərzaq növlərinin, o cümlədən uşaqlar üçün qida məhsullarının müddətli olaraq ƏDV-dən azad olunmasıdır.

Göründüyü kimi, güzəştlər geniş fəaliyyət sahələrini əhatə edir və onun dövlət büdcəsinin gəlirlərinə azaldıcı təsiri mümkündür. 2020-ci ilin dövlət büdcəsində vergilər hesabına 10,925 milyard manat gəlirin əldə ediləcəyi proqnozlaşdırılır. Bu qədər gəlirin 7,875 milyard manatı vergi idarəsi tərəfindən, qalanı Dövlət Gömrük Komitəsinin vasitəsilə təmin edilməlidir.

Daha geniş vergi güzəşti sadələşdirilmiş vergilərə olacaq. Bu vergi növü üzrə daxilolmanın məbləği 380 milyon manat proqnozlaşdırılırdı. Sadələşdirilmiş vergini əsasən kiçik sahibkarlar ödədiyindən və bu sahədə geniş güzəştlər nəzərdə tutulduğundan sadələşdirilmiş vergi növü üzrə daxilolmalarda ciddi azalma gözlənilir.

Dövlət büdcəsi üçün əsas vergi mənbəyi əlavə dəyər və hüquqi şəxslərin mənfəət vergisidir. Bu il ƏDV-dən 4,735 milyard manat gəlir proqnozlaşdırılır. Bəzi ərzaq növlərinin idxalına və satışına ƏDV-nin tətbiqi bu vergi növü üzrə gəlirlərə mənfi təsir edərəcək. Amma onun azalmada payının böyük olacağı gözlənilmir.

Hüquqi şəxslərin mənfəət vergisi üzrə daxilolma isə 2,65 milyard manat gözlənilir ki, bunun da böyük hissəsi iri müəssisə və təşkilatlardan daxilolmalar təşkil edir. Yəni, vergi güzəştləri bu gəlir istiqaməti üzrə ciddi təsirə sahib deyil.

Ümumilikdə, 2020-ci ildə həm karantinin yaratdığı mənfi təsir, həm də vergi güzəştləri dövlət büdcəsinin vergi gəlirlərinə ciddi zərər vuracaq. Buna görə də cari ildə dövlət büdcəsinin gəlirlərini proqnoz edilən səviyyədə təmin etmək çox çətin olacaq. Gəlirlərin nəzərdə tutulan qədər təmin edilməsi üçün Dövlət Neft Fondundan nəzərdə tutulan transfertin (11,350 milyard manat) artırılması zərurəti yaranacaq.

Sfera.az

0