Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun rəhbəri olduğu Azərbaycan Taekvondo Federasiyasında pandemiya dövründə ixtisarların olması barəsində iddia ortaya atılıb.
Hətta sosial şəbəkələrdə idmançıların bir neçə aydır maaş üzünə həsrət qoyulduğu deyilir.
HİT.Az xəbər verir ki, federasiyanın vitse-prezidenti Nağı Səfərov Unikal.org-a qurumun son durumu ilə bağlı müsahibə verib.
O, müsahibəsində cəmi bir əcnəbi idmançının ölkəsinə qayıtmadığını da deyib.
Hətta federasiya rəsmisi pandemiya dövründən sonra da idmançıların məşqlərinin rəsmi bazada keçiriləcəyini deyib:
- Bildiyiniz kimi, koronavirus bütün sahələrə, eləcə də də idman cəmiyyətinə təsir edib. Bəs siz idmançıların durumu ilə maraqlanırsınız?
- İdmançılarla və eləcə də məşqçilərlə demək olar ki, hər gün əlaqə saxlanılır. Onların durumu ilə mütləq maraqlanılır.
- Pandemiyadan sonra məşqlər üçün hara tərcih ediləcək?
- Məşqlər məlum səbəblərdən dayandırılıb. Təlim-məşqlərimiz bərpa olunan zaman Taekvondo Federasiyasının rəsmi bazasında davam edəcək.
- "Milliləşdirilmiş" idmançıların hamısı Azərbaycandadır?
- Radik İsayev, Milad Beigi və Qasım Maqomedov öz ölkələrindədir.
Qadınlardan ibarət millimizin üzvü Patimat isə Bakıdadır. Onların hamısı ilə tez-tez əlaqə saxlayıb maraqlanırıq.
- Bildiyiniz kimi, İranda və Dağıstanda koronavirus geniş yayılıb. Bəs sözügedən ölkədən olan əcnəbi idmançıların səhhəti necədir?
- Hal-hazırda hamısının səhhəti normaldır. Hamısının sağlıq durumu yaxşıdır.
- Nazirliyin rəsmisi Fərid Mansurov bəzi idman növlərinin məşqlərinin başlamasına icazə veriləcəyini demişdi. Taekvondoçuların məşqlərlə bağlı durumu nə yerdədir?
- Bu məsələyə karantin vaxtı bitəndən sonra baxılacaq.
- Cənab Prezident bildirib ki, koronavirus pamdemiyası günlərində işçilərin işdən çıxarılması düzgün deyil. Lakin buna baxmayaraq, aldığımız məlumata görə, bəzi federasiyalar idmançılara və qurumun digər heyət üzvlərinə maaş ödəməkdə aciz qalıblar. Bəs Taekvondo Federasiyasında idmançıların maaşı ödənilirmi?
- Əlbəttə, bizim Federasiyanın həm idmançıları, həm də işçi heyəti vaxtında əmək haqlarını alırlar.
- Bəs məlumata görə, ATF-dən bəzi şəxslər kənarlaşdırılıb...
- Kimə hansı iş həvalə olunubsa, hamısı da öz yerlərində işlərini davam etdirir. Ümumilikdə Federasiyada hər şey qaydasındadır.