Şəhid ailəsi üçün ayrılan ev başqasına satılıb (FOTO)

ÖLKƏ
16:07 / 07.07.2020
1303

“Abşeron Rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən dedilər ki, 2014-cü ildə bizə İmişli rayonunda ev ayrılıb, sənədləri də anamın adınadır. Ancaq indiyə kimi bundan xəbərimiz olmayıb”.

HİT.Az xəbər verir ki, bu sözləri Ağdamdan məcburi köçkün, hazırda Abşeron rayonu, Xırdalan şəhəri MK23 qəsəbəsində yaşayan Nəcəfov Təbriz Sehruz oğlu “Qafqazinfo”ya müraciətində deyib. 

Şikayətçi qeyd edib ki, həmin evin onlardan xəbərsiz başqa bir ailəyə satıldığı bildirilib: “Evin sənədləri anam Cəfərova Zeynəb Hüseyn qızının adınadır. Şəhid ailəsiyik, problemin həllində kömək gözləyirik”.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən sorğumuza cavab olaraq bildirilib ki, ailə İmişli rayonunda dövlət tərəfindən yeni yaşayış sahəsi ilə təmin olunmayıb:

“Ağdam rayonu Göytəpə kəndindən  məcburi köçkün Cəfərova Zeynəb Hüseyn qızı övladları Nəcəfov Təbriz Sehruz, Nəcəfov Tural Sehruz və Nəcəfova Rəqsanə Sehruz qızı ilə birlikdə 2016-cı ilə qədər İmişli rayonu Bəhramtəpə qəsəbəsində tanışlarının evində, 2016-cı ildən etibarən isə Abşeron rayonu Xırdalan şəhəri “MK-23" ünvanında müvəqqəti məskunlaşıblar. 

Məcburi köçkünlər üçün yeni yaşayış sahələri inşa edilir. Yeni yaşayış sahələrinə qəzalı vəziyyətdə olan tikililərdə və ən  ağır şəraitdə yaşayan məcburi köçkünlər mərhələli şəkildə köçürülürlər. 2020-ci ildə 7 mindən çox məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulub. Yəni qəsəbə istifadəyə verilən zaman Cəfərova Zeynəb Hüseyn qızının ailəsinin də yeni yaşayış sahəsi ilə təmin edilməsinə qanunauyğun formada baxıla bilər”.

Son olaraq qeyd edilib ki, ailə istədiyi təqdirdə Biləsuvar və Beyləqan rayonlarında Komitənin mənzil fondunda olan yaşayış sahəsi ilə təmin edilə bilər.

1