Kreditlərlə bağlı qərarlar effektiv olacaqmı? (Ekspert)

İQTİSADİYYAT
16:01 / 27.04.2020
1705

Xəbər verdiyimi kimi, hökumət karantin dövrü üçün ipoteka kreditlərinə, o cümlədən fiziki və hüququ şəxslərin kredit borclarına güzəşt edilməsi barədə qərar qəbul edib. Belə ki, fiziki şəxslərin (sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan) dəstəklənməsi istiqamətində Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına verilmiş ipoteka kreditlərinin restrukturizasiya imkanları yaradılacaq.

Bunu Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov nəzərə çatdırıb ki, bu tədbir nəticəsində 1.1 mlrd. manat həcmində ipoteka krediti üzrə 23 min nəfərə yaxın borcalanın faydalanması üçün imkan yaranacaq, kreditlər borcalanların müraciəti əsasında restrukturizasiya olunacaq, 1 mart 2020-ci il tarixinədək verilmiş və keyfiyyəti qənaətbəxş olan belə kreditlərin restrukturizasiyası 30 sentyabr 2020-ci ilədək həyata keçirildiyi halda onların keyfiyyəti pisləşdirilməyəcək. Eyni zamanda bankların öz vəsaitləri hesabına ipoteka kreditləşməsini stimullaşdırmaq məqsədilə bu kateqoriyadan olan kreditlər üzrə risk dərəcələrinin 100%-dən 50%-dək azaldılması barədə qərar qəbul edilib.

Bundan əlavə , banklardakı biznes və istehlak təyinatlı kreditlərin (əsas və ya faiz borcu) tam və ya qismən gecikdirilməsi halında 30 sentyabr 2020-ci ilədək borcludan cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmaması kredit təşkilatlarına tövsiyə ediləcək və bu zaman borcalanların kredit tarixçəsi pisləşdirilməyəcək. Bu müddət ərzində kredit təşkilatları tərəfindən əsas borc üzrə faizlərin hesablanması davam etdiriləcək və borcalanlar tərəfindən kredit təşkilatlarına ödənilməsi təmin edilməlidir.

Belə ki, Azərbaycan Mərkəzi Bankının (AMB), Prezident İlham Əliyevin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi “Tədbirlər Planı”nın “Karantin rejimi müddətində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların öhdəliklərinin tənzimlənməsi məqsədilə kredit təşkilatlarına requlyativ tətilin verilməsi” tədbirinin icrası çərçivəsində Maliyyə Sabitliyi Şurasının tövsiyələrini nəzərə almaqla qəbul etdiyi Tədbirlər Planında bildirilir.

Bu müddət ərzində kredit təşkilatları tərəfindən əsas borc üzrə faizlərin hesablanması davam etdiriləcək və borcalanlar tərəfindən kredit təşkilatlarına ödənilməsi təmin edilməlidir. Qeyd olunan tədbirlərin həyata keçirilməsinə şərait yaratmaq, biznes və əhaliyə maliyyə xidmətlərinin davamlılığını təmin etmək, kreditləşdirmə imkanlarının artırılması üçün banklara əvvəlki dövrlərdə toplanmış dayanıqlıq yastığından istifadə etməyə imkan yaradılması məqsədilə requlyativ yükün azaldılması istiqamətində tədbirlər nəzərdə tutulur.

Mövzunu şərh edən iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, Mərkəzi Bank da, hökumət də böhranın dərinliyini ölçə bilmirlər, önləyici tədbirlər almaqda gecikirlər: “Bir müddətdən sonra problemlər qar uçqunu şəklini alacaq və o zaman daha tələsik və daha bahalı qərarların qəbul edilməsinə ehtiyac yaranacaq.

İstehlak kreditləri ilə bağlı demək olar ki, heç bir addım atılmadı. Yeganə addım odur ki, banklara tövsiyə olunur ki, sentyabr ayına qədər gecikmiş ödəmələr üzrə cərimələr və dəbbə pulu hesablanmasın və məhkəmələrə müraciət olunmasın. Çünki 3 ay gecikmə olan kimi bankın imkanı var idi ki, gecikmələrlə bağlı məhkəmələrə müraciət eləsin. Mart ayı da daxil olmaqla, sentyabr ayına qədər gecikmələr olsa və ya olubsa, onlarla faiz hesablanmayacaq və məhkəmələrə müraciət olunmayacaq. İndiki vəziyyətə görə bu qərar yetərlidir. Çünki hazırki rəqəmlərə görə, 600 min insan işsiz kimi müraciət edib. Artıq müraciət də qəbul olunmur. Bu o deməkdir ki, müraciət edənlərin sayı daha çoxdur. Hazırda insanların gəlirlərindən məhrum olduğu şəraitdə istehlak krediti götürmüş 2,6 milyon nəfərə yaxın insan var. Onların ödənişlərinin vaxtlı-vaxtında edilməsi mümkünsüz görünür. Deyək ki, sentyabr ayına qədər gecikmələr olsa, heç bir faiz hesablanmayacaq və dəbbə pulu gəlməyəcək. Ancaq sentyabrdan sonra bu ayların da ödənişləri onun üzərinə gələcək. Deməli, insanlar daha artıq ödəməli olacaqlar, ancaq təminatı yoxdur. Heç kim iddia edə bilməz ki, sentyabr ayında bütün iqtisadi çarxlar işə düşəcək və insanların gəlirləri artacaq. Bu hazırda mümkünsüz görünür”.

İqtisadçının sözlərinə görə, ipoteka kreditləri ilə bağlı daha irəli addımlar atılıb: “Restruktruzasiya ilə bağlı banklara tövsiyələr olunur ki, ipoteka kreditləri ilə bağlı gecikmələr olsa , onlara da faiz və dəbbə pulu hesablanmayacaq. Bundan başqa, müqavilələrə yenidən baxılması və borcların yenidən yapılandırılması üçün də Mərkəzi Bankın tövsiyələr var. Bəzi ekspertlərin şərhlərində gördüm ki, onlar bu qərarın tövsiyə xarakterli olmasından narazıdırlar. Ancaq Mərkəzi Bankın banklara əmr vermək , göstəriş vermək haqqı yoxdur, ona görə də, rəsmi sənəd kimi tövsiyə qeyd olunub. Hamımız da Azərbaycandakı reallığı bilirik ki, tövsiyə əslində elə tapşırıq deməkdir. Sadəcə onu tapşırıq kimi yaza bilməzlər”.

N.Cəfərli vurğuladı ki, ipoteka ilə bağlı gəlişmə odur ki, zəmanətin bir hissəsini dövlət öz üzərinə götürə bilər: “Hələ ki, bunun mexanizmi yoxdur. Ancaq qərarda bu məsələ öz əksini tapıb. Biznes kreditləri ilə bağlı da müəyyən problemlər var. Hələlik 10 min biznes subyektinə verilən kreditlərlə bağlı güzəştlərin olunacağı bildirilir. Belə ki, biznes kreditləri üzrə faiz dərəcələrinin ödənişlərinin yarısını hökumət öz üzərinə götürür. Burada da vəziyyət ondan ibarətdir ki, istənilən özəl sektorda, hətta rəsmən qapadılan və ya işləməsinə icazə verilən, ancaq dövriyyəsi azalan biznes sahələrini də böhran əhatə etdi, onların götürdükləri kreditlər 14 faizlədir. Bunun 7 faizini dövlət ödəyirsə, qalan 7 faizi iş adamı ödəməlidir. Ancaq dövriyyəsi yoxdursa, tam qapadılıbsa, bu qalan faizləri necə ödəyəcək. Ona görə də daha sadə və asan qavranan qərarların həyata keçirilməsinə ehtiyac var idi. Ölkə üzrə istənilən kredit növü üzrə faizlər 3+3 formulu əsasında 6 aylıq dondurula bilərdi. Faiz hesablamaları ilk 3 ayda dondurulur, iyun ayında vəziyyətə baxılır. Əgər vəziyyət yaxşı deyilsə, növbəti 3 aya, yəni sentyabra qədər uzadılır. Təbii ki, burada banklara böyük ziyan dəyə bilər, çünki banklar faizlərdən qazanır. Banklar üçün də eyni qaydada 3+3 formulu ilə vergi güzəştləri tətbiq oluna bilərdi, bütün növ vergilər dayandırıla bilərdi. Əgər bu da ziyanı qarşılamırsa, Mərkəzi Bank manat ehtiyatlarından ilk 3 ay sıfır faizlə, növbəti 3 ayda 2-3 faizlə kredit xətti açıla bilərdi. Bu banklar üçün də maraqlı olardı, onlar da AMB-dən aldıqları krediti daha yüksək faizlə kredit verib 6 ay və ya 1 ildən sonra itkilərini qarşılayacaqdılar”.

N.Cəfərlinin sözlərinə görə, sentyabrda hökumət təkrar hesablama aparanda görəcəklər ki, problemli kreditlərin həcmi artıb: “Bu qədər artan problemli kreditlərin həllini isə, nə banklar nə də vətəndaş öz üzərinə götürə bilməyəcək. Fiziki və maddi olaraq buna imkanı olmayacaq. O zaman bu borclarla bağlı qərar vermək məcburiyyəti yaranacaq. O zaman bu borclara dövlət zəmanətinin verilməsi və ya dövlətin öz üzərinə götürməsi daha baha başa gələcək. Önləyici tədbir görmək hər zaman daha effektiv olur. Gecikmələr həm addımların effektivliyini azaldır, həm də daha baha başa gəlir”.

Musavat.com

0