Müğənnilər karantin dövründə nə etdilər?

MAQAZİN
21:30 / 08.07.2020
2334

Pandemiya ərəfəsində dünyada sürətlə yayılan virusun qarşısının alınması məqsədilə bir çox böyük kütlənin toplandığı tədbirlər qadağan edilib. Bu siyahıya toy, nişan, ad günü, şou-proqramlar da daxildir. Elə buna görə də bir vaxtlar gündə bir toy, üç şou-proqrama gedən sənətçilər işsiz qalıblar. İndi onların 10-15-20 min pul oxuduqları toylar, hər gün iki mahnı oxuyub 200-300-500 manat istədikləri şou-proqramlar qalmayıb.

Axşam.az xəbər verir ki, xarici şou-biznes nümayəndələri ilə bağlı məlumatlara nəzər salsaq onlar heç də toysuzluqdan, işsizlikdən gileylənmir.

Elə yaxın Türkiyəyə nəzər salaq... Bir çox müğənni açıqlamasında karantin günlərində özü ilə başbaşa qalıb, indiyə kimi edə bilmədiyi işləri tamamladığını söyləyib. Murad Boz yeni mahnılar yazdırdığını açıqlayıb.

Bəs görəsən, toysuz qalan Azərbaycan müğənniləri karantin ərəfəsində nə etdilər?

Xalq artisti Aygün Kazımovanın bir neçə aylıq fəaliyyətinə nəzər salsaq heç bir yenilik etmədiyini görərik. Müğənni sosial şəbəkədə belə çox az paylaşımlar edir. Kazımova daha çox karantin günlərində idman etdiyini bildirib. Hətta müğənni bir müddət əvvəl köməkçisi koronavirusa yoluxduğu üçün özünün də karantinə alındığını açıqlayıb.

Xalq artisti Röya Ayxan da karantindən əvvəl bir-birinin ardınca yeni mahnılar təqdim edirdi. Müğənni pandemiya ərəfəsində yalnız yeni fotosessiyasını üzə çıxardı. Yaradıcılığına hələlik "stop" qoyan Röya bir neçə gün əvvəl də "Altın kelebek" mükafatını qazanıb.

Müğənni Roza Zərgərli pandemiya başlayandan hər dəfə bir açıqlaması ilə gündəmə gəlib. Ona "efirlərə ən çox qonaq gedən ifaçı" desək, yəqin yanılmarıq. Sənətçi son günlər isə bağına köçərək, gündəmdən uzaqlaşıb. Bütün layihələrini yarımçıq qoyan sənətçi İnstaqramın da aktiv istifadəçisi olub. O, özünə "food blogger" deməsə də, bütün günü bişirdiyi yeməkləri yayımlayır.

Müğənni Xatirə İslam toysuz qalsa da, işsiz qalmayıb. Sənətçi bir ara İnstaqramda heç bir paylaşım etməsə də, indi aktiv istifadəçi olub. Xatirənin paylaşımlarının isə 99 faizi reklamlardır. Sənətçi kafeldən tutmuş, yeməyə, hovuz təmizləməyə qədər bütün reklamları səhifəsində yerləşdirib. Xatirə özünə başqa bir məşğuliyyət də tapıb: "food blogger". Sənətçi artıq yeməklər bişirir və özü üçün açdığı yeni İnstaqram səhifəsində paylaşır. Sənətçi bir neçə gün əvvəl "Zalım" adlı yeni mahnısını da təqdim edib.

Müğənni Elvin Abdullayev pandemiya ərəfəsində çox nadir hallarda efirlərə qatılıb, sosial şəbəkədə paylaşımlar edib. Müğənni ən çox evdə oturub, ailəsi ilə vaxt keçirən tanınmışlardan olub, desək yanılmarıq. Son günlər isə Elvin ailəsi ilə birlikdə ata yurdu Qaxa gedərək, orada qalıb. Elə yaradıcılığında etdiyi yeganə yenilik də "Qax" mahnısı olub. Elvin bildirib ki, gündəmdən uzaqlaşsa da, yeni mahnılar bəstələyib.

Xalq artisti Miri Yusif pandemiya ərəfəsində həm efirlərdən, həm gündəmdən, həm də sosial şəbəkədən uzaq qalıb. Hər həftə bir mahnı və klip təqdim edən müğənni karantin günlərində "tənbəlləşib". İfaçının təxirə düşən solo konserti isə onu deyəsən, lap da ruhdan salıb. Hazırda isə Miri Yusif Türkiyə ilə hava yollarının açılmasından istifadə edib, ailəsi ilə birlikdə Kuşadasına yollanıb.

Müğənni Elnarə Xəlilova isə karantin başlayandan evə girib və hələ də çıxmır. Sənətçinin başı dörd övladına elə qarışıb ki, heç İnstaqramda da paylaşımlar etmir.

Pandemiya ərəfəsində işsizlikdən istifadə edən müğənni Nazənin isə özünə çəki-düzən vermək qərarına gəlib. Sənətçi plastik əməliyyat etdirərək, arıqlayıb, bədənini formaya saldırıb. Daha sonra isə bağ evinə gedərək, karantinin bitməyini və toy məclislərinə gedəcəyi günü gözləyir.

Pandemiya ərəfəsində efirlərdə ən çox gördüyümüz digər bir sima Əməkdar artist Nüşabə Əlsəgərli olub. Demək olar ki, sənətçi bu günə qədər olmadığı qədər gündəmdə olub. Yaradıcılığında heç bir yenilik etməsə də, proqramların tələbolunan ifaçısı olub.

Əməkdar artist Elza Seyidcahanı da pandemiya ərəfəsində çox efirə gedənlər siyahısına sala bilərik. Sənətçi heç bir yeni mahnı, klip hazırlamasa da, imicləri ilə adından söz etdirməyi bacarıb. Hər proqrama bir görünüşlə gedən müğənni gündəmdə qalmağı bacarıb.

Müğənni Zamiq Hüseynov isə karantin günlərində bağına çəkilərək heç bir efirə qatılmayıb, klip çəkdirməyib və mahnı təqdim etməyib. Bu günlərdə sənətçi fotosessiya ilə gündəmə gəlib.

Əməkdar artist Abbas Bağırov isə pandemiya ərəfəsində Gəncəyə gedərək, orada qalmağa üstünlük verib. Cəmi bir-iki verilişə gələn ifaçı özünə istirahət verib.

Əməkdar artist Lalə Məmmədovadan isə heç səs-səmir gəlmir. Müğənni karantin başlayan gündən "yox" olub. Nə efirə çıxır, nə açıqlama verir, nə də sosial şəbəkədə yeni fotolar paylaşır.

1
Axsam.az