Azərbaycan hökumətilə Dünya Bankı arasında ədliyyə sistemindəki islahatların davamı üçün əlavə maliyyə olaraq 50 milyon ABŞ dolları həcmində kredit ayrılmasına dair saziş imzalanıb.
HİT.Az Banka istinadən xəbər verir ki, martın 26-da DB Direktorlar Şurası tərəfindən təsdiqlənmiş bu kreditlə yanaşı, hələ 2014-cü ilin iyul ayında təsdiqlənmiş 100 milyon ABŞ dolları məbləğində “Ədliyyə xidmətləri və yüksək texnologiyalı məhkəmə infrastrukturu” adlı əvvəlki kreditin də xərclənmə müddəti cari ilin 30 iyun tarixindən 2021-ci ilin 30 iyun tarixinədək uzadılıb. Həmin məbləğin 43,84 milyon ABŞ dolları ədliyyə xidmətlərinin təkmilləşdirilməsinə, 25,8 milyon ABŞ dolları təsisat potensialının və səmərə dərəcəsinin artırılmasına, 59,71 milyon ABŞ dolları məhkəmə infrastrukturunun genişləndirərək müasirləşdirilməsinə, 12,89 milyon ABŞ dolları layihənin idarəçiliyi və əlaqələndirilməsinə, 4,83 milyon ABŞ dolları da pilot əsasllarla İT tətbiqi üçün nəzərdə tutulub.
Əlavə maliyyə üçün son kredit 4 ili güzəştli olmaqla 11,5 ilə verilir. İcra müddəti 2024-cü il iyun ayının sonunadək nəzərdə tutulan layihənin ümumi dəyəri isə 70 milyon ABŞ dollarıdır ki, bunun 20 milyon ABŞ dollarını hökumət ayıracaq.
İndiyədək Dünya Bankı Azərbaycanda məhkəmə sisteminin islahatını, məhkəmə təsisatlarının gücləndirilməsi üçün üç kredit ayırıb. Bunlardan birincisi 21,6 milyon ABŞ dolları həcmində 2006-cı ildə, ikincisi 33,4 milyon ABŞ dolları həcmində 2011-ci ildə, üçüncüsü də 100 milyon ABŞ dolları həcmində 2014-cü ildə ayrılmışdı. (Report)