"Nə həddimə sənə ağıl vermək, amma..." - Aqil Abbasa cavab

ÖLKƏ
10:54 / 15.05.2020
2442

Özümə söz vermişdim ki, indi gündəmdə olan Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasının elan olunması ilə bağlı deyilən fikirlərə cavab verməyəcəm. Bu məsələyə münasibətdə qısqanclıq edənlər, anlamayanlar, tapşırıq yerinə yetirənlər var. Bunu da qəbul edirəm ki, nə qədər insan varsa, o qədər də fikir var. Amma deyilən fikir, türklər demiş, yapıcı deyil, yıkıcı olanda ona cavab vermək ehtiyacı olur.


Dəyərli dostum Aqil Abbasın həmişəki çılğınlıqla yanaşmasına bir neçə kəlmə söyləmək zorundayam. Ay Aqil, deyirsən ki, belə bir respublikanın elan edilməsini görə bizi dünyada lağa qoyacaqlar. Sənin dediyin o dünya niyə bu erməniləri lağa qoymur? Onlar çoxdan "Qərbi Ermənistan Respublikası " deyilən qurumu yaradıblar, xəbərin varmı? Neçə dəfə qurultay keçiriblər, 101 nəfərdən ibarət parlamentini seçiblər, Məclis sədri var, Baş naziri var, Prezidenti var və Türkiyənin Şərqi Anadolu vilayətlərinə iddiaları ortaya qoyublar...Üstəlik Qarabağı işğal eləyib oturublar üstündə. Niyə onları lağa qoymurlar? Şərqi Anadolu onlarındı? Qarabağ onlarındı? Naxçıvan onlarındı? Ahıska onlarındı? Sən bunları bilmirsən, çünki sənin o dediyin dünyadan heç xəbərin yoxdu. Deyirsən ki, Ermənistanda hökumətimiz, baş nazirimiz, nazirlərimiz olmayıb axı, kolxoz sədri olub, ikinci katib olub və s.

Ermənilərin Şərqi Anadoluda heç vaxt dövləti olmayıb, amma burada ermənilər yaşayıb, deyə indi ortaya iddia qoyulur, saxta-suxta sənədlər çıxarıb dava döyürlər. Bizimsə 1828-ci il işğal müqaviləsi faktımız ortada, İrəvanın Ermənistana verilməsi ilə bağlı 1918-ci il 29 may 3 nömrəli protokolumuz ortada, 1947-ci il 23 dekabr SSRİ Nazirlər Sovetinin qərarı ortada. Deyirsən, heç bunu dilə də gətirməyək? Bizim sənin Ermənistan dediyin Qərbi Azərbaycanda dövlətimiz isə, biləsən olub! Sən niyə kolxoz gözü ilə, kolxoz təfəkkürü ilə baxırsan? İrəvan xanlığı nə idi bəs? Onun sərhədləri, bəlli ərazisi, mahalları, paytaxtı, pul vahidi, dövlətə aid hər şeyi vardı. Sən 1920-ci ildən danışırsan. Bu dövlətin varlığına 1920-ci ildə yox,1828-ci ildə son qoyulub, işğal olunub. Əlbəttə, sən bunları bilirsən, amma bilmədiyin bir şey də var ki, o da siyasət elmidir. Bax indi sən bu mövqeyinlə onsuz da bu günlərdə tankı-topu ilə üstümüzə gələnlərin əlinə oynayırsan. Dəlinin yadına daş salırsan və sənin sözün yalnız yazıçı, jurnalist Aqil Abbasın deyil, millət vəkili Aqil Abbasın mövqeyi kimi qəbul edilir. Nə həddimə, sənə ağıl qoymaq, amma bir az da dediklərinə ermənilərin gözü ilə baxsan, yaxşı olar. Nə deyirsən, Aqil? Deyirsən, əlimizi-əlimizin üstünə qoyub oturaq, heç nə eləməyək? Gözləyək ki, ermənilər Naxçıvanı alsın, sonra da Gəncəbasarı, "Böyük Ermənistan" qursunlar? Əziz dostum Aqil, biləsən ki, neçə dəfə elan olunub kağız üzərində qalan təşəbbüslərdən fərqli olaraq bu dəfə çox ciddiyik. Səndən də bu məsələdə ciddi olmağı bir dost kimi tələb etməyə haqqım çatır.

Ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı

0