Şamaxıda qətl törətməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb.
Hit.Az musavat.com-a istinadla xəbər verir ki, qətl törətməkdə ittiham edilən 29 yaşlı Orxan Hacıyevin həbs müddəti artırılıb.
İstintaq orqanının təqdimatına əsasən Orxan Hacıyev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti Şamaxı Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə uzadılıb.
Xatırladaq ki, Şamaxı rayonunda "Yeddi Gümbəz" qəbiristanlığında şəhər sakini 29 yaşlı Orxan Hacıyev aralarında yaranmış mübahisə zamanı mətbəx bıçağı ilə həmyerlisi 25 yaşlı Ruslan Surxayevi bıçaqlayıb.
Ruslan Surxayev
Beş bıçaq zərbəsi alan Ruslan Surxayev hadisə yerində ölüb.
Qeyd edək ki, Orxan Hacıyev Şamaxı Humanitar Kollecinin “Fiziki tərbiyə müəllimliyi” ixtisası üzrə II kurs tələbəsidir. O, 5-9 dekabr 2019-cu il tarixdə Bakıda keçirilən Budo Dünya Kuboku çempionatında ikinci yeri tutub. Orxan Şamaxıda idman müəllimi işləyirmiş.
Dünyasını dəyişən Ruslan Surxayev isə güləş üzrə Avropa çempionu və dünya çempionatının gümüş medalçısı olub. O, son zamanlar idmanla məşğul olmurmuş və kriminal aləmə yaxınlığı ilə diqqət çəkirmiş.
Orxan Hacıyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham edilir.