Neftin mənfi qiymətindən qazanan "gizli şirkətlər" məlum oldu

İQTİSADİYYAT
19:39 / 15.05.2020
1820

ABŞ-da neftin mənfi qiymətindən faydalanan «gizli qalib»in adı məlum olub.

Bu – Britaniyanın «BB Energy» treytinq şirkətidir.

Xatırladaq ki, aprelin 20-də amerikan nefti antirekord vuraraq mənfi 40 dollaradək ucuzlaşıb. Qiymətlərin belə çökməsi may fyuçersləri üzrə hərracların son günü müşahidə edilmişdi və səbəbi xam nefti saxlamaq üçün anbarların qıtlaşması idi. Nəticədə vəziyyət elə bir həddə çatmışdı ki, əgər treyder həmin gün nefti sata bilməsəydi, həmin nefti fiziki olaraq qəbul edib haradasa yerləşdirməli idi. Məhz buna görə treyderlər nəyin bahasına olursa-olsun həmin gün neft müqavilələrini satmağa çatılışdılar və qiymətlər də çökdü.

Amma Britaniyanın kiçik treyder şirkəti – «BB Energy» bu çətin dövrdən böyük qazancla çıxmağı bacaranlardan olub.

Bloomberg-ın əldə etdiyi məlumuata görə, başqalarından fərqli olaraq bu şirkətin neft saxlamaq üçün yeri vardı, ona görə də şirkət qiymətlərin mənfiyə düşdüyü və hamının neft almağa çəkindiyi gecə 250 min barel neft alıb. Neftin hansı qiymətə alındığı bilinmir, amma mənfi 40 dollar alıb, hətta sıfır dollara satsa belə , şirkət bu əməliyyatdan 10 milyon dollar qazana bilərdi. Qiymətlər isə nəinki sıfırdır, hətta 20 dollardan çox bahalaşıb

«BB Energy» neftin mənfi qiymətindən irəli düşən yeganə şirkət deyil.

«Business Insider»in məlumatına görə, «Glencore» və «Mercuria» kimi xammal «əjdahaları» da neftin saxlanması üzrə ixtisaslaşıblar, üstəlik onlar bazarın gedişatını diqqətlə izlədiklərinə görə, belə vəziyyətlərin yaranacağını əvvəlcədən proqnoz edə bilirlər və ucuc nefti saxlamaq üçün yer tapırlar.

Nefti saxlamaq üçün yeri olan və nəticədə mənfi qiymətlərdən faydalanan digər şirkət «BlueKnight Energy Partners» olub.

Amma bu uğur hamıya nəsib olmayıb. Əksinə, bəzi treyderlərdə əks vəziyyət yaranıb, onlar böyük zərərə düşüblər, və nəinki bütün investisiyaları itiriblər, hətta brokerlərə borclu qalıblar. Belə vəziyyət Moskva Birjasındakı 800 treyderin başına gəlib. Səbəbi də o olub ki, buradakı hərrac sistemi mənfi qiymətlərlə əməliyyatlar etməyə uyğun deyilmiş.

0
Fed.az