Bu gün AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçiriləcək.
Saat 15:00-da başlayacaq iclasda digər məsələlərlə yanaşı, Azərbaycan milli komandasının baş məşqçi postuna namizədlər ətrafında müzakirələr gedəcək.
Hazırda bu posta 2 əsas namizəd var. Onlardan biri italiyalı Canni De Byazi, digəri isə irlandiyalı Roy Kindir. 3-cü və ehtiyat variant isə ötən il millidə xorvatiyalı baş məşqçi Nikola Yurçeviçin köməkçisi olmuş Arif Əsədovdur. Amma De Byazinin baş məşqçi təyin edilmə ehtimalının yüksək olduğu bildirilir.
Qeyd edək ki, Roy Kin 1993 - 2005-ci illərdə İngiltərə "Mançester Yunayted"ində çıxış edib. O, 1997-ci ildə Erik Kantonanın gedişindən sonra "qırmızı şeytanlar"ın kapitanı olub. Keçmiş yarımmüdafiəçi bu müddət ərzində 7 dəfə İngiltərə çempionluğu, 4 dəfə isə ölkə kubokunu qazanıb. 1998/1999 mövsümündə Çempionlar Liqasının qalibi olmuş keçmiş oyunçu 1991 - 2005-ci illərdə İrlandiya yığmasının formasını geyinib.
Baş məşqçi kimi Roy Kinin son iş yeri 2009 - 2011-ci illərdə "İpsviç Taun" klubunda olub. Kin 2006/2007 mövsümündə "Sanderlend" komandası ilə Çempionşipin qalibi olub. İrlandiyalı mütəxəssis 2007-ci ilin fevral və mayında iki dəfə bu liqada ayın məşqçisi seçilib. O, həm də İrlandiya yığmasında 2013 - 2018-ci illərdə köməkçi-məşqçi kimi çalışıb. Son olaraq, Kin 2019-cu ildə İngiltərənin "Nottingem Forest" klubunda köməkçi-məşqçi vəzifəsini yerinə yetirib.
Futbolçu kimi elə də ciddi uğurları olmayan Canni De Byazinin əsas nailiyyəti məqçilik karyerası ilə bağlıdır. İtaliyada SPAL, "Modena", "Breşiya", "Torino" və Udineze" kimi komandalara rəhbərlik etmiş 64 yaşlı mütəxəssis ilk iki kollektivlə C Seriyasının qalibi olub. O, ən böyük uğurunu isə millidə çalışarkən qazanıb. 2011 - 2017-ci illərdə Albaniya yığmasına başçılıq etmiş Canni De Byazi bu komandanı tarixində ilk dəfə 2016-cı il Avropa çempionatının final mərhələsinə çıxarıb. Onun sonuncu iş yeri isə İspaniya "Alaves"i olub. Təcrübəli mütəxəssis 2017-ci ildən işsizdir.