Azərbaycanın ən perspektivli gənc alimlərindən biri hesab olunan Sənan Eminov böyük dələduzluqda ittiham olunur.
Onun əməlləri, insanlara külli miqdarda ziyan vurması ilə bağlı Birinci vitse-Prezident Mehriban Əliyevaya və hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət olunub.
1987-ci il təvəllüdlü Sənan Eminovun adı elmi ictimaiyyətə 2005-ci ildən tanışdı. O, "Kimya” beynəlxalq fənn olimpiadaları tarixində ilk dəfə olaraq Tayvanda keçirilən Beynəlxalq Kimya Olimpiadasında imtahanın nəzəriyyə bölməsində ən yüksək balı (229 mütləq baldan 228 bal) topladığı üçün mütləq birinciliyə layiq görülüb və xüsusi mükafatla təltif olunub.
Bundan əvvəl isə "Kimya" fənni üzrə respublika fənn olimpiadalarında 3 qızıl medal qazanıb. 2003-cü ildə Yunanıstanda keçirilən 35-ci Beynəlxalq Kimya Olimpiadasında bürünc, 2004-cü ildə Almaniyada keçirilən 36-cı Beynəlxalq Kimya Olimpiadasında qızıl medala sahib olub.
2010-2011-ci illərdə SOCAR-ın təqaüd proqramı ilə Böyük Britaniyanın London İmperial Kollecində magistratura, daha sonra Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş dövlət proqramı xətti ilə 2011-2015-ci illərdə London İmperial Kollecində doktorantura pilləsində oxuyub. Doktorantura pilləsini uğurla başa vuraraq Bərpaolunan enerji və ətraf mühit mühəndisliyi üzrə doktorluq dissertasiyasını müdafiə edib və alimlik (PhD) dərəcəsinə yüksəlib.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun dəvəti ilə Ali Məktəbin Kimya mühəndisliyi kafedrasında baş müəllim vəzifəsinə təyinat alan Sənan Eminov həmçinin, həmin mərkəzə rəhbər təyin olunub.
Bu qədər uğur qazanmasına, dövlətin xüsusi diqqətinə layiq görülməsinə, yüksək əmək haqqı almasına baxmayaraq, o, ətrafındakı gənc insanlara, xüsusən də tanıdığı, dostluq etdiyi şəxslərə və onların yaxınlarına qarşı saysız-hesabsız dələduzluqlar edib. Onları aldadaraq böyük məbləğlərdə pullarını alıb və ABŞ-a qaçıb.
Zərərçəkmişlərdən biri - Zahid Mirzəyev "BakuPost"a bildirib ki, gənc alimin qurbanlarının sayı çoxdur:
"Sənan Eminovla 2010-2013-cü illərdə Londonda bir yerdə magistr təhsili almışıq, bir evdə qalmışıq. Sənan Londonda olduğu dövrdə, SOCAR-da müəyyən kimyəvi maddələrin satışı ilə məşğul olduğunu bildirdi. O, həmin dövrlərdə mənə bu işə investisiya qoymağı və aylıq müəyyən faiz qazanmağı təklif etdi. Sənanın SOCAR-la yaxın əməkdaşlığı məni buna inandırdı. 2014-cü ildə Azərbaycana döndükdən sonra SOCAR-ın nəzdində olan Ali Neft Məktəbində müəllim vəzifəsinə, sonra isə Alternativ Enerji Araşdırma Departamentində rəhbər vəzifəyə gətirilməsi onun dediklərinə inamımı bir qədər də artırdı. Beləliklə mən 2018-ci ildə onun həmin məsələ ilə bağlı təklifini yenidən dəyərləndirdim. Qohumum Faiq Əliyev və onun qardaşı Mikayıl Əliyevə də bu işlə bağlı danışdım. Onlar da Sənanla danışdılar. Faiq Sənana 30, Mikayıl isə 26 min manat verdi.
Mən isə ailəmlə birgə yaşadığım evi satıb ona 200 min manat verdim, özüm isə kirayəyə çıxdım. Aramızdakı razılaşmaya görə həmin pulu faizi ilə birlikdə 6 ay sonra qaytaracaqdı.
Lakin dediyinə əməl etmədi, bir il gözləyəndən sonra onun atası Zabil Eminovla, ailə üzvləriylə, Bakıda olan dostları və qohumları ilə görüşdüm. Onda anladım ki, məsələ tamam başqa cürdür. Sənan başqa-başqa şəxslərdən eyni iş adı ilə yüksək məbləğdə pul alıb”.
Şikayətçinin dediyinə görə, şəxsi araşdırmaları və zərərçəkənlərlə görüşündən sonra məlum olub ki, Sənan təxminən 4 milyon manat mənimsəyib.
İndi Sənan Eminov ailəsilə birlikdə Mayamidə yaşayır. Onun aldatdığı adamlar isə kirayədə.
Məsələ ilə bağlı Bakı Ali Neft Məktəbindən "BakuPost"a bildirilib ki, Elmi Şuranın üzvü olan Sənan Eminov öz ərizəsilə işdən uzaqlaşdırılıb. // "BakuPost"