BP şirkətinin qlobal strukturunda etdiyi dəyişikliklərin bir hissəsi olaraq bir sıra yüksək vəzifəli azərbaycanlı kadrlar şirkətdə yeni daha böyük vəzifələrə təyin olunublar.
HİT.Az xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkəti məlumat yayıb.
Bunlardan hazırda şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda insan resursları üzrə vitse-prezidenti olan Nərminə Nəbiyeva BP-nin London ofisində dəstək funksiyaları, strategiya və davamlılıq, regionlar, şəhərlər və həllər bölümlərinin insanlar və korporativ mədəniyyət üzrə baş vitse-prezidenti vəzifəsinə təyin olunub.
Eyni zamanda, hazırda regionun əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli daha geniş coğrafiyada kommunikasiya və təşviqat üzrə məsələlərə rəhbərlik edəcək.
Bəxtiyar Aslanbəylinin yeni vəzifəsi Yaxın Şərq və Xəzər ölkələrində kommunikasiya və təşviqat üzrə vitse-prezidentdir. Bu ölkələrə Azərbaycan, Gürcüstan, Türkiyə, İraq, Oman, Küveyt və BƏƏ daxildir.
Hər iki şəxs yeni vəzifəsinin icrasına iyulun 1-dən başlayacaq.