Pis olmamaq istəyindən və xalqa sevgidən bəhs etmək istəyirəm.
Devonşirdə kiçik şəhərə yollanmışdım. Dostumun yanına, alimdir. Şəhər anqlikan ruhlu, qırmızı kərpicli, divarları sarmaşıqlı, adamları da təşəxxüslü bir məkandı.
Əsl ingilis şəhəri, "old siti".
Rəfiqimin evinin olduğu məhəlləyə daxil olanda bir pəncərədə pərdənin çəkildiyini, oradan kiminsə baxıb tələsik pərdəni geri çəkdiyini gördüm.
Sonra başqa evdə.
Daha sonra həyətində oturmuş ahıl birisi zəndlə süzdü maşını.
- Stiv, yankilərin məhəlləyə gələn insanı çox diqqətlə süzdüklərini, əlüstü polisə xəbər vermələrini bilirəm. Amma burada...
Rəfiqim güldü:
- Bura İngiltərədir və qonşularım lap düz edirlər. Sən yadsan, tanımırlar səni. Ona görə də bu cür davranırlar. Düşün: onların sənə etibar etməsi üçün nə etmisən?
İllər keçdi.
Avstriyada idi, Zalsburq şəhərində. Kafedə oturmuşdum. Bir də səs-küy qopdu. Sən demə, turistlərdən biri sümürdüyü siqaretin kötüyünü yerə atıb, kafedə olan üç müştəri də ona irad tutublar. Turist deyəsən, amerikalı idi. Yerli sakinlər olan müştərilər o amerikalını yaş yuyub quru sərdilər. Ki, nəinki bizə, Avstriyaya sayğın yoxdur sənin, siqaret kötüyünü yerə atmaq tərbiyəsizlikdir.
... Baxıram, Azərbaycanda koronavirusla bağlı gigiyenik qaydalara riayətə, maska taxmağa, sosial məsafə saxlamağa çağıranları sosial şəbəkələrdə lağa qoyurlar ən yaxşı halda. Ən pis halda isə "xalqa qarşı olmaq"da, "xalqın yanında olmamaq"da suçlayırlar, ittiham edirlər. Aqressivcəsinə. Kobudcasına.
Anlayıram, əzizlər. Aylardır karantin rejimi bitmək bilmir, havalar istidir, belə şəraitdə maddi sıxıntılar, mənəvi ağrılar, hirs, qəzəb, tətbiq edilən qadağalar və cərimələrin doğurduğu qıcıq.
Hər şeyi anlayıram.
Reha Muhtar təbiri olmasın, "amma"...
Belə davam edərsə, karantin rejiminin bitəcəyi gün üfüq təki biz ona sarı getdikcə bizdən uzaqlaşacaq.
Vətəndaşın məsuliyyətsizliyindən yazanı "xalqa qarşı çıxmaq", "xalqı aşağılamaq" cəhdlərində suçlayacağıqsa, yazıq bizə.
Stop - nə deməkdir axı bu "xalqı aşağılamaq", hə?! Dünya ədəbiyyatından oxuduğunuz dahiləri yada salın: onların əsərləri bəyəm sadəcə, mənsub olduqları etnosun təriflənməsi, bəh-bəhlə mədh edilməsidir?
Şarl de Kosterdən tutmuş, Mopassana, Molyerə, Şekspirə, Brextə, Qaşekə, Zoşenkoya qədər yüzlərlə münəvvər düşünər və yazar xalqın nöqsanlarından bəhs ediblər.
Mixail Bulqakov, Zoşenko, İlf və Petrov, elə Jvanetski kimdən bəhs edirdi, kimə sataşırdı?
Xalqın nöqsanlarını ələ salmaq idbarlıqdı, bu çatışmazlıqlardan kədərlə bəhs edib onların olmamasını istəməksə başqadı. Satira da deyirlər buna, belletristika da, romantistika da, publisistika da, jurnalistika da.
Sabir və yainki Axundov, Məmmədquluzadə bizə daha əzizdir, yoxsa adlarını çoxdan unutduğumuz, amma əsərlərində hərdaim "Ey mənim uca xalqım" tipli pərvərişləri sıralayan qafiyəpərdazlar?!
Hüseyni Cavid və ya Cəfər Cabbarlı kimi xalqımda olmaması gərəkən ünsürlərdən bəhs edəni tanıyırsınızmı?
Təbii, indi, karantin rejimində məsuliyyətli davranmağa çağıran kəslər nə Sabirdir, nə Qəmküsar, nə də Hacıbəyli.
Onlar istəmirlər belə olsun.
Hər halda mən belə düşünürəm.
Düşünmək istəyirəm.
Dünyanın bir sıra ölkələrində isə karantin rejimi bərpa olunmaqdadır.
İspaniyada hazırda təqribən 300 min insan sərt karantin rejimindədir.
Rəsmi Madrid ölkədə epidemioloji durumun nəzarət altında olduğunu bəyan etsə də, dünən Qalisiyada 70 min nəfər sakinin yaşadığı iki şəhərcikdə faktiki olaraq fövqəladə hal rejimi tətbiq olunub.
İspaniyanın Kataloniya vilayətində isə dünəndən etibarən küçəyə çıxanda tibbi maskadan istifadə məcburidir. Karantin rejimi qaydalarını pozanları 600 avro məbləğində cərimə gözləyir.
İtaliyada hakimiyyət dairələri rahatlaşmaqdan çox uzaqdır. COVİD-19 koronavirusu nəticəsində təxminən 35 min nəfərin öldüyü bu ölkədə karantin rejiminin bərpası istisna deyil.
İtaliyanın səhiyyə naziri Roberto Speransa deyib: "Savaş davam edir və infeksiya üzərində qələbədən danışmaq hələ çox tezdir. Situasiya gərginləşən kimi sürətli və sərt qərarlar qəbul etməyə hazırıq".
Qazaxıstanda karantin rejimi bərpa olunub. Ölkədə koronavirusa yoluxanların sayı isə 48500 nəfəri keçib.
Hindistanda da koronavirus pandemiyasının ikinci dalğası başlanıb. Ölkədə koronavirusa yolaxanların sayı 794 min nəfəri, ölənləri sayı 21604 nəfəri ötüb. Yoluxma sayına görə hazırda ABŞ və Braziliyadan sonrakı yeri məhz Hindistan tutur.
Meksikada koronavirus pandemiyasının ikinci dalğası yaşanır. Son sutkada ölkədə 7280 nəfər virusa yoluxub və beləliklə, Meksikada COVİD-19-a yoluxanların sayı 282283 nəfərə çatıb.
Avstraliyada böyüklüyünə görə ikinci şəhər olan, 5 milyon sakinə malik Melburn yaxın 6 həftədə karantin rejimində olacaq. Səbəb - koronavirusa yoluxanların sayının son günlərdə kəskin artımıdır.
Sakinlərə Melburnu tərk etmək yasaqlanıb, şosselərdə polis blok-postları var.
İsraildə də faktiki olaraq yeni durumdur. Son günlər ölkədə koronavirus pandemiyasının ikinci dalğası yaşanır. Bu səbəbdən yasaqlar bərpa olunmaqla yanaşı, ictimai yerlərdə maskasız olmağa görə cərimələrin məbləği də artırılıb.
Serbiya prezidenti Aleksandr Vuçiçin imzaladığı sərəncama görə, bu gündən etibarən paytaxt Belqradda komendant saatı elan ediləcək. Bu durum 3 sutka davam edəcək. Belqradda epidiemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar olaraq fövqəladə vəziyyət rejimi elan olunub. Mütəxəssislərin dediklərinə gbrə, noyabrda Serbiyada koronavirusla bağlı situasiyanın ən ağır dönəmi gözlənilir.
Özbəkistanda karantin rejimi yumşaldılandan sonra yoluxmaların sayının kəskin sürətlə artması səbəbindən yasaqlar və məhdudiyyətlər bərpa olunur.
Ötən sutka Özbəkistanda 379 yoluxma faktı qeydə alınıb. Bu səbəbdən ölkədə avtonəqliyyatın hərəkəti məhdudlaşdırılıb, bütün dövlət qurumlarına tədbirlərin keçirilməsi yasaqlanıb, məsafədən iş rejiminin tətbiqi və əməkdaşların məzuniyyətə göndərilməsi tapşırılıb. Bu gündən etibarən bütün toylar, ad günləri, yas mərasimləri və s. yasaqlanıb. Yaşı 65-i keçmiş şəxslərin ictimai yerlərdə olması qadağan edilib.
... Avropa ölkələrinin bir parasının karantin rejimindən çıxmasının, bir parasının da buna hazırlaşmasının əsas səbəbi dövlətin qərarları, hakimiyyətin davranışı olmadı, xeyr.
Hər şeyi vətəndaş məsuliyyti həll etdi.
Məsələn, Parisdə kafelər, restoranlar, bulvarlar, sinemalar açıqdır. Amma küçədə maskalıların sayı tibbi maska taxmayanların sayından total çoxdur, çünki tibbi maskadan istifadə insanların artıq könüllü seçimidir və onlar maskalıdırlar.
Londonda, Varşavada, Madriddə eyni vəziyyətdədir. Moskvada məhz vətəndaşların karantin rejiminə əksəriyyət etibarilə əməl etmələrinin nəticəsi kimi "maska rejimi"nin aradan qaldırılmasına qərar verilib.
Vətəndaşları məsuliyyətli davranmağa, karantin qaydalarına riayət etməyə çağırmaq, sayıq və ehtiyatlı olmağa, yaxınlarının qədrini bilməyə çağırmaq "xalqa qarşı çıxmaq" deyil.
Xalq kimdir? Mən, siz, hamımız. Özümüzü qorumalıyıq - xalqı seviriksə.
İndi koronavirusla savaşdayıq. Savaşda qorxaq da var, zəif düşən də. Onları tək qoymamalıyıq.
Bir olmalıyıq.
Birlikdə güclüyük biz...
Elçin Alıoğlu