Yazar Sevinc Çılğının 2019-cu ildə İstanbulu və məşhur Ayasofyanı ziyarət edəndən sonra yazdığı “İstanbul xatirəsi - Leyla” şeirini təqdim edirik. Şeirin Ayasofya çaları həm də günün mövzusu ilə səsləşir. Bildiyiniz kimi, artıq Ayasofya muzey deyil, məscid kimi fəaliyyət göstərəcək.
Sevinc Çılğın
“İstanbul xatirəsi - Leyla”
Hündür binaları göydən qəbir daşları kimi görünən şəhərdəyəm, Leyla
Quşlar şəhərində...
Sən anladın...
Yanındayam, Leyla, bir addımında
Hara getsəm, səni də özümlə daşıyıram, şah damarımda...
Göydən qəbir daşları kimi görünür hündür binalar
İtirəm Leyla, yenə itirəm
Ağlıma ilk gələn sən olursan
Özümü səndə axtarmağın adı nədi bilmirəm amma
İndi burdayam
İndi səndəyəm, Leyla
İndi mən bir az da Ayasofyayam, Leyla
Gündə beş dəfə oxunan azana məğlub olan yad qızı Ayasofya
Qağayılar uçuşur
Və hüzünlü axşam düşür üstümə
Görəsən gözlərinin yaddaşında qalarammı Leyla
Görəsən gözlərimin yaddaşında qalarmı Ayasofya
Məndən heç vaxt incimə Leyla
Məni həmişə bağışla
Bunu heç kəsdən istəmirəm Səndən başqa
Yol uzundu deyirsən
Gediləcək
Görüləcək yerimiz çoxdu deyirsən
Bilməm
Yetərmi ömür
Bitərmi ömür
İçimdə getmək və gəlməmək qorxusu var Leyla
Anlamıram
Bəs sən?
Hündür binaları göydən qəbir daşları kimi görünən şəhərə məndən salam söylə getsən
İstanbul – daha səninçün biraz da Sevinc xatirəsidir
Məni istanbul kimi xatırla, Leyla