“Türkiyə koronavirusun cənginə başqa ölkələrlə müqayisədə çox gec düşdü. Amma birdən-birə yoluxma və ölüm sürətlə artdı, vəziyyət gərginləşdi. Bununla belə indi epidemiya ilə bağlı statistika müsbətə doğru dəyişməkdədir. Sadəcə, hər şey dövlətin yürütdüyü siyasətdən asılıdır. Xüsusən də tibbi sığorta bu məsələdə mühüm rol oynadı”.
Bu sözləri Hit.Az-a İstanbulda yaşayan azərbaycanlı politoloq Ramiyə Məmmədova Türkiyənin pandemiya ilə mübarizədə əldə etdiyi nəticələrdən danışarkən bildirib.
Onun sözlərinə görə, Türkiyədə dərman və müalicə pulsuzdur, koronavirusa aid perparatların apteklərdə satılmasına rast gəlmək mümkün deyil: “Yalnız xəstəxanalarda həkimlər və tibb işçiləri xəstələri həmin dərmanlarla təmin edirlər, evlərə göndərirlər. Ona görə Türkiyədə virusla mübarizə pozitiv nəticə verməkdədir”.
Ekspert maarifləndirmə kampaniyasının da güclü təşkil olunduğu qeyd etdi: “Ölkənin səhiyyə naziri hər gün özü canlı yayıma çıxır, epidemioloji vəziyyət haqda real rəqəmləri açıqlayır, yoluxan, sağalan və ölənlərin sayı barədə xalq nazirin dilindən eşidir. Bu mənada Türkiyə Azərbaycandan fərqlənir.
Həmçinin, maarifləndirici reklam çarxları, sosial kampaniyalar yüksək səviyyədə hazırlandı, tibbi maska taxmaq, dezinfeksiya etmək, sosial təcridi gözləmək barədə qurulan təbliğat siyasəti effektiv oldu.
Bu baxımdan insanları evə qapatmaqla iş düzəlmir. Türkiyədə hamı sərbəstdir, baxmayaraq ki, yoluxma da var. Amma sosial izolyasiyanı gözləməklə Türkiyə virusla mübarizəni xalqın xeyrinə dəyişməyi bacarıb”.
Qeyd edək ki, Türkiyədə artıq sağalanlar yoluxanları sayca üstələyir.