Sentyabrda daha bir neçə bankın vəziyyəti pisləşəcək?

İQTİSADİYYAT
18:24 / 15.05.2020
1438
Mərkəzi Bank tərəfindən sentyabr ayına qədər bütün növ kreditlərdə ödənişin gecikdirilməsinə görə cərimələrin hesablanmaması bir sıra ekspertlərdə həmin tarixə qədər problemli kreditlərin kifayət qədər artacağı ilə bağlı fikirlər formalaşdırıb. Hesab olunur ki, problemli kreditlərin artması ilə daha bir neçə bankın maliyyə vəziyyəti pisləşəcək.
 
Məsələ ilə bağlı "MediaPost"a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi ki, Mərkəzi Bank tərəfindən istehlak krediti olan vətəndaşlara güzəştlərin verilməsi ilə bağlı tövsiyənin əsas məqsədi problemli kreditlərin yaranmasının qarşısını almaqdır:
"Pandemiya 20 fəaliyyət sahəsində çalışan vətəndaşlarımızın gəlirlərini azaldıb və onların ödəmə qabiliyyətinə təsir göstərib. Pandemiya və postpandemiya dövründə güzəştin verilməsi ilə Mərkəzi Bankın hədəfi vətəndaşların güzəştlərdən istifadə etməsi və onların sosial təminatının qorunmasıdır. Digər tərəfdən isə hədəf kommersiya banklarında problemli kreditlərin həcminin artmasının qarşısını almaqdır. Hər bir kommersiya bankı postpandemiya dövründə və ya oktyabrın 1-dən başlanan dövrdə həmin kreditlərin ödənilməsi ilə bağlı xüsusi bir yanaşmaya malik olmalıdırlar. Güman olunur ki, belə bir yanaşma tətbiq olunacaq. Çünki burada yeni ödəmə qrafikinin razılaşdırılması və onun ödəmə qrafikinə uyğun olaraq kreditlərin ödənişlərinin həyata keçirilməsindən söhbət gedir".
Millət vəkili güzəştin verilməsinin problemli kreditlər yarada biləcəyini düşünmədiyini bildirib: "Əksinə, bu, problemli kreditlərin həcminin azaldılması üçün bir vasitə ola bilər. Amma bütövlükdə sektorun sağlamlaşdırılması, Mərkəzi Bankın elan etdiyi kimi prioritetdir və güman olunur ki, növbəti dövrlərdə adıçəkilən qurum tərəfindən bankların qiymətləndirilməsi və buna uyğun olaraq bank sektorunun sağlamlaşdırılması siyasəti davam etdiriləcək. Burada məqsəd bankların likvidliyinin güclənməsi, daha güclü bank sektorunun formalaşması və bununla da bank sektorunun qeyri-neft sektorunun və bütövlükdə real sektorun inkişafında drayverə çevrilməsidir".
0