İyulun 12-si və 13-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək, hücuma keçməyə cəhd göstərib.
Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan ordusunun artilleriya və diversiya qruplarından istifadə etməklə törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun 4 hərbçisi şəhid olub, 4 əsgərimiz isə yaralanıb.
Düşmən sarsıdıcı zərbə ilə geri oturdulub...
HİT.Az xəbər verir ki, Modern.az saytı baş verən təxribatla bağlı Milli Məclisin deputatlarının mövqeyini öyrənməyə çalışıb.
Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, iyulun 12-də cəbhənin Tovuz istiqamətində baş verən hadisələr, erməni silahlı qüvvələrinin bölmələrinin artilleriyadan istifadə etməklə Azərbaycan ərazilərinə soxulmaq cəhdi bir daha Ermənistanın təcavüzkar siyasətini ortaya qoydu:
“Öncə onu qeyd edim ki, Azərbaycan Ermənistanla dövlət sərhədinin bu hissəsində sərhəd qoşunlarını yerləşdirməklə sülhsevər mövqeyini ortaya qoyub. Ermənistan isə bu hissəni döyüş əməliyyatlarının aparılması üçün hərbiləşdirib. Son hadisə zamanı dövlət sərhədimizi qoruyan qəhrəman hərbçilərimiz ağır silahlardan istifadə etməklə hücum etmək istəyən düşmənin cavabını layiqincə veriblər. Niyyətinə nail ola bilməyən düşmən əks zərbə ilə geri oturdulub.
Ermənistan zaman-zaman sülh danışıqlarından yayınmaq üçün cəbhədə təxribatlar törədib. Son hadisələr isə birbaşa Ermənistanın daxilindəki ziddiyətlərlə bağlıdır. Bu gün bir tərəfdən Ermənistandan daxili siyasi çəkişmələr pik həddə çatıb. Digər tərəfdən Paşinyan hökuməti koronavirusun sürətlə yayılmasının qarşısını heç cür ala bilmədiyinə görə daxili təzyiq və qınaqla üzə-üzə qalıb. Buna görə Ermənistan iqtidarı cəbhədə təxribatlar törədərək diqqəti daxili problem və ziddiyyətlərdən yayındırmaq yolu tutub. Bu işğalçı dövlətin köhnə oyunlarından biridir.
Əsas olan odur ki, hər belə təxribat Ermənistanın işğalçılıq siyasətinin ifşasını sürətləndirir, Azərbaycanın öz torpaqlarını azad etmək üçün siyasi və hüquqi baxımdan mövqelərini möhkəmləndirir. Tarixi başdan-başa saxtakarlıqlardan, xalqımıza qarşı soyqırımlardan, quldurluqdan ibarət olan cinayətkarlar, oğrular, saxta demokrat cildinə girmiş diktatorlar ölkəsi hər addımı ilə öz sonunu yaxınlaşdırır.
Bu günlərdə mətbuata açıqlamasında Prezident İlham Əliyev sülh danışıqlarının gedişatı ilə bağlı fikirlərini bildirirərək, dövlətimizin mövqeyini bəyan etdi. Görünən odur ki, Azərbaycan danışıqları imitasiya üçün aparmaq niyyətində deyil. Dövlətimizin başçısı müsahibəsinin sonunda “Heç kimin Aprel döyüşləri yadından çıxmasın!” fikrini də təsadüfən söyləmədi. Bəli, Azərbaycan nəyə qadir olduğunu artıq sübut edib. Ermənistanın siyasi-hərbi rəhbərliyi də ölkəsinin zəifliyini bilir və buna görə də indiki təxribatı məqsədyönlü şəkildə dövlət sərhədində törədib. Amma beynəlxalq situasiya elə bir mərhələyə doğru gedir ki, üzvü olduğu təşkilatlar belə Ermənistanı xilas edə bilməyəcək və işğalçı siyasətin son nöqtələrini Ordumuzun atəşləri qoyacaq”.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyevin sözlərinə görə, ermənilərin bu təxribatı törətməkdə məqsədi Tovuz və Gədəbəy zonasında bütün yüksəklikəri ələ keçirməkdir:
“Çünki onlar sərhədi pozmaq imkanına malik deyillər. Bu artıq beynəlxalq səviyyədə qınaq mövzusuna çevrilə bilər. Ona görə də çalışırlar ki, yüksəklikləri ələ keçirib orada qalsınlar. Tovuzla Ermənistan arasında sərhəd 69 km-dir. 69 km-də də çox mühüm strateji əhəmiyyət kəsb edən yükəskliklər var. O yüksəkliklər əsasən böyük layihələr olan Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi avtomobil yolu, dəmir yolunu nəzarətdə saxlamağa malikdir. Ona görə də bu yüksəklikləri ələ keçirməyə çalışırlar. Digər tərəfdən isə Ermənistan daxilində koronavirusla mübarizə, iqtisadi çətinliklər o qədər ağır vəziyyətdədir ki, mütləq şəkildə vətəndaşının başını bununla qatmalıdır. Eyni zamanda, Qarabağ kartı da oynanılmaqdadır. Artıq Paşinyanın kilsədən təcrid olunmasından sonra Qarabağ kartı gündəmə gəlib. Təxribatı Qarabağ ərazisində edə bilməməyə gəlincə, Qarabağ Azərbaycanındır və beynəlxalq təşkilatlar birmənalı şəkildə buna reaksiya verəcək.
Allah şəhidlərimizə rəhmət eləsin! Qeyd etmək istərdim ki, bütün yüksəkliklərə Azərbaycan ordusu nəzarət edir. Eyni zamanda, Tovuz, Gədəbəy, Qazax, Ağstafa sakinləri birmənalı şəkildə ordunun yanındadırlar. Hətta vuruşmağa belə hazırdırlar. Məsələ də odur ki, təxribatın bununla dayanacağını düşünmürük. Çünki həmin yüksəkliklər uğrunda mübarizə davam edir və bu, böyük siyasətdir. Təəssüf ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bir sutka keçməsinə baxmayaraq dəqiq açıqlama verməyib. Artıq deklorativ bəyanatlardan çəkinmək lazımdır və bu istiqamətdə müsbət addımlar atılmalıdır. Əks halda, lokal müharibələr böyük qlobal müharibələrə çevrilə bilər”.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov Tovuzdakı hadisənin ermənilərin vaxtaşırı törətdiyi növbəti təxribatlardan biri olduğunu qeyd edərək, düşmənin layiqli cavab aldığını deyib:
“Hücum edən və təxribat törədən tərəf darmadağın edildi. Həm canlı qüvvə, həm də hərbi texnika sarıdan çoxlu itkilər verdilər. Bu növbəti erməni məkri və təxribatı idi. Niyə bu hadisə Ermənistan-Azərbaycan sərhəddində, Tovuz-Qazax istiqamətində baş verir?! Bu da məqsədlidir. Məqsəd həmişə Azərbaycana qarşı qərəzli hay-küy qaldıran beynəlxalq qurumların, xüsusilə üzv olduqları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının diqqətini cəlb etməkdir. Ancaq o təşkilatın üzvlərinin tərkibinə nəzər salaq. Burada onlara ümid verən yeganə dövlət Rusiyadır. Belarus, Qazaxıstan və digərləri həmişə Azərbaycanın haqlı mövqeyini müdafiə edib. Ermənistanın bunda məqsədi odur ki, baxın, Azərbaycan bizim ərazilərimizə təhlükə yaradır.
Digər məqsəd bu gün Ermənistanda baş alıb gedən iqtisadi-siyasi sahədə olan böhran, ziddiyyət, gərginliklərdən diqqəti yayındırmaqdır. Bütün bunlar dünyaya məlumdur. Dünən ermənilər layiqli cavablarını aldılar. Bu sahədə səlahiyyətli olan qurumlar adından çıxış edə bilmərəm, ixtiyarım yoxdur. Bir vətəndaş kimi arzumu bildirib deyirəm ki, heç dayanmamalıyıq. Biz işğal altında olan ərazilərimizdəki təmas xəttində əməliyyatlara başlayıb, düşməni darmadağın etməli və torpaqlarımızdan çıxarmalıyıq ki, bu təxribatlara birdəfəlik son qoyulsun. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılara şəfa versin! Ailələrinə başsağlığı verirəm”.