“Rus NATO-su” Qarabağ müharibəsinə qarışmayacaq” – Moskvadan İrəvana mesaj

SİYASƏT
17:20 / 13.07.2020
4094

“Tovuz istiqamətində baş verənlər Ermənistan-Azərbaycan sərhədinin istənilən nöqtəsində, o cümlədən Naxçıvan nahiyəsində də yaşana bilər. Ona görə də ATƏT-in Minsk Qrupunun həmsədrlər yeni qurbanlara görə məsuliyyəti öz üzərilərinə götürməli və hətta vəzifələrini tərk etməlidirlər”.

HİT.Az xəbər verir ki, bunu tanınmış rusiyalı politoloq, Moskvadakı Elmi Tədqiqatlara Dəstək Fondu Ekspert Şurasının sədri Qriqori Trofimçuk söyləyib.

“Ermənistan-Azərbaycan sərhədində yaşanan olaylarla bağlı əsas bunu qeyd etmək istərdim: konkret halda Tovuz rayonunun Qarabağ münaqişəsi zonasından uzaqda olmasının heç bir əhəmiyyəti yoxdur, çünki Ermənistan və Azərbaycan ordularının qarşılıqlı hücumları birbaşa aşağıdakıların nəticəsidir: a) həll olunmamış Qarabağ probleminin; b) yalnız Rusiyanın köməkliyi ilə dondurulmuş, lakin etibarlı şəkildə dayandırılmamış “aprel” müharibəsinin bitməməsinin; c) münaqişə zonasında baş verənləri təsnif edə bilməyən Minsk Qrupunun məsuliyyətsizliyinin nəticəsidir, çünki nə 2016-cı ildə, nə də indi həmsədrlər təcavüzkarın adını çəkmir”, - deyə analitik qeyd edib.

Sözünə davam edən politoloq bildirib: “Bundan əlavə, vurğulamaq lazımdır ki, birincisi, Ermənistana rəhbərlik etdiyi ilk gündən Nikol Paşinyan israrlı və ardıcıl olaraq, Azərbaycanı yeni müharibəyə təhrik edib. Nədən ki, Bakıya qarşı danışıqlar prosesindən kənara çıxan qəbuledilməz tələblər irəli sürüb. Bu xüsusda mən həm Azərbaycan, həm də Ermənistan KİV-lərinə verdiyim onlarla müsahibəsində xəbərdarlıq etmişəm. İkincisi, 2016-cı il “Aprel” müharibəsinin nəticələri ilə əlaqədar keçirilən təcili beynəlxalq sammitlərdən sonra Azərbaycan problemin həllində axır ki, hər hansı real irəliləyiş görmədi. Buna rəğmən, ötən 4 il ərzində Bakı rəsmiləri heç bir demarş etmədən danışıqlar prosesində nizam-intizamlı şəkildə iştiraka davam etdilər. Odur ki, onları nədəsə günahlandırmaq çətindir. Bunlar mübahisə doğurmayan faktlardır”.

Trofimçukun fikrincə, danışıq aparmağın hər zaman mənası var, yalnız bir şərtlə: onlar təsirli və səmərəli olmalıdır, əks təqdirdə, bu format Paşinyanın “innovativ” Qarabağ tezisləri ilə yanaşı, Azərbaycanın müharibəyə təhrik edilməsi üçün daha bir motiv qismində çıxış edəcək.

Politoloqun sözlərinə görə, konkret məqamda, nəhayət ki, təcavüzkarın adı çəkilməlidir: “Yoxsa vəziyyət yenidən dalana girəcək. Hər iki tərəfdəki qurbanları ilə bağlı da tam aydınlığa ehtiyacı var. Beləcə, xarici qiymətləndirmə olmadan keçinmək mümkün deyil. Hər iki tərəf öz dəlillərini gətirir, lakin prinsipial şəkildə mühüm olanı bu cavabı nəzarətçi orqanlardan eşitməkdir. Eyni qurumlar danışıqların sonrakı gedişatı üçün də dəqiq bir plan verməlidir. Əgər heç kim əraziləri Azərbaycana qaytarmaq niyyətində deyilsə, bu barədə cəsarətlə və açıq demək lazımdır. Azərbaycan onda öz proqramına uyğun hərəkət edəcək. Amma baş verənlər üçün məsuliyyət, qeyd etdiyim kimi, təkcə Bakının üzərində qalmayacaq”.

Analitikin qənaətincə, bu dəfə də, 2016-cı ilin aprelindəki kimi, hərbi əməliyyatların dayandırılması və vəziyyətin sabitləşməsi ümidi yalnız Rusiya ilə bağlıdır: “Ona görə ki, müharibə Rusiyanın özünü də zəiflətmək üçün başqa ölkələrin əlinə işləyəcək. Belə fikirlər səslənir ki, madam döyüşlər bilavasitə Qarabağ zonasında getmir, onda Ermənistanın KTMT-ni (“Rus NATO-su” – Musavat.com) münaqişəyə cəlb etmək məqsədi var. Deməliyəm ki, bir çox erməni müşahidəçisi bunu gizlətmir də və KTMT-nin birbaşa müdaxiləsini gözləyir ki, təşkilatı daha bir sınaqdan keçirsin, onun müttəfiqlik üçün etibarlılığını yoxlasın. Zənnimcə, KTMT rəhbərliyinə belə yanaşma xoş olmayacaq, hərçənd insidentlə bağlı əlbəttə ki, açıqlama verəcək. Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına düşmən deyil, buna görə də bu bloku Ermənistan-Azərbaycan müharibəsinə cəlb etmək planı (əgər varsa) nəticə verməyəcək.

Gəlin etiraf edək: KTMT-ni müharibəyə cəlb etmək Qərb üçün faydalı olardı. Oralarda isə kimlər Ermənistanı və ya Azərbaycanı bu blokla müharibəyə cəlb etmək istəyirsə, düşünürəm ki, onlar özləri bir nəticə çıxaracaqlar, çünki bu, normal ağıl üçün qəliz məsələ deyil”.

Rusiyalı politoloq Ermənistan baş naziri Nikol Paşinyanın ziddiyyətli və təhlükəli personasından da danışıb. “Mən hələ 2018-ci ilin yazında demişdim ki, qərbpərəst liberal olan Nikol Paşinyan təkcə erməni əhalisinin özü üçün deyil, hər kəs üçün böyük problem olacaq.

Əvvəla, bu, bütün Cənubi Qafqaz üçün təhlükəsizlik problemidir. Əgər bütün Ermənistan baş nazirin arxasında dağ kimi dursaydı, vəziyyət daha sadə olardı: “Azərbaycan Ermənistana hücum edib” və bütün Ermənistan öz liderinə qələbə arzulayardı. Ancaq indi hər şey daha qarışıqdır. Prinsipcə, Paşinyan problemin həlli olmadan, Qarabağ problemi çözülə, vəziyyət sabitləşə bilməz. Ermənistan daxilində çoxları Paşinyana xarici cəbhədə də məğlubiyyət arzulayacaqlar. İstənilən halda, biz Qarabağ dramının yeni mərhələsindəyik, ancaq bu, əsla sonuncusu deyil. Hələliksə, biz son illərin Ermənistan-Azərbaycan döyüşlərinin belə bir məntiqi zəncirini düzəldə bilərik: avqust 2014 - aprel 2016 - iyul 2020 ... Son hələ ki, görünmür”, - deyə Trofimçuk əlavə edib.

0
Musavat.com