BMİ-dən həyəcan təbili: Dünyanı koronavirusdan daha təhlükəli bəla gözləyir

İQTİSADİYYAT
18:16 / 24.04.2020
2519
Koronavirus böhranını qlobal borc böhranı əvəz edə bilər. Çünki pandemiya dünya iqtisadiyyatında neçə illərdən bəri yığılmış problemləri daha da kəskinləşdirir. Bu problemlərin bəziləri ilə bağlı son 2 ildə beynəlxalq analitik mərkəzlər həyəcan təbili çalırdılar. Bu zaman əsas diqqət qlobal borcların həcminin kəskin şəkildə artmasına yönəldilirdi. Bu məsələ bir neçə dəfə Davos İqtisadi Forumunun da gündəliyinə salınaraq müzakirə olunmuşdu.
 
Beynəlxalq Maliyyə İnstitutunun (IIF) "Qlobal Borc Monitoru” hesabatına əsasən, 2019-cu ildə qlobal dövlət borclarının məbləği 10 trilyon ABŞ dolları və yaxud 4,1 faiz artaraq 255 trilyon ABŞ dollarına çatıb. Bu, 2008-2009-cu illərdəki qlobal maliyyə böhranı dövrü ilə müqayisədə 87 trilyon ABŞ dolları çoxdur və rekord həddir. Sənəddə deyilir ki, ötən ilin sonuna dövlət borclarının qlobal ümumi daxili məhsula (ÜDM) nisbəti 322 faiz olub. Maraqlıdır ki, bu nisbət inkişaf etməkdə olan ölkələrdə 220 faiz təşkil edib. Yeri gəlmişkən, bu ölkələr qlobal borcda 71 trilyon ABŞ dolları paya malikdir.
 
 
Qaynarinfo xəbər verir ki, IIF borcların yenidən maliyyələşdirilməsinin riskli olması barədə xəbərdarlıq edib: 
 
"4,3 trilyon ABŞ dolları inkişaf etməkdə olan bazarlarda olmaqla ümumilikdə 20 trilyon ABŞ dolları dəyərində qlobal istiqraz və kreditlərin müddəti bu il başa çatır. Beləliklə, təkcə inkişaf etməkdə olan ölkələr bu ilin sonuna kimi 730 milyard ABŞ dolları məbləğində xarici valyuta borcunu yenidən maliyyələşdirməlidir”.
 
Bu ilin əvvəlindən etibarən dünya iqtisadiyyatının lokomotivlərindən olan Çində, daha sonra Avropa, ABŞ və bütün dünyada koronavirus infeksiyasına qarşı tətbiq olunan radikal karantin tədbirləri qlobal borc problemini daha da kəskinləşdirməkdədir. Belə ki, inkişaf etmiş ölkələrin hamısı koronavirusa görə tədbirlər nəticəsində zərərçəkmiş iqtisadiyyat sahələri və əhaliyə nəhəng həcmdə vəsait ayırırlar. Eyni zamanda beynəlxalq maliyyə qurumları da borc kisəsinin ağzını açıblar. Məsələn, Beynəlxalq Valyuta Fondu kasıb və tədiyə balansında problemi olan ölkələrə vermək üçün 1 trilyon dollar ayırıb. Fonda 103 ölkə yardım üçün müraciət edib. Onlar arasında Gürcüstan, Ukrayna və sair ölkələr də var. 
 
 
Dünya Bankı isə ilkin olaraq bu məqsədlə 12 milyard dollar ayırıb.
 
Bu qurumlardan əlavə, ayrı-ayrı ölkələrdə də hökumətlər zərərlərin təsirini yumşaltmaq üçün külli miqdarda vəsait sərf edirlər. Dünyanın bir saylı iqtisadiyyatına malik ABŞ-da martın 27-də Konqresin hər iki palatasında müzakirələrdən sonra prezident Donald Tramp koronavirusun ölkəyə vurduğu zərərləri aradan qaldırmaq üçün 2 trliyon dollardan yuxarı olan birinci paketi təsdiqləyib. Daha sonra aprel ayında ABŞ Federal Ehtiyatlar Sistemi (FED) koronavirus pandemiyasından zərər çəkmiş iqtisadiyyata dəstək üçün yeni proqramın icrasına başlandığını elan edib. 2,3 trilyon dollarlıq tədbirlər paketinə kiçik və orta sahibkarlığın kreditləşdirilməsi, həmçinin ştatların hökumətlərinə dəstəyi də nəzərdə tutur. 
 
Avropa Birliyi üzrə pandemiyanın təsirlərinə qarşı mübarizə üçün 500 milyard avro məbləğ müəyyənləşdirilib. Lakin İspaniya, İtaliya kimi dövlətlər bu məbləğin 1,5 trilyon avroya qaldırılmasını təklif edirlər. Dövlətlərin borclanmasını asanlaşdırmaq üçün AB İqtisadiyyat və maliyyə üzrə Şurası (EKOFİN) Birlik tarixində ilk dəfə olaraq Stabillik və İnkişaf Paktının fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib. Qeyd edək ki, Stabillik və İnkişaf Paktı Birlik üzvü olan dövlətlərin büdcə kəsirini və dövlət borcunun həcmini tənzimləyir. Belə ki, Pakta əsasən, Birlik dövlətlərində büdcə kəsiri ölkənin Ümumi Daxili Məhsulunun 3 faizindən, dövlət borcu isə 60 faizindən yuxarı ola bilməz. Paktın icrasının dayandırılması üzv dövlətlərə lazım olan qədər kredit götürməyə imkan verəcək. 
 
Dünyanın ikinci nəhəng iqtisadiyyatının sahibi olan Çinin pandemiyadan zərərçəkən sektorlara dövlət dəstəyinin məbləği də trilyon dollarlarla ölçülür. Özü də bu ölkədə özəl sektorun borclarının ifrat həddə çatması ötən ilin əvvəlindən ciddi problemlərə yol açmağa başlamışdı.
 
 
Bu borclanmanın yaxın gələcəkdə dünyada yeni böhrana səbəb olacağı təhlükəsi isə getdikcə artır. Məsələ burasındadır ki, mərkəz banklar koronavirusa görə durğunluq yaşayan iqtisadiyyatı dirçəltmək üçün kredit şərtlərini asanlaşdırır, faizləri aşağı salırlar. Və bu kreditlərin hamısı geri qaytarılmaq şərtilə verilir: istər beynəlxalq qurumların dövlətlərə verdiyi, istər yerli hökumətlərin biznesə verdiyi. Beləliklə, pandemiyanın təsirlərindən çıxmaq üçün verilən külli miqdarda vəsaitin sonradan biznesin və dövlətlərin borc yükünün altından çıxa bilməməsi ilə nəticələnməsi təhlükəsi də böyüyür. Digər tərəfdən, inkişaf etmiş ölkələrin hökumətləri iqtisadiyyata buraxmaq üçün vəsaitləri də borclanma yolu ilə əldə edirlər. Təsadüfi deyil ki, qlobal borcun ötənilki artımının 60 faizi iki ölkənin – ABŞ və Çinin payına düşür. İnkişaf etməkdə olan ölkələrdə də artım az deyil – qlobal borcun həcmi 3,4 trilyon dollar da onların hesabına artıb.
 
IIF bildirir ki, pandemiyaya görə yenidən maliyyələşdirmə böhranının yaranması riski çox böyükdür: çoxsaylı ölkələr və şirkətlər artıq əvvəlki kreditlərini ödəmək üçün yeni borclanmalara gedə bilmirlər. İlin sonunadək 20 trilyon dollardan yuxarı istiqraz və kredit ödənməlidir. Bunun 4,3 trilyon dolları inkişaf etməkdə olan ölkələrin payıdır. Koronavirusa görə əlavə borclanmaya gedən bu ölkələrin ilin sonunadək 4,3 trilyon dolları ödəyəcəkləri qeyri-realdır. İşi çətinləşdirən amillərdən biri də budur ki, belə ölkələrə kredit ayıran iki əsas qurum – BVF və DB artıq öz vəsaitlərini koronavirus pandemiyasının zərərlərini qarşılamaq üçün ayırıblar. 
 
Dünya iqtisadiyyatı üçün əsas təhdidlərdən biri ABŞ-ın dövlət borcu ilə bağlıdır. 77 trilyon dollar olan bu borc ölkənin ÜDM-nin 327 faizi səviyyəsinə çatıb. Bunun 24 trilyon dolları dövlət istiqrazlarıdır. Bu istiqrazlar üzrə ödənişlərə ABŞ 2028-ci ilədək dövlət büdcəsinin 20 faizi həcmində vəsait yönəltməlidir. Bu arada ölkənin büdcə kəsiri də sürətlə böyüyərək ÜDM-in 4,6 faizinə - 1 trilyon dollara çatıb. 
 
"Bloomberg” agentliyinin proqnozuna görə, koronavirusun təsirlərinə qarşı tədbirlər büdcə kəsirini 3,5 trilyon dollara – ÜDM-in 16 faizinə çatdıracaq. 
Beynəlxalq reytinq agentliyi "Moody’s” də koronavirusa görə ABŞ-da büdcə kəsirinin təxminən bu həddə - ÜDM-in 15 faizinə çatacağını proqnozlaşdırır.  
Beynəlxalq Valyuta Fondu bildirir ki, iqtisadi böhran şəraitində böyük iqtisadiyyatlardakı korporativ borcların 40 faizi defoltla nəticələnə bilər. "Goldman Sachs” İnvestisiya bankı hesab edir ki, ABŞ-da iflasların sayı 2008-ci ilin maliyyə böhranındakından daha çox olacaq. 
 
Vəziyyəti çətinləşdirən amillərdən biri də budur ki, dövlət istiqrazlarının böyük əksəriyyətinin etibarlılıq əmsalı çox aşağıdır. 
 
 
"Standard Poor”sun hesablamalarına görə, hazırda investorların əlində 4 trilyon dollardan artıq dəyərində belə kağızlar var. 
 
İİF-in borc məsələləri üzrə mütəxəssisi Əmrə Tiftik vəziyyətin çox təhlükəli olduğunu deyir: 
 
"Biz partlamamış bombanın üstündə oturmuşuq və onun nə zaman işə düşəcəyini bilmirik. Bu partlayış baş verdikdə biz indiyədək olanlardan daha dağıdıcı iflas dalğası ilə üzləşəcəyik”. 
 
Koronavirus pandemiyasının qlobal iqtisadiyyata vuracağı zərərin məbləği ayrılan vəsaitlərdən qat-qat aşağı hesablanır. Məsələn, "JPMorgan Chase” analitiklərinin hesablamalarına görə, pandemiya dünyaya 5,5 trilyon dollar zərər vuracaq. Asiya İnkişaf Bankı isə bildirir ki, indiyədək dəyən zərər 4 trilyon dollara yaxınlaşır.
 
Bu fonda qlobal borc artmağa davam edir. IIF-in məlumatına görə, mart ayında dünyada suveren borc emissiyası 2,1 trilyon dollar təşkil edib. Hökumətlər pandemiyanın iqtisadi təsirlərini yumşaltmaq üçün vəsait tapmağa çalışıblar. 
 
İnstitut analitikləri hesab edirlər ki, birinci rübün sonu üçün qlobal borc əsasən qeyri-maliyyə sektoru hesabına 257 trilyon dolları keçəcək, ilin yekununda isə dünya ÜDM-nin 342 faizinə çatacaq.
0