“Bu vəziyyətdə ən çox diqqət etməli olduğumuz informasiya təhlükəsizliyi məsələləridir”.
Bu fikirləri millət vəkili Elman Nəsirov bildirib.
“İnformasiya təhlükəsizliyi məsələsində son dərəcə diqqətli olmalıyq. Biz döyüş cəbhəsində deyil, həm də informasiya cəbhəsində müharibə vəziyyətindəyik. Düşmənin “dezinformasiya maşını” gecə-gündüz işləyir və dezinformasiya istehsal edib dünyaya yayır. Belə vəziyyətdə vətəndaşlardan çox böyük məsuliyyət tələb olunur. İnsanlar Müdafiə Nazirliyinin yaymadığı məlumatlara inanmamalı və onları paylaşmamalıdır. KİV-lər də çox ehtiyatlı olmalı və yalnız rəsmi məlumatları çap etməlidir”, – deyə millət vəkili əlavə edib.
Qazet.az-ın suallarını cavablandıran millət vəkili Naqif Həmzəyev də ordunun işinə qarışmamağın vacibliyini vurğulayıb.
“Rəsmi olmayan heç bir informasiyanı yaymayaq. Unutmamalıyıq ki, Azərbaycan dilini bilən, Azərbaycan ad və soyadı ilə çox sayda fəaliyyət göstərən ermənilər var. Onlar birbaşa olaraq erməni kəşfiyyatına xidmət göstərirlər. Rəsmi təsdiqlənməyən heç bir məlumatı paylaşmamalıyıq”, – deyə N. Həmzəyev qeyd edib.
Cəbhədə baş verən hadisələrlə bağlı məlumat yayarkən aşağıdakı məqamlara diqqət yetirilməlidir:
– Şəhid və yaralılarla bağlı heç bir dəqiq olmayan məlumat yayılmamalıdır
– Döyüşlər zamanı çəkdiyiniz foto və videoları sosial şəbəkələrdə yaymaq olmaz
– Cəbhə bölgəsinə gətirilən hərbi texnika və silahlı qüvvələr barədə heç bir informasiya paylaşmaq olmaz
– Mütəmadi olaraq yaxınlarnızla telefon əlaqəsi edib son məlumatları vermək olmaz
– Azərbaycan hərbi sistemində olan zabitlərin hansı rayona və nə məqsədlə gəlməsini yazmaq olmaz
– Azərbaycan hava qüvvələrinin hansı istiqamətdə uçuş aparmalarını paylaşmaq olmaz
– Rəsmi olmayan heç bir məlumata inanmaq və paylaşmaq olmaz