Ermənilər niyə Tovuzu seçdi: Kreml izi varmı? - Politoloq incələyir

SİYASƏT
19:24 / 14.07.2020
12320

“Ermənilər daha bir ərazimizə iddia etməyə başlayıblar. Amma biz bunun Tovuz istiqaməti olduğunu proqnoz edə bilməzdik”. 

Bu fikri Hit.Az-a Türkiyədə yaşayan azərbaycanlı politoloq Ramiyə Məmmədova Tovuz istiqamətində gedən döyüşlər barəsində danışarkən bildirib. 

Ekspertin fikrincə, Tovuz hadisələrində paralel olaraq güclü informasiya müharibəsi gedir: 

“Ermənistan cəmiyyəti sanki mütəşəkkil təşkilatlanıb və daxildən informasiya blokadası tətbiq edib, nə mediası, nə azad bloqqerləri məlumat yayırlar, çoxsaylı itkiləri gizlətməyə çalışırlar. Yalnız bir polkovnik və bir mayor öldüyünü etiraf ediblər”. 

Siyasi şərhçinin sözlərinə görə, proseslərin maraqlı tərəfi Nikol Paşinyanın hakimiyyətə gəldiyi gündən bəri Ermənistan hərbi-siyasi rəhbərliyinin ilk belə təxribatının olmasıdır. 
“Serj Sərkisyanın iqtidarda olduğu aprel döyüşləri dövründən sonra belə şiddətli atışmalar, döyüşlər olmamışdı. Paşinyan ilk vaxtlarda özünü münaqişənin həllində maraqlı olan siyasətçi kimi göstərirdi.

Hətta belə imic formalaşdırırdı ki, Sərkisyan rejimi militarist bir hakimiyyət olsa da, onun hökuməti demokratik düşüncə malikdir, Qarabağ probleminin sülh yolu ilə həllinə tərəfdardır, sivil danışıqlar istəyir və s. 

Amma zaman keçdikcə ayrı-ayrı konfranslarda, hətta bizim ictimai fəallarla dialoqlarında Sərkisyan iqtidarına qarşı küçə hərəkatları təşkil edən qəzetçi Paşinyanı görmədik, daha şovinist xislətli bir siyasi iqtidara şahid olduq. Bu, həm də daxili auditoriyaya hesablanmış çıxışlar idi”. 

R.Məmmədova hesab edir ki, Ermənistan daxilindəki siyasi çəkişmələrdə Paşinyanın vəziyyət ağırlaşıb və keçmiş qüvvələr onu sıxışdırırlar: 

“Erməni cəmiyyəti Tovuz istiqamətində baş verənlərə görə Rusiyanı dəstək vermədiyi üçün dolayısı ilə qınayır. Türkiyənin Azərbaycana dəstəyi və Çavuşoğlunun açıq mövqeyi erməniləri hərəkətləndirib. Ki, niyə Rusiya da adekvat münasibəti onlara göstərmir. 

Türkiyə prezidenti Ərdoğan da Təhlükəsizlik Şurasını çağırıb və rəsmi Ankara mövqeyini ifadə edib. 

Amma Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı hələ ki bitərəf mövqedədir, təcili iclas da təxirə salınıb, atəşkəsi dayandırmağa çağırış edilib. İrəvan bu addımı Kremlin ona qarşı arxa çevirməsi kimi qiymətləndirir. 

Halbuki Rusiya özünü bu müharibədə heç bir tərəflə pis eləmək istəmir. Moskva İrəvana əsgəri dəstəyi verməyə başlasa, böyük müharibənin başlanğıcı ola bilər. 

Bununla belə, Rusiya Ermənistana forpostu kimi baxır və Putinin Paşinyandan xoşu gəlməsə belə, məsələ Rusiya-Ermənistan müttəfiqliyidir”.

0