Paşinyan niyə Tovuzda hücuma keçdi? – Fenenkodan şok təhlil

SİYASƏT
14:25 / 15.07.2020
6268

Azərbaycanla Ermənistan sərhədində yaranmış gərginlik İrəvanın Rusiya ilə əlaqələrinin qırılması istiqamətində davamlı addımlarının təzahürüdür.

Bu sözləri beynəlxalq məsələlər üzrə rusiyalı ekspert Aleksey Fenenko deyib.

“Bu, Ermənistanda 2018-ci il “məxməri inqilabı”nın nəticələri və Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə sıx bağlıdır. O, vəzifəsi Ermənistanı Rusiyadan uzaqlaşdırmaq olan bir siyasətçi kimi hakimiyyətə gəldi. İdeal variant isə KTMT və Avrasiya İqtisadi Birliyindən çıxmağa nail olmaqdır. Buna görə Qərbdə Paşinyana ümidlər bağlandı. Ermənistandakı daxili siyasi vəziyyətin kəskinləşməsinin eskalasiya ilə heç bir əlaqəsi yoxdur. “Məxməri inqilab”ın baş naziri onsuz da erməni xalqının həyatını yaxşılaşdırmaq niyyətində deyil. Onun qabağında heç kim konkret olaraq belə bir vəzifə qoymayıb.

O, Ermənistan və Rusiya arasındakı münasibətlərin pozulmasının detonatoru kimi işə salınıb. Bunun üçün də çalışır. Sərhəddə təxribat Paşinyana iki vacib məsələni həll etməyə kömək edir:

Birincisi, bu şəkildə, əslində 2016-cı ildə Qarabağla bağlı Vyana və Sankt-Peterburq müqavilələrini danmaq. Daha doğrusu, Qarabağ probleminin tənzimlənməsini daha miqyaslı bir çıxılmaz dalana salmaq.

İkincisi, indi Ermənistan bir daha KTMT-ni onu “qorumağa” çağırır və bu məsələdə Rusiyaya təzyiq göstərməyə çalışır, Rusiya və KTMT isə o qədər də həvəsli görünmür. Beləliklə, İrəvanın əlində bir kart-blanş yaranır ki, bir müddət sonra “Rusiya Ermənistanı qorumadı, ona heç bir hərbi dəstək göstərmədi” deyərək, NATO ilə əməkdaşlığı davam etdirsin və KTMT-dən uzaqlaşa bilsin.

Bu məqsəd Paşinyanı eskalasiyaya gətirib çıxardı. Eskalasiyanın baş verdiyi yerə diqqət yetirmək çox vacibdir. Bu yer Ermənistan tərəfindən xüsusilə seçilib.

Eskalasiya Qarabağ münaqişəsi zonasında deyil, birbaşa Ermənistan-Azərbaycan sərhədində baş verir.

Gəlin KTMT-nin 2016-cı il İrəvan Sammitinin nəticələrini xatırlayaq. Burada təhlükəsizlik zəmanətlərinin Qarabağa yox, Ermənistana şamil olunduğu açıq şəkildə ifadə olunmuşdu.

İndi Paşinyan sanki Rusiya və KTMT-nin öz öhdəliklərini yerinə yetirmədiyi təsəvvürünü yaratmağa çalışır.

Bu yaxınlarda, Ermənistanda yeni bir təhlükəsizlik strategiyası qəbul edildi ki, NATO ilə münasibətlərə xələl gətirməyərək Rusiya ilə əməkdaşlıq davam etdirilsin.

İndi Ermənistan hakimiyyətinin məntiqinə görə, Rusiyanın Ermənistana hərbi yardım göstərməkdən imtina etməsi onun NATO ilə əməkdaşlığının intensivləşməsini qanuniləşdirə bilər. Ermənistanın antirusiya və qərbyönümlü vektoru böyüyür”.

Fenenko deyib ki, Rusiyanın vəziyyətə reaksiyası son dərəcə təmkinli oldu:

“O, heç bir tərəfi dəstəkləmədi. “Rusiya Ermənistanı satdı” fəryadları ənənəvi strategiyadır. Ancaq İrəvanın növbəti addımı, çox güman ki, artıq Rusiya bazasını Ermənistandan çıxarmaq çağırışı olacaq. Artıq belə ifadələr səslənir. Ancaq başa düşmürlər ki, bundan sonra Azərbaycan və Türkiyə ilə üz-üzə qalacaqlar”. 

0
Axar.az