“Məmmədyarov Azərbaycandan kənara buraxılmamalıdır, çünki dövlət sirlərini bilir”

SİYASƏT
22:52 / 16.07.2020
1553

“Yüksək dövlət vəzifələri, o cümlədən nazir, komitə sədri postları siyasi vəzifələrdir. Belə vəzifələrə konkret sahə üzrə ixtisasa sahib olmayan şəxslərin təyin olunması təbii qəbul olunmalıdır”.

Musavat.com xəbər verir ki, bu fikir politoloq Elçin Mirzəbəyli Ceyhun Bayramovun Xarici İşlər naziri təyin olunmasına münasibət bildirərkən söyləyib.

Siyasi ekspert qeyd edib ki, bu, bütün dünyada belədir: “Nazir ilk növbədə yaxşı təşkilatçı, indiki məqamda ölkədə həyata keçirilən islahatların mahiyyətini yaxşı dərk edən, çevik qərar verə bilən, yaxud qərarların çevik icrasını təşkil etməyi bacaran, analitik təfəkkürü olan, regionda və dünyada baş verən proseslər barəsində ətraflı biliklərə, məlumatlara malik, əqidəli, prinsipial bir şəxs olmalıdır ki, bütün bu keyfiyyətlərin Ceyhun Bayramovda olduğunu düşünürəm.

Cənab Prezident də, şübhəsiz ki, belə bir strateji vəzifəni Ceyhun Bayramova həvalə edəndə, bütün bu və digər məqamları nəzərə alıb”.

E.Mirzəbəyli bu baxımdan, yeni nazirə böyük ümidlər bəslədiyini vurğulayıb: “Ceyhun Bayramovun Xarici İşlər Nazirliyində ciddi islahatlar apara biləcəyi, bu nazirliyi nəhayət ki, daim hərəkətdə olan, dinamik, çağırışlara zamanında cavab verməyi bacaran, hadisələrin arxasınca deyil, önündə gedən bir quruma çevirə biləcəyi qənaətindəyəm”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğu isə bildirib ki, əslində Elmar Məmmədyarov çoxdan istefaya getməli idi, əgər özünə hörmət edirdisə: “Ana dilində danışmağı bacarmırdı, Qarabağ məsələsində ortaya mövqe qoya bilmirdi. Mən illərdir bunu söyləyirdim. Tənqid edirdim ki, son onlayn konfranslarda dəxli olmayan məsələləri həmsədrlər və ermənilərlə müzakirə edirdi. Bunu dövlət başçısı da son çıxışında vurğuladı. Covid -19 mövzusunun erməni nazirlə müzakirələrə nə aidiyyəti var? Qarabağla bağlı heç bir sərt tələblər qoymurdu. Üstəlik, korrupsiya ittihamları ortaya çıxdı. Dünyanın ən bahalı şəhərində oğluna alınan milyonlarla dollarlıq evlərin izahatını verə bilmədi. Ona görə də əslində Məmmədyarovun işdən çıxarılması azdır. Bəlkə o, məsuliyyətə də alınacaq. Azərbaycandan kənara buraxılmamalıdır, çünki dövlət sirlərini bilir”.

Yeni təyinata gəldikdə, E.Şahinoğlu qeyd etdi ki, Prezidentin köməkçisi Hikmət Hacıyevin xarici işlər naziri təyin olunacağı proqnozlaşdırılırdı: “Prezident Hikmət Hacıyevin fəaliyyətini yüksək qiymətləndirir, gün ərzində onunla daima görüşür, fikir mübadiləsi aparır. Bu baxımdan Hikmət Hacıyevin prezidentin yanında olması vacibdir. Dövlət başçısının xarici işlər nazirini XİN-dən təyin etməməsi doğru qərar idi. Elmar Məmmədyarov nazir olduğu 15 ildə rəhbərlik etdiyi qurumu elə biabırçı vəziyyətə salıb ki, açığı diplomatlardan kimsəyə etibar etmək olmaz. Ona görə də mövcud diplomatlardan biri də nazir postuna layiq deyil. XİN-də korrupsiyadan tutmuş vətənə xəyanətə qədər nələr desən var”.

E. Şahinoğlu bir məqama toxundu: “Bəziləri deyir bu sahəyə peşəkar diplomat təyin olunmalı idi. Əslində Elmar Məmmədyarova da peşəkar diplomat idi. 80-ci illərin sonlarından bu peşə ilə məşğul olub, müxtəlif ölkələrdə müşavir, səfir olub, BMT nümayəndəliyində çalışıb. Amma gördük ki. Peşəkar diplomat bizə hansı problemlər yaratdı. Əsas odur ki. Münaqişə ilə bağlı problemi bilən adam olsun, Qarabağ məsələsi ilə bağlı Ermənistan və beynəlxalq təşkilatlar qarşısında məsələlər qaldıra bilsin, nazirlikdə idarəetməni bacarsın. Bunlar varsa, qalan məsələlər düzələndir. Yeni nazir Ceyhun Bayramovun ilk vəzifəsi XİN-də ciddi struktur islahatları aparması olacaq. Dövlət başçısının da qeyd etdiyi kimi XİN qohumbazlıq məkanından qurtulmalı, mühüm vəzifələrə millətini və dövlətini sevən, çalışmaq həvəsində olan kadrlar cəlb olunmalıdır. Yeni nazir Azərbaycan dilində səlis danışır, Təhsil Nazirliyində islahatlar aparıb. Hesab edirəm ki. XİN-də də islahatlar aparacaq. Çünki XİN qohumbazlıq nazirliyinə çevrilib. Kimin qohumu, oğlu varsa, ora işə düzəlib. Əminəm ki, bütün bunlara son qoyulacaq. Həmçinin danışıqlarda Azərbaycanın sərt mövqeyini həm həmsədrlər, həm də erməni həmkarı qarşısında qaldıracaq. Hər halda Ceyhun Bayramova müəyyən qədər vaxt vermək lazımdır ki, sonra onun gördüyü işlərə də qiymət vermək mümkün olsun”.

0