“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Türkiyənin “Hatayspor” klubundan təklif almasının təfərrüatları məlum olub.
Qol.az-ın əldə etdiyi məlumata görə, Qurbanovu yeni mövsümdən Superliqada çıxış edəcək “Hatayspor”a ilk olaraq klubun sabiq baş məşqçisi Fatih Kavlak təklif edib.
F.Kavlak Azərbaycan futbol azarkeşlərinə tanış addır O, bir zamanlar “Qarabağ”da Q.Qurbanovun köməkçisi, eləcə də “Qəbələ”nin baş məşqçisi işləyib.
F.Kavlakın təklifindən sonra danışıqlar bir neçə dəfə olmaqla davam etdirilib. Daha sonra danışıqlara klubun prezidenti özü də qoşulub. Əldə etdiyimiz xəbərə görə, "Hatayspor" rəhbərliyi ilə Q.Qurbanov arasında sonuncu danışıq dünən olub.
Qurban Qurbanov bu təklifə "yox" cavabı verib.
Qeyd edək ki, “Hatayspor" 2019/20 mövsümündə Türkiyə birinci liqasında çempionluğu rəsmiləşdirərək Superliqaya vəsiqə qazanıb. Klubun komandanın hazırkı baş məşqçisi Mehmet Altıparmakla yolları ayırmaq istədiyi bildirilir.