Bir əli Səfər Əbiyevin cibində olanlar...

14:35 / 20.07.2020
1735

Sabiq müdafiə naziri Səfər Əbiyev son günlər yenidən fəallaşıb. Ermənistanla sərhəddə baş verən qanlı döyüşləri və Azərbaycan xalqının mövzuya çox həssas yanaşmasını fürsət bilən S.Əbiyev mediaya boy-boy müsahibələr verməyə başlayıb. Digər tərəfdən də əllaltıları onun təlimatları ilə ordu rəhbərliyinə qarşı qara piar kampaniyası aparır.

Bu həmin Səfər Əbiyevdir ki, səngərdən erməniyə atılan hər gülləyə görə əsgərə və zabit heyətinə məhkəmə qururdu.

İndi isə utanmadan deyir: "20 ilə yaxın əsgərimizlə çiyindaş olduğum günlərdən onun qəhrəmanlığını, şücaətini, düşmən qarşısında əyilməz bir qürura sahib olduğunu öz gözlərimlə görmüşəm".

Məhz Səfər Əbiyevin zamanında orduda idarəçilik böhranı, intriqalar, əsgər ölümləri və sair neqativ hallar geniş vüsət almışdı.

Məhz onun nazir olduğu vaxtlarda orduya ayrılan vəsaiti öz biznes şəbəkəsinə ötürməsi nəticəsində şəxsi heyətin qida və təminatında böyük problemlər yaranmışdı ki, bu da əsgərlərin müxtəlif xəstəliklər tapması ilə nəticələnirdi. Bütün bunların da kökündə Əbiyevin dövlət tenderlərini öz biznes ortaqlarına ötürüb, xarici ölkələrdə mülklər sahibi olması dayanırdı. 

Ölkə başçısı, Ali Baş komandan İlham Əliyev son günlər bir daha ordu rəhbərliyinə - həm cənab nazir Zakir Həsənova, həm də qərargah rəisi Nəcməddin Sadıqova tam dəstək ifadə etdi. Prezident açıq-aşkar bildirdi ki, onun verdiyi hər bir əmr və təlimat Ordu rəhbərliyi tərəfindən tam qüsursuz yerinə yetirilib.

"Bizim şanlı ordumuz, bizim əsgərlərimiz, zabitlərimiz, hərbi komandirlərimiz bu günlər ərzində gecə-gündüz yatmadan iş başındadırlar. Mən Müdafiə nazirinə, Baş Qərargah rəisinə nə vaxt zəng edirəmsə, iş başındadırlar" - deyən Ali Baş Komandanın Orduya və rəhbərliyinə tam dəstəyi Əbiyevi və ondan təlimat alanları bərk narahat edib.

Təsadüfi deyil ki, 90-cı illərdəki xaosun, hərc-mərcliyin müəlliflərindən biri olan bəzi siyasətçilər də "səfərşinalıq" edir, ölkəni yenidən həmin dövrlərə qaytarmaq üçün çabalayır. Onlardan biri də Azərbaycan Demokratlar Partiyasının sədri Sərdar Cəlaloğludur.

Xural TV-nin Youtube kanalında danışan Sərdar Cəlaloğlu ara söhbətlərinə istinadla Ordu rəhbərliyi haqqında əsassız-sübutsuz iftiralar səsləndirib. Bir siyasətçi belə bir həssas məqamda nə qədər məsuliyyətsiz  olmalıdır ki, belə iftiralar səsləndirsin? İllərdir məhz elə Səfər Əbiyev dövründə məqsədli şəkildə ortaya atılan şayiələrin bu gün təzədən Sərdar Cəlaloğlunun dilindən səslənməsi təsadüf deyil.

Azərbaycan əsgərini mənşəyi naməlum qidalarla zəhərləyən, "dedovşina" və xəstəliklərin ağuşuna atan, tövləyə oxşar kazarmalara doluşduran Səfər Əbiyevi müdafiə etmək, indiki rəhbərliyin apardığı islahatları, əldə etdiyi uğurları görməmək üçün ya gərək kor olasan, ya da bir əlin Səfər Əbiyevin cibində...

Aslan, Hit.Az

0