Hazırda işləyən müəllimlər MİQ imtahanı verə biləcəklər? - AÇIQLAMA

ÖLKƏ
22:23 / 20.07.2020
1459

Təhsil Nazirliyinin bu il pandemiya vəziyyəti ilə bağlı olaraq müəllimlərin işə qəbulu imtahanlarına (MİQ) dair qaydalara dəyişiklik etməsi hal-hazırda işləyən müəllimlərin narazılığına səbəb olub.

Bununla bağlı redaksiyamıza müraciət edən orta məktəb müəllimi Azər Quliyev qeyd edib:

"Yeni qərara görə, hal-hazırda işləyən müəllimlər MİQ imtahanında iştirak edə bilməzlər. Bunu da onunla əsaslandırırlar ki, koronavirusla əlaqədar olaraq sıxlıq yaşanmasın. İkinci əsasları da odur ki, daha çox müəllim iş ilə təmin olunsun. Bu əsaslar məntiqsizdir. Çünki ali məktəblərə qəbul imtahanında 140 min insan iştirak edir. MİQ imtahanında isə cəmi 20 min insan iştirak edir və bunun çox az qismi işləyən müəllimlərdir. Qaldı ki, daha çox insanın işlə təmin edilməsinə. Bu halda ikinci iş yerini ləğv edə bilərlər və müəllimlər sərbəst şəkildə imtahana daxil ola bilər. Bizim istəyimiz odur ki, işləyən müəllimlər də imtahana daxil ola bilsin. Yüzlərlə müəllimin bu qərara etirazı var.

Məsələ ilə bağlı təhsil üzrə ekspert Elçin Əfəndinin fikirlərini öyrəndik. O bildirdi ki, sözügedən qərar insanların təhlükəsizliyini təmin etmək üçün verilib və düzgün qərardır:

"Verilmiş qərar sırf pandemiya vəziyyəti ilə bağlıdır. Kütləvi toplaşmanın qarşısının alınması məqsədi ilə Təhsil Nazirliyi bu qərarı verib. Hər il bu imtahanlar yalnız bir ünvanda – Bakı şəhərində keçirilirdi və 50-60 min insan iştirak edirdi. Lakin bu il virusla əlaqədar olaraq imtahanlar müxtəlif mərkəzlərdə keçiriləcək. MİQ imtahanında əvvəlki illərdə həm ilk dəfə müraciət edənlər, həm də hal-hazırda pedaqoji fəaliyyəti olanlar iştirak edə bilirdilər. Bu yeni qərara görə isə MİQ-də yalnız ilk dəfə müraciət edən şəxslər iştirak edə biləcək".

Eyni zamanda ekspert bildirib ki, hal-hazırda pedaqoji fəaliyyətdə olan müəllimlərin narahatlığına səbəb yoxdur, çünki yeni qərara baxmayaraq bu müəllimlər üçün də MİQ imtahanları nəzərdə tutulub:

"Bu qərarda çatışmayan məqam bundan ibarətdir ki, pedaqoji fəaliyyəti olan müəllimlər bu imtahandan kənarda qalırlar və bu onların etirazına səbəb olur. Lakin düşünsək ki, təhlükəsizlik qaydalarına riayət etmək və kütləvi toplaşmanın qarşısını almaq üçün bu qərar verilib, o zaman bu düzgün qərardır. Çünki həmin qərarda qeyd edilib ki, hal-hazırda məktəblərdə çalışan müəllimlər üçün də sentyabr və ya oktyabr aylarında MİQ imtahanları keçiriləcək.

Etiraz edən müəllimlər üçün qaranlıq qala bilər ki, o zamana qədər vakant yerlər qalacaqmı? Buna açıqlama verim ki, narahatlığa əsas yoxdur. Nazirliyin tapşırığına əsasən vakant yerlərin işlədilməməsi və üzə çıxarılması nəzərdə tutulub. Ona görə də, vakant yerlərlə bağlı sıxıntı yaşanmayacaq".

0
Metbuat.az