Tovuz təxribatının pərdəarxası: Məhərrəm Əliyev detalları açdı

SİYASƏT
15:15 / 23.07.2020
4094

HİT.Az Teleqraf.com-a istinadla Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyevin müsahibəsini təqdim edir:

- Məhərrəm müəllim, bildiyimiz kimi, işğalçı Ermənistana məxsus silahlı qüvvələr iyulun 12-dən başlayaraq bir neçə gün ərzində Tovuz rayonu istiqamətində təxribatçılıq əməllərinə yol verdi və Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək, onu geriyə çəkilməyə məcbur etdi. Sizcə, bu kimi əməllərin arxasında düşmənin daha hansı maraqları dayanmışdı?

- İlk öncə, hadisələr zamanı ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin ailələrinə baş sağlığı verirəm və səbr diləyirəm. Allah şəhidlərimizə rəhmət eləsin! Onlar öz qəhrəmanlıqları və şücaətləri ilə bir daha sübut etdilər ki, Azərbaycan Ordusu istənilən an, istənilən təxribata layiqli cavabını vermək əzmində və gücündədir.

Sualınıza gəldikdə isə demək istərdim ki, biz daha öncələr də, cəbhə xəttinin müxtəlif təmas zolaqlarında erməni işğalçılarının təxribatçı davranışlarının şahidi olmuşuq və onların törətdikləri əməllərinə qarşı Silahlı Qüvvələrimizin necə ağır və layiqli cavab verdikləri, düşməni susdurduqlarını görmüşük. Lakin, buna qədər daha bir faktoru diqqətə çatdırmaq istəyirəm ki, erməni işğalçılarının və onların rəhbərlərinin bu dəfə məhz Tovuz rayonu istiqamətindəki cəhdlərinin arxasında Azərbaycanın və Türkiyənin, eləcə də Gürcüstanın yer aldığı enerji layihələrinə zərbə vurmaq istəkləri dayanmışdı.

Bildiyimiz kimi, BTC, TANAP, BTQ kimi dünya miqyaslı nəhəng beynəlxalq layihələr məhz Tovuz rayonu istiqamətindən keçir və işğalçılar həmin istiqamətdə təxribat törətməklə, Ordumuzun nüfuzu ilə yanaşı, enerji siyasətimizə də zərbə vuracaqlarını düşündülər, ancaq göründüyü kimi dərindən və köklü şəkildə yanıldılar. Onların qarşısında güclü, qüdrətli, qələbə əzmli Azərbaycan Ordusu və bu Ordu ətrafında birləşən ümumxalq birliyi, sarsılmaz həmrəylik faktoru dayanmışdı. Düşmən nəinki geriyə çəkildi, eləcə də öz mövqelərini, silahlarını ataraq qaçmalı oldu. Bu gün Tovuz rayonu istiqamətindəki strateji yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altındadır və erməni işğalçılarının istənilən hərəkətləri müşahidə olunur.

Erməni tərəfinin daha bir məqsədi ölkədaxili siyasi və iqtisadi böhranın diqqətdən yayındırılmasına doğru yönəlmişdi. O cümlədən, Azərbaycanın diplomatik uğurları işğalçı ölkənin siyasi fıaskosunu sürətləndirirdi. Ona görə də, Tovuzda təxribat cəhdinə əl atmaqla həm daxilindəki narazılıqları, həm də beynəlxalq diqqəti Qarabağ mövzusundan yayındırmağa çalışdı. Nəticədə, Qarabağ mövzusu daha qabarıq şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdı və düşmən ikitərəfli məğlubiyyət məngənəsində sıxışıb qaldı. Yəni bu gün beynəlxalq siyasi aləm Azərbaycanın ədalətli mövqeyini dəstəkləməkdə davam edirsə, bu işğalçı Ermənistanın həm hərbi, həm də siyasi tənəzzülünün göstəricisi olaraq qiymətləndirilməlidir.

- Ermənistan eyni zamanda, bütün regional layihələrdən də kənarda qalıb...

- Sözsüz ki, belədir. Ermənistanın istər indiki, istərsə də əvvəlki siyasi rəhbərliklərinin yanlış, işğalçı, xəyanətkar və təcavüzkar siyasətlərinin nəticəsi olaraq bu ölkə bütün regional layihələrdən kənarda qalıb. Ermənistan xalqını aclıq və səfalətə məruz qoyan mövcud iqtidar indi nə edəcəyini bilmir, çıxış yolu da qalmayıb. Bayaq da dediyim kimi, Tovuz təxribatının əsas məqsədlərindən biri bu olsa da, düşmənin çirkin planı işə düşmədi. Başqa tərəfdən, biz onu da bilirik ki, xarici ölkələr qarşısında da etimadını itirən Ermənistan daim öz yanlışlıqlarının qurbanı olub. Hətta digər ölkələrdə yaşayan ermənilər sonradan xəyanət və satqınçılıq yolları ilə əsl üzlərini açıb-göstəriblər. Burada qanunsuz erməni silahlı qrup və təşkilatlarının Türkiyədə, Fransada, Gürcüstanda, Azərbaycanda və s. ölkələrdə törətdikləri terrorları da xatırlada bilərik. Təcavüzkarlıq və ultraşovinizm faktoru ermənilərin xislətində formalaşıb və əlbəttə, bu xisləti bilən, anlayan, dərk edən istənilən tərəf onlara heç vaxt etimad göstərə bilməz. Bu artıq müasir zamanımızın aksiomuna çevrilmiş danılmaz bir gerçəklidir. Bütün bunlardan sonra hansı normal ölkə və dövlət Ermənistanla hər hansı bir layihəyə, iş birliyinə imza atar? Əlbəttə ki, heç biri. Bu səbəbdən, yaşadığı ağır və çıxılmaz vəziyyətdən çıxması üçün Ermənistan dövləti və rəhbərliyi xəyanətkar, işğalçılıq siyasətindən əl çəkməli, mümkün olmayacaq iddialarını kənara qoymalıdır.

- Məhərrəm müəllim, son proseslərdə Azərbaycana göstərilən güclü beynəlxalq dəstək baxımından hansı fikirlərinizi bölüşərdiniz?

- Xüsusilə qeyd etmək istərdim ki, artıq Azərbaycanın haqq və ədalət səsi əsas beynəlxalq təşkilatlar, ayrı-ayrı nüfuzlu siyasi və dövlət xadimləri tərəfindən də eşidilir, dəstək alır. Bu xüsusda, Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin yorulmaz fəaliyyəti və möhkəm iradəsinin dayandığını xüsusilə vurğulamaq istərdim. Əbəs deyil ki, cənab Prezident bütün görüşlərində daim bu məsələyə toxunur, xalqımızın, dövlətimizin Ermənistanın torpaqlarımızı işğal etməsi faktı ilə heç vaxt barışmayacağını bəyan edir.

Dövlətimizin başçısı vurğulayıb və bu gün də vurğulamaqdadır ki, əgər qarşı tərəf buna son qoymasa, Azərbaycan ərazi bütövlüyünü təmin etmək, işğal altındakı torpaqları azad etmək, dövlət sərhədlərinin toxunulmazlığını qorumaq, mühafizə etmək üçün məhz onun tərəfində olan beynəlxalq norma və hüququndan tam istifadə etmək gücündə, qüdrətindədir. O cümlədən, düşmənlər unutmamalıdırlar ki, Azərbaycan Ordusu öz gücünü 2016-cı ilin aprel qələbəsində və 2018-ci ilin mayında Günnüt zəfərində düşmənə göstərdi və işğalçının layiqli cavabını ən sərt şəkildə verdi.

Məhz bu dəfə də Tovuz istiqamətində Ordumuz erməni təxribatının qarşısını sərt şəkildə aldı, bundan sonra da müvafiq, çevik tədbirlər nəticəsində düşmənə sarsıdıcı zərbələr vuracağını xatırlatdı. - Necə düşünürsünüz, bu kimi birmənalı dəstək ifadələri Azərbaycanın regionda və dünyadakı aparıcı rolu ilə əlaqəli ola bilərmi? - Sözsüz belədir. Azərbaycan beynəlxalq arenada bir çox sahələr üzrə aparıcı faktor, eyni zamanda təşəbbüskarlıq roluna malikdir. Lakin, mən bu məsələni eyni zamanda hərbi-siyasi baxışdan izah etmək istərdim. Diqqət yetirsək görərik ki, güclü Orduya, mükəmməl hərbi-texniki təchizata, peşəkar, hazırlıqlı canlı qüvvəyə və ən müasir hərbi sənaye imkanlarına malik olan Azərbaycanın Silahlı Qüvvələri beynəlxalq aləmin müxtəlif ordu reytinqlərini müəyyən edən cədvəllərində, sorğu nəticələrində yüksək mövqeyə sahibdir.

Ona görə də, nəzərə alsaq ki, bu zamana qədər Azərbaycan danışıqlar masasında oturubsa, hərbi güc, hərbi qüdrət faktoru da diqqətə alınıb. Lakin, Ermənistan rəhbərliyi göründüyü kimi, dalana dayandıqda dərhal təxribatçı əməllərə rəvac verir. Təcavüzkarlar yaxşı bilirlər ki, Azərbaycan Ordusu onlara necə ağır zərbələr endirəcək, ona görə, işğalçılar hələ də beynəlxalq aləmdən dəstək umurlar, amma hazırda - xüsusilə Tovuzda törətməyə cəhd göstərdikləri təxribatçı əməllərində növbəti dəfə yanıldıqlarının fərqinə varmağa başlayıblar. Çünki, dəstək görmədilər. Baxın, hətta Ermənistanın üzv olduğu KTMT hərbi-siyasi alyans olaraq onlara heç bir dəstək göstərmədi. Eləcə də, ermənilərin tələblərinin əksinə olaraq, növbədənkənar iclas belə baş tutmadı. Çünki, orada təmsil olunan ölkələr Azərbaycanla Ermənistanı tərəzinin gözünə qoyduqları zaman hansının ağır, hansının isə ümumiyyətlə çəkisiz olduğunu dərk edirlər.

Azərbaycan bütün ölkələrlə sıx təmasda, dostluq və əməkdaşlıq formatında uğurlu siyasət aparır, Ermənistan isə marionetölkə olaraq ancaq vassallıq təsiri altında qalmaqdadır və bu reallıq düşmənin çox yaxın zamanlarda hansı acınacaqlı vəziyyətə düşəcəyi ilə öz təsdiqini tapacaq. Ona görə də, müxtəlif uğursuz və ucuz təfəkkürlü bəyanatları ilə necə deyərlər, sudan quru çıxacaqlarını sanırlar.

- Məhərrəm müəllim, hadisələr baş verər-verməz qardaş Türkiyə dövləti dərhal və ardıcıl bəyanatlarla çıxış etdi, erməni işğalçılarını “ağıllı olmağa” çağırdı. Ümumiyyətlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi fonunda Türkiyə reallığını necə qiymətləndirərdiniz?

- Mən daha əvvəllər də demişəm ki, Türkiyə-Azərbaycan birliyi şanlı bir tarix kimi hər iki ölkənin şərəf səhifələrində qızıl hərflərlə yazılıb. Ermənistanın Tovuz istiqamətindəki təxribatından sonra qardaş ölkənin dövlət başçısı cənab Rəcəb Tayyib Ərdoğan, eləcə də müdafiə naziri sərt və dolğun bəyanat verdilər. Dediyiniz kimi, düşməni “ağıllı olmağa” dəvət etdilər. Bu həm də Azərbaycan və Türkiyə dövlətlərinin regional güc mərkəzi olduqlarının isbatıdır. Xüsusilə hərbi-siyasi və hərbi-sənaye baxımından ölkələrimiz arasında çoxsaylı əməkdaşlıq amilləri dayanmaqdadır. Azərbaycan Türkiyənin, Türkiyə də Azərbaycanın yanındadır.

Xatırlatmaq istərdim ki, Türkiyənin dövlət başçısı cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfər etdiyi zaman bu səfər çərçivəsində Prezident İlham Əliyev cənabları ilə çox mühüm müzakirələr aparıldı, ölkələrimiz arasındakı münasibətləri daha da möhkəmləndirəcək sənədlər imzalandı. Azərbaycan və Türkiyə dövlətlərinin həyata keçirdikləri birgə qlobal layihələrin hər biri istər regionda, istərsə də dünyada mühüm əhəmiyyət daşıyır. Məhz bu əhəmiyyətlərdən biri də hərbi-strateji əməkdaşlıq reallığıdır. Sirr deyil ki, buna qədər də ölkələrimiz arasında birgə hərbi strategiya bazası formalaşdırılıb və müxtəlif vaxtlarda hərbi xarakterli layihələr həyata keçirilib. O cümlədən, iki ölkə arasında müdafiə sənayesi sahəsində də yüksək səviyyəli əməkdaşlıq qurulub. Eyni zamanda, biz daha bir reallıqdan çıxış edərək, belə qənaətə gəlirik ki, ümumiyyətlə, hər iki ölkənin müxtəlif sahələrdə inkişafı, coğrafi mövqeyini gücləndirməsi, eyni zamanda, iki qardaş dövlət arasında hərbi sahədəki əməkdaşlıq regional təhlükəsizliyi təmin etmək baxımından önəmlidir. Çünki, Azərbaycan və Türkiyə hər sahədə tam bir müttəfiqdirlər.

Ona görə də, Azərbaycanın ərazi bütövlüyünə olan istənilən təhdid həm də Türkiyəyə qarşı yanlış siyasət kimi qiymətləndirilir. Düşünürəm ki, qardaş Türkiyə dövlətinin bu dəfə daha sərt və hərbi ritorikaya yaxın bəyanatları qeyd etdiyim faktorlara əsaslanmaqdadır. Əlbəttə ki, Azərbaycan dövləti olaraq biz də öz qardaşlarımızın bu addımlarından şərəf və qürur hissi keçiririk.

Daha bir məqamı da qeyd etmək istərdim ki, Prezident İlham Əliyevin “Qarabağ Azərbaycanındır və nida” tarixi bəyanatı, eləcə də, digər sahələrdə Ermənistanın baş naziri Nikol Paşinyana verdiyi və onu bütün mənalarda sarsıtdığı arqumentli cavabları Azərbaycanın yalnız hərbi deyil, həm də diplomatik cəhətdən işğalçılar üzərindəki üstünlüyünü ən bariz şəkildə isbatlayıb. Bu baxımdan, cənab Ali Baş Komandanımız münaqişənin ölkəmizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı çərçivəsində öz həllini tapmalı olduğunu inamla bəyan edir. Bax, bu inam amili də belə deməyə zəmin yaradır ki, Azərbaycan dövləti bilavasitə öz hərbi gücünə, hərbi potensialına güvənir. Yəni bu barədə danışarkən, Azərbaycan Silahlı Qüvvələrinin Cənubi Qafqazın ən güclü ordusu olduğu faktını da unutmamalıyıq.

- Hadisələr başlayar-başlamaz Azərbaycan xalqının milli həmrəylik nümayiş etdirərək Orduya dəstəyi barədə nə deyə bilərdiniz?

- Bilirsinizmi, bu çox önəmli bir hadisə oldu ki, xalqımız bir amaldan, bir mövqedən çıxış etdi. O cümlədən, Azərbaycan gənci hərbi vətənpərvərlik ruhundan qidalanmaqla Ordu sıralarına yazılmaq üçün irəliyə atıldı. Bu, çox fərəhli bir haldır və əlbəttə ki, biz bundan çox sevinirik, sonsuz həddə qürur duyuruq. Həmçinin, minlərlə vətəndaşlarımız Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə və şöbələrinə axın etdilər. Bu onu göstərdi ki, nə daxili, nə də xarici düşmənlərimiz heç vaxt belə bir hədsiz Vətən sevgisini, vətənpərvərlik ruhunu sarsıtmaq gücündə olmayıb, bundan sonra da olmayacaq.

Azərbaycan xalqı birmənalı olaraq cənab Ali Baş Komandanın ətrafında sıx birləşib və onun əmrlərini icra etməyə hazırdır. Bu reallıq, bu gerçəklik bizi növbəti qələbələrə, növbəti zəfərlərə doğru aparmaqdadır. Ancaq, biz düşmən tərəfindən nələri müşahidə etdik? Bu ölkənin hərbi-siyasi dairələri təxribat zamanı öldürülmüş əsgər və zabitlərinin sayını gizlətməyə çalışdılar və haqlı olaraq xalqın sərt etirazları ilə qarşılaşdılar. İnsanlar övladlarının işğalçılıq siyasətinin qurbanlarına çevrilməməsini erməni hakimiyyətindən tələb edirlər. Bu, onların məğlubiyyət əsaslarını təşkil edən daha bir sübutdur.

Yəni düşmən bilməlidir ki, onun istənilən təxribatı ağır məğlubiyyəti və rüsvayçı iflası ilə nəticəsini tapacaq. Azərbaycan xalqı və dövləti, Azərbaycan Ordusu buna qadirdir.

- Müsahibənizə görə çox sağ olun.

1