Eldar Mahmudov və dəstəsi 100 milyonluq biznesini idarə edir

ÖLKƏ
09:21 / 25.07.2020
2504

5 il əvvəl vəzifəsindən azad edilən, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq şefi Eldar Mahmudov və komandasının əksər üzvləri bu gün azadlıqdadır. 2015-ci ilin oktyabrında MTN-də həyata keçirilən ildırım sürətli əməliyyat zamanı ümumilikdə 20-yə yaxın “mahmudovçu” tutulmuş, keçmiş nazirin özü və komandasının rəhbər üzvləri ciddi nəzarət altına alınmışdı.

O günlərdə belə düşünmək olardı ki, ədalət nəhayət ki, zəfər çaldı. Azərbaycanda 11 il təhlükəsizlik naziri olmuş Eldar Mahmudov və komanda üzvlərinin tiranlığı axır ki, tar-mar oldu. İndi isə həmin günlərin hadisələrinin yaratdığı düşüncələrin, gəlinən nəticələrin illüziyadan başqa bir şey olmadığı aydın görünür.

Həmin günlərdə əksəriyyət düşünürdü ki, Eldar Mahmudovun üzə çıxan bir-birindən ağır qanunsuz əməlləri onun da yolunu həbsxanadan salmasına səbəb olacaq. Günlər keçdi, aylar ötdü, illər dolandı, Eldar Mahmudova toxunan olmadı. 1-2 dəfə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə çağırıb dindirdilər. Məhkəmədə barəsində cinayət işinin başlanması üçün xüsusi qərardad belə çıxarıldı, iş materialları prokurorluğa göndərildi. Amma faydasız oldu. Eldar Mahmudova toxunmadılar. Ətrafından istintaqa cəlb edilən, həbsə alınan əlaltılarının barəsində də ittihamlar üzrə ən yüngül cəzalar verildi.

Məsələn, həmin günlərdə evində bir kişi qadını ilə mübahisə zəminində ona ağır xəsarət yetirərdisə, barəsində Cinayət Məcəlləsinin 126-cı - qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanardı. İş ən humanist hakimin icraatına verildiyi halda kişini 6 il 6 aylıq həbsə məhkum edərdilər. Praktika göstərir ki, belə hallarda qoluna güc verən güclü cins nümayəndəsi “kalendar” oturmasa, Azərbaycan femidası onun yaxasından əl çəkməzdi.

Mahmudovçularla bağlı isə belə olmadı. Eldar Mahmudovun ən yaxın silahdaşı, “vuran əli”, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarov Cinayət Məcəlləsinin 10-dan artıq - qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda, mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə, quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə, hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə, vəzifə saxtakarlığı, bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda maddələri ilə ittiham olunub.

A.Çovdarov 2015-ci ilin dekabrın 14-də həbs edilib, 30 oktyabr 2017-ci ildə 12 il müddətinə azadlıqdan məhrum olunub. 6 aprel 2020-ci ildə isə prezident İlham Əliyevin əfv fərmanı ilə azadlığa buraxılıb. Cəmi 5 ilini həbsdə keçirib. “İçəridə” olduğu günlərdə ümumilikdə Azərbaycanda cəzaçəkmə yerlərində olan məhkumların 99,9 faizindən yaxşı şərtlərdə “oturub”.

Çıxandan sonra isə vəkili Kamandar Nəsibov “Yeni Müsavat”a açıqlamasında müvəkkilinin 8-ci kilometr bazarını sahibliyinə qaytarmaq üçün məhkəmə davası apardığını açıqlayıb. Yəni Akif Çovdarovun biznesi yerində qalıb və o, əlindən çıxan ayrı-ayrı obyektlərini də bu gün özünə qaytarılması üçün hərəkətdədir.

A.Çovdarovun kölgəsində qalan, onunla eyni gündə həbsdə çıxan digər “mahmudovçu” general Sübahir Qurbanovdur. O, işlədiyi müddətdə ölkədə qiymətli daş-qaşların biznesi ilə məşğul olan iş adamlarına nəzarət və onlarla MTN-də haqq-hesab məsələlərinə baxırdı. Sabiq MTN rəsmisi Eldar Mahmudovun şifahi göstərişi ilə ölkəyə brilyant daş-qaş, qızıl və digər zinət məmulatlarının idxalı sahəsində inhisarçılığın yaradılması prosesini başladıb. Bu iş  nazirliyin Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin keçmiş rəisi Sübahir Qurbanova tapşırılıb. O da öz növbəsində bu işlə məşğul olacaq dəstə yaradıb. Həmin dəstəyə polkovnik Füzuli Əliyevi başçı təyin edilib. Sübahir Qurbanovun işində isə iş adamlarından qanunsuz yolla ələ keçirilmiş məbləğ 40 milyon manatdan çoxdur. Sübahir Qurbanova qarşı Cinayət Məcəlləsinin qanunsuz azadlıqdan məhrum etmə, hədə-qorxu ilə tələb etmə, rüşvət alma kimi ümumilikdə 9 maddəsi ilə ittiham irəli sürülmüşdü. Həmin cinayət işi üzrə zərərçəkmişlərdən Saleh Səmədov İmişli Rayon İcra Hakimiyyəti başçısının keçmiş müavini, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin İmişli ərazi sınaq və sertifikatlaşdırma şöbəsinin müdiri idi. O deyib ki, 2003-cü ildə “Araz” MMC-ni təsis edib və az sonra cəmiyyətin istehsal müəssisəsi - İmişli konservləşdirilmiş şirələr və konyak zavodu işə düşüb. Onu MTN-ə çağırıb şirkətin vergidən yayındığını deyiblər, həbs olunmamasından ötrü 1 milyon dollar pul istəyiblər. O da 300 min dollar verməyə razılaşıb. Digər zərərçəkmiş Ağaisa Mahmudov isə “Bakı Telefon Rabitə” İstehsalat Birliyinin keçmiş rəhbəri Beytulla Hüseynovun (sabiq MTN naziri Eldar Mahmudovun qohumudur. Bir müddət həbs olundu, 2019-cu ilin martında azdlığa çıxdıb) villasını aldığına görə MTN-ə çağırıldığını bildirib. MTN-də ona saxta aksiz markalarından istifadə etdiyi deyilib və əvvəlcə bu məsələyə görə 50 min manat alınıb.

S.Qurbanov həmçinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri olmuş Vidadi Zeynalovdan aylıq paket almaqda da təqsirləndirilirdi. Sübahir Qurbanovun adı daha bir qalmaqallı işdə də keçirdi. Dövlət Bayrağı Meydanı İdarəsinin sabiq rəisi Rəşad Məmmədovun həbsi ölkədə böyük səs-küyə səbəb olan hadisələrdən biri idi. Onun MTN tərəfindən həbs edildiyi deyilirdi.

Rəşad Məmmədovun cinayət işi üzrə məhkəməsi davam edən ərəfədə MTN ləğv edildi. 1 ildən artıq həbsdə qalan Rəşad Məmmədov məhkəmə zalından azadlığa buraxıldı.

MTN ləğv edilən zaman məlum oldu ki, Sübahir Qurbanov Eldar Mahmudovun göstərişi ilə Zabil Salmanova zor tətbiq edərək Rəşad Məmmədovun əleyhinə ifadə alıb.

General bu ittihamları qəbul etməsə də, məhkəmə bütün bu ittihamların sübuta yetirildiyi qənaətinə gələrək onu 14 il müddətinə azadlıqdan məhrum etmişdi...

Eldar Mahmudovun özünün də bu baxımdan kefi kökdür. Mahmudov ailəsinin üzvləri Avropada təxminən 100 milyon avroluq biznes imperiyasını idarə edir. Bu ilin aprelində üzə çıxan məlumatlardan belə aydın olurdu ki, Mahmudovların Britaniya, İspaniya, Lüksemburq, Litva və Kiprdə daşınmaz əmlak biznesləri var. Əmlak və şirkətlər Eldar Mahmudovun 36 yaşlı oğlu Anar Mahmudov və 31 yaşlı qızı Nərgiz Mahmudovanın sahibliyindədir. Mahmudovlar əmlakların əcdadlarından miras qaldığını deyirlər.

Eldar Mahmudovun övladları Londonda məşhur “Harrods” dükanı yaxınlığında təxmini dəyəri 17.35 milyon funt sterlinqə - 40 milyon manata alınmış bir ev də daxil olmaqla, dəbdəbəli mülklər əldə ediblər. Həmin mülkün - idman zalı, spa, kinoteatrlı dördmərtəbəli binanın Londonun varlı məhəllələrindən birində, Knightsbrige-də yerləşir. Mahmudovların daşınmaz əmlaka Britaniyanın sahil şəhəri olan Paul və Bornemut şəhərlərində yerləşən ofis mərkəzləri də daxildir. Ofislərin ümumi dəyəri 13,5 milyon funt sterlinq - 30 milyon manat təşkil edib. Bundan başa Mahmudovların Maxorka (İspaniya), Lüksemburq və Litvada da əmlak və biznesləri var.

Bir müddət əvvəl Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi - OCCRP 2019-cu ilin noyabr ayında Man adasındakı “Cayman” Milli Bankının Ltd. (CNBIOM) ələ keçirilmiş və internetdə yayımlanmış müştəri sənədlərinə əsasən araşdırmasında Mahmudovlaırn biznesi ilə bağlı maraqlı detallar yer almışdı. Həmin bank sənədlərində bir şirkət vasitəsilə böyük məbləğdə pul köçürməsinin narahatlıq yaratdığı və buna görə araşdırma aparıldığı qeyd olunub.
Sənədlərdə deyilir ki, Cahangir Hacıyevin həbsi və Eldar Mahmudovun vəzifəsindən kənarlaşdırılmasından sonra “Cayman” Milli Bankında Mahmudovla bağlı hesablar bağlanıb. Amma bu, onun durumuna o qədər də təsir etməyib. Mahmudov və “mahmudovçuların” cənginə düşmüş hər kəs isə hələ də onlar tərəfindən atıldığı “quyu”nun dibindən çıxmağa cəhdlər göstərir...

0
Musavat.com